Medianın İnkişafı Agentliyinin layihəsi
Məlum olduğu kimi, xarici ölkələrin futbol komandalarında çalışan azərbaycanlı mütəxəssislərin sayı çox azdır. Onlardan biri də Sərxan Hüseynovdur.
S.Hüseynov Finlandiyanın "Honka" klubunun U-20 və U-17 komandalarının baş məşqçisidir. Onunla söhbətimizdə Finlandiyadakı fəaliyyəti və digər məsələlərə toxunduq.
- Sərxan bəy, necə oldu ki, Finlandiyaya getmək və orada işləmək qərarına gəldiniz?
- Hal-hazırda Finlandiyada, Espoo şəhərində yaşayıram. 2016-cı ildə universitetə qəbul olduqdan sonra Finlandiyaya köçmüşəm. Burada Haaga-Helia Universitetinin “İdmanın idarə edilməsi və idman məşqçiliyi” ixtisası üzrə təhsil almışam. Universitetdə diplom tezisimi ”Futbol oyununda komandaların cəza sahələrinə girişləri” ilə bağlı statistik analiz üzərinə tamamlamışam.
- Bəs, "Honka" ilə yolunuz necə kəsişib?
- "Honka"da çalışmağım 2019-cu ildə klubun əsas kişilər komandasında universitetdəki təhsilimlə bağlı qazandığım 2 aylıq təcrübə proqramı ilə başladı. 2 aydan sonra komanda ilə bütün mövsümün sonuna qədər davam etmək təklifini aldım. Bu zaman məşqçi olaraq başqa bir futbol klubunda da - “Espoon Palloseura"da işləyirdim. Həmin klub eyni zamanda "Honka"da analitik kimi çalışa biləcəyimə icazə verdikdən sonra işimə orada da davam etdim.
- Baş məşqçi fəaliyyətinizə necə başldınız?
- Mövsümün sonunda "Honka"nın U-20 və U-17 komandalarını çalışdırmaq təklifi aldım. Həm analizçi, həm də vacib 2 komandada baş məşqçi vəzifəsini birlikdə yerinə yetirmək demək olar ki, mümkünsüz idi. Çünki bunların hər ikisi də çox vaxt aparan peşələrdir.
- Və siz "Honka"nı seçmək qərarına gəldiniz...
- Bəli. Mənim qarşımdakı özüm üçün böyük bir seçim etmək qərarı idi. Bu zaman mən sahədə məşqçi olmaq, oyunçu inkişafına birbaşa təsir etməyi daha çox sevdiyimi anladım. Buna görə də, baş məşqçi təklifini qəbul etməyə qərar verdim. Bu təkliflə birlikdə 2020-ci ildən bugünədək "Honka"da U-20 və U-17-nin baş məşqçisi kimi çalışıram.
- Bəs, "Honka" Finlandiya futbolunda hansı yeri tutur?
- "Honka" Finlandiyanın ən böyük futbol klublarından biridir. Əsas kişilər və qadınlar komandalarımız ölkənin ən yüksək liqalarında çıxış edirlər. Uşaq və gənc yetişdirmədə isə hər yaşda ən yüksək dərəcəli liqalarında da "Honka" öz komandaları ilə təmsil olunur.
- Sərxan bəy, baş məşqçilik etdiyiniz komandalar hansı yarışlarda mübarizə aparırlar?
- Oğlanlardan ibarət U-20 komandam son 3 ilə "Finlandiyanın çempionları” liqasında, U-17-lər ilə isə 1-ci divizionda iştirak edir. “Finlandiyanın Çempionları” liqasına keçən illərin nəticəsindən asılı olmayaraq, hər il təsnifat liqası keçirilir, buradakı oyunların çətinliyi oyunçuların inkişafına daha da çox kömək edir. U-17 komandamızla son 3 ildə 1 dəfə çempion olmuşuq, 2 dəfə isə 2-ci yeri tutmuşuq. Nəzərə alsaq ki, bu komandaların heyəti yaş mədudiyyəti ilə bağlı hər il dəyişir, yenilənir, burada əsas məqsəd potensialı olan futbolçuların növbəti mərhələyə keçməsi üçün inkişaflara nail ola bilməkdir. 2022-ci ildə U-17 komandamızda olan bütün 2006-cı il təvəllüdlü futbolçuların daha yüksək səviyyədə oynayan komandalara transferinə nail olduq. Bu, əlbəttə, bir məşqçi kimi bizləri xoşbəxt edən amillərdəndir.
- Ümumiyyətlə, Finlandiyada futbol nə qədər sevilir?
- Burada buz hokkeyinin daha məşhur olmağına baxmayaraq, futbol ölkədə oynanılan ən geniş idman növüdür. Amma bu barədə ölkədə futbol mütəxəssislərinin tənqidləri də geniş yayılıb. Xüsusilə də, uzun və soyuq qış aylarında futbol məşqçiliyi üçün üstüqapalı meydanların kifayət qədər olmaması tez-tez tənqid edilir. Lakin üstüqapalı və altdan qızdırmalı meydanların da sayı ilbəil artır.
- Siz bu tənqidlərə necə yanaşırsınız?
- Mənim şəxsi müşahidələrimə görə tənqidlərin ən böyük səbəblərdən biri də məşqçi təhsilinə verilən yüksək önəm ilə bağlıdır. Finlandiya Futbol Federasiyası hər il müəyyən səviyyələrdəki məşqçiliklərlə bağlı yüzlərlə mütəxəssis yetişdirmə və məşqçi təhsilləndirmə proqramları həyata keçirir. Ölkə Avropada olduğu üçün məşqçilərin futbol yüksək inkişaf etmiş digər Avropa ölkələrinə daha asan çıxışı, oradakı metodolgiyalar ilə yaxından tanış ola bilmələri, öz bilik, bacarıq və təcrübələrini daha da zənginləşdirir. Bu isə öz növbəsində birbaşa oyunçulara daha müasir və yetərli məşq proseslərini tətbiq etmək imkanı yaradır.
- Finlandiyada uşaq futbolunun durumu necədir?
- Finlandiyada uşaq futbolu son illərdə sürətlə inkişaf edir. Bunun səbəbləri isə çox və müxtəlifdir. Məsələn, infrastruktur yaxşı uşaq və gənc futbolçu yetişdirməyə əlverişli vəziyyətdədir. Ölkənin ən ucqar regionlarından tutmuş, mərkəz regionlaradək futbolçu yetişdirmə infrastrukturu mövcuddur. Futbol meydanlarının əksəriyyəti də bələdiyyələrin sərəncamındadır, yəni, ictimaiyyətə açıqdır. Bu meydançaları futbol klublarının kirayəyə götürdüyü günün müəyyən vaxtlarından savayı, hərkəs sərbəst və ödənişsiz formada istifadə edə bilir. Futbol klublarının idarəetmə sistemləri də əlverişli vəziyyətdədir. Ölkədə bir çox universitetlər idmanın idarə edilməsi üzrə yüksək keyfiyyətli təhsil proqramları həyata keçirir. Hər il bu proqramlardan məzun olmuş mütəxəssislər futbol klublarının idarə olunmasında təmsil olunur. Bu da klubların ən önəmli strukturalarından olan maliyyə strukturunun effektiv idarə olunmasına təsir edir. Məsələn, Finlandiyada tam ştatlı bir futbol məşqçisinə onun zəruri ehtiyaclarını təmin edə biləcək bir maaş ödənilir. Bu səbəblə də futbolu inkişaf etmiş digər avropa ölkələrindən bir çox mütəxəssis və məşqçilər üçün Finlandiya cəlbedici iş ölkəsidir. Bu məşqçi və mütəxəssislərin gəlib ölkə futbolunda çalışması təcrübə alış-verişinin zənginliyinə böyük töhvə verir. Hal-hazırda Avropanın həm gənc, həm də əsas komandalarında Finlandiyada yetişmiş çoxlu futbolçular var və bu cür transferlər hər il artmaqdadır. Bunlarla yanaşı bəzi çətinliklər də mövcuddur. Finlandiyada futbolun daha da inkişaf edərək elit futbol ölkələri səviyyəsinə çatmağının qarşısında duran ən böyük mane baxış bucağıdır. Gənc oyunçuların həyatında böyük təsirə malik olan valideynlər futbolu profesional işdən daha çox, sağlamlıq vasitəsi kimi görürlər. Bu da öz növbəsində həm uşaqların fikirlərinə təsir edir, həm də onların məşq mövsümü ərzindəki tətil planları və həftəlik məşqlərə davamiyyət göstəricilərinin üst-üstə düşməməyinə gətirib çıxarır. Klublar isə bu barədə və digər mükün ola biləcək valideyn narahtlıqları haqda mütəmadi olaraq “Valideynləri futbolla təhsilləndirmə” kursları təşkil edirlər.
- Azərbaycan futbolu da sizin üçün yad deyil. Futbol baxımından Azərbaycanla Finlandiya arasındakı fərqlər nələrdir?
- Düşünürəm ki, bu sualın cavabını bayaqkı söhbətimizdən tapmaq olar (gülür). Ancaq, bugünkü dövrdə futbolun necə inkişaf etdirilməsi ilə bağlı suallara cavablar artıq sirr və ya mücərrəd deyil.
- Təəssüf ki, hələlik ölkəmizdə həmin inkişaf sezilmir.
- Azərbaycanda ilk növbədə keyfiyyətli və geniş miqyaslı məşqçi təhsili proyektlərinə başlamaqla, sonra isə infrastrukturlar inşa etməklə buna nail olmaq tamamilə mümkündür. Niyə öncə məşqçi təhsili? Çünki məşqçilər müasir məşq metodoligiyaları ilə təhsilləndirildikdən sonra onlar infrastrukturların çatışmazlıqlarından irəli gələn çətinliklərə də həll yolları tapa bilirlər. Futbolçu yetişdirmə üzrə yüksək inkişaf etmiş ölkələrin də təcrübələri bunu sübut edir. İnfrastruktur çətinlikləri bu və ya digər dərəcədə bütün ölkələrdə mövcüddur. Əlbəttə ki, hər iki proses, eyni sürətlə davam edərsə, bu daha yaxşıdır. Bütün bunlar ölkəmizdə uşaq və gənc futbolçu yetişdirilməsinə manedir. Amma genişmiqyaslı bir ilkin tədqiqat aparmaq vacibdir. Bu cür tədqiqatın nəticələri imkan verəcək ki, haradan başlamaq lazım olduğu müəyyənləşdirilsin? Finlandiyada, demək olar ki, hər məhəlləyə (6-8 km radiusda) 1, bəzən 2 futbol klubu və infrastruktur düşür. Uşaqlar sadəcə icitmai nəqliyyatdan və ya velosipeddən istifadə etməklə həftədə 3 və ya 4 dəfə məşqə rahat gedib gələ bilirlər. Futbol federasiyasının bütün il boyu təşkil etdiyi, qış, yaz və yay liqaları mövcüddur. Yerli kiçik klublar səviyyələrindən asılı olaraq bu rəsmi liqalarda mübarizə aparılar. Bu isə uşaqlar üçün əyləncə, motivasiya və həvəs, həm də özlərinə məqsədlər qoymaq, həqiqi bacarıqlarını müşayiət edə bilmək deməkdir.
- Sərxan bəy, 14 il əvvəli xatırlayaq. 2009-cu ildə "Honka" Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la qarşılaşmışdı. O "Honka" ilə hazırkı "Honka" və o "Qarabağ" ilə indiki "Qarabağ" arasında hansı fərqləri görürsünüz?
- Həmin oyun barədə burada tez-tez danışır, zarafatlaşırıq. Çünki həmin matçda "Honka"nın heyətində meydana çıxan iki futbolçu ilə hal-hazırda iş yoldaşlarıyıq. Bakıda Qurban Qurbanovla görüşümdə də “Honka"da məşqçi işlədiyimi öyrənəndə bu oyun barədə danışmışdıq. 2009-cü ildən bəri hər iki komandada bəzi şeylər müsbət mənada çox dəyişib. "Qarabağ" Avropada çox tez-tez qrup mərhələlərində çıxış edən bir komandaya çevrilib. Azərbaycan futbolu üçün böyük nailiyyət sayılan transfer siyasəti işlədirlər. "Honka"da isə əsas komanda Finlandiya daxilində ən güclülərdən biri olmağı və 3 dəfə Avropa çempionatları təsnifat oyunlarında çıxış etməyi bacarıb. Artıq 4-cü üçün də haqq qazanıblar. Bu nailiyyətlər 2009-cü ildəki səviyyələri ilə müqayisədə hər iki klub üçün inkişaf davamlılığı əhəmiyyətini daşıyır.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi