"Yəqin Samir müəllim bu komandalarda işləyəndə çətinlik çəkir" - Ayxan Abbasov

"Yəqin Samir müəllim bu komandalarda işləyəndə çətinlik çəkir" - Ayxan Abbasov
PREMYER LİQA 28 Oktyabr 2022 / 18:29 3278
-  A +

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 12-ci turunda evdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. O, komandasının qələbəsi barədə bunları deyib:

- Evdə qələbə qazanmaq, azarkeşlərimizi sevindirmək istəyirdik. Futbolçularımız sağ olsunlar ki, bunu bacardılar. Azarkeşlərimizə verdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm. Çünki oyunun kritik anında kimin ev sahibi olduğu bilindi. Komanda sonda yorulmuşdu. Fanatların dəstəyi, səbirli olmaqları bizə kömək etdi. Oyuna gəldikdə, “Sumqayıt”ın son turda “Zirə” ilə matçda yaxşı təsir bağışlamışdı. Buna görə bilirdik ki, bizi ağır oyun gözləyir. Bəlkə də istədiyimiz sürət olmasa da, meydanın hər qarışı uğrunda mübarizə var idi. 1 qol oyunun taleyini həll edə bilərdi. Sevinirəm ki,  yekunda qələbə qazandıq. Heyətlə bağlı çətinliklərimiz olsa da, xarakter nümayiş etdirdik. Hər xal bizim üçün vacibdir. Turnir cədvəlində bizdən aşağıda olan komandalara məğlub olmamalıyıq.

Həmçinin oxuyun: "İndi Avropada "Qarabağ"ın qarşısına dura bilən yoxdur" - Ayxan Abbasov

- Samir Abbasov bugünkü görüşü I divizion səviyyəsində oyun adlandırdı. Bu fikirlə razısız, yoxsa bu fikri sizin komandanızın qələbəsinə kölgə salmaq kimi qəbul edirsiz? 

- Yəqin Samir müəllim “Neftçi”dən sonra səviyyə baxımından aşağı komandalarda işləyəndə çətinlik çəkir.Bu gün meydanda mübarizə var idi. Mən I divizion sözünü deyə bilmərəm. Hər komandanın öz məqsədi var. Bizim də istəyimiz mübarizə aparmaqdır. Bəzi gerçəkliklər var, onları qəbul etmək lazımdır. Biz klub olaraq inkişaf etmək istəyirik. “Turan Tovuz”un gələcəyi, inkişafı üçün bu periodu keçməliyik. Təbii ki, zəif oyunlar da olacaq, futbolçular səviyyələrindən aşağı da çıxış edəcəklər. Yüksək səviyyəli oyun üçün başqa şərtlər lazımdır. 

- Bugünkü qələbə sayəsində xallarınızın sayı 15-ə çatdı. Qələbə sayəsində azarkeşləri sevindirirsiniz. Bu uğurlu çıxışın qarşılığında icra başçısı, tovuzlu iş adamları komandaya diqqət göstərirlər, maddi yardım edirlər? Ümumiyyətlə, maraqlanan, komandaya kömək göstərmək istəyənlər varmı?

- Əlbəttə, maraq var. Bu komandanı Oqtay Abdullayev və Nadir Nəbiyevlə birgə üçümüz qurmuşuq. Futbolçularımız sağ olsunlar ki, büdcənin hələ tam bəlli olmadığı vaxtda bizə inandılar, Tovuza gəlməyə razılıq verdilər. Bundan sonrakı işimiz komandanın böyüməsi, daha da inkişaf etməsidir. Bunun üçün isə təbii ki, kömək lazımdır. İcra başçısı sağ olsun, komandanın ən çətin vaxtında təlim-məşq toplanışına getməsi üçün köməklik göstərdi. Bəlkə də həmin toplanışa getməsəydik, komanda bu qədər hazır olmazdı. Mükafat və digər bəzi xırda məsələlərdə köməklik edirlər. Ümid edirik ki, bu qələbələr iş adamlarında da həvəs oyadar. Lakin indiki məqamda əsas güc rəhbərliyə düşür. 

 - Qələbə qolundan sonra Ayxan Abbasovun “sevinc partlayışı” nəyə görə idi? Şəhriyar Əliyev də qol sevincini məhz sizinlə bölüşdü.

- Partlayış deməzdim. Mən ümumən hər qola çox sevinirəm. Amma onu da deyim ki, bu qol bəzi adamlara ismarıc idi. Öz mesajlarını aldılar. 

- “Turan Tovuz”un oyunları nədənsə həftə arasına düşür. Halbuki Tovuzda azarkeş potensialı böyükdür. Bu məqam komandanıza qarşı dırnaqarası təxribat deyil ki?

- Yox, elə deməzdim. Bizim noyabrın əvvəlində təxirə salınmış oyunumuz var. Gələn tur “Şamaxı” ilə üz-üzə gələcəyik, daha sonra noyabrın 9-da “Qarabağ”la təxirə salınmış oyunumuz olacaq. Daha sonra isə Gəncəyə yollanacağıq. Milli komandaların oyunlarına görə çempionatda fasilə yaranacaq və buna görə “Kəpəz”lə oyunun vaxtını dəyişmək mümkün deyil. 

- Qısa müddətdə Tovuzda 3 oyununuz olacaq. Biri bu gün keçirildi, daha ikisini isə qarşıdakı günlərdə oynayacaqsız. Bu qrafik komandaya necə təsir edəcək?

- Yaxşı qrafikdir. Düzdür, futbolçular yüklənəcək. Bizi narahat edən əsas məsələ zədələr, xəstəliklərdir. Çünki bəzi mövqelərdə ehtiyat oyunçumuz demək olar ki yoxdur. Xüsusən də cinahlarda.  Bu gün də meydanda cinah müdafiəçimiz yox idi. Rotasiyalar sayəsində vəziyyətdən çıxmağa çalışırıq. Lakin çətinliklər barədə çox danışmaq istəmirəm. Çünki vəziyyəti bilib gəlmişəm. İndİki mövsümdə komandanı qurmağı hədəfləyirik. 

- Heyətdəki problemlərə görə kubokla çempionat arasında seçim etməyiniz mümkündür? Yoxsa hər iki cəbhədə sona qədər mübarizə aparacaqsınız?

- Kubok oyunu fasilədən sonra olacaq. O vaxta qədər vaxt var. Tam heyətlə oynasaq, sona kimi mübarizə aparacağıq. İndiki halda gənclərə də şans veririk. Bir neçə futbolçu var ki, onları bugünkü gündə qazanırıq. Bəlkə də bu gün Premyer Liqada komanda sayı artmasaydı, həmin oyunçular I divizionda mübarizə aparacaqdılar. 

- Komandaya sponsor tapılsa, bu gənclərlə yola davam edəcəksiz, yoxsa legionerlərlə güclənəcəksiz?

- Yayda qarşıma hansısa məqsəd qoysaydılar, söz verməzdim. Amma bu gün çempionatda elə komandalar var ki, büdcələri bizdən çox olsa da, turnir cədvəlində onlardan yüksəkdəyik. Komanda qurmaq asan məsələ deyil, hətta deyərdim ən çətin işdir. Bunun üçün vaxt lazımdır. Sponsor tapılsa, daha da inkişaf edərik.  “Sumqayıt”da da Konfrans Liqasında 3 gənclə mübarizə aparırdım. Yaxud bu gün “Sabah”da, “Neftçi”də, “Zirə”, “Qarabağ”da da gənclər oynayır. Yaxşı gənc olanda, legionerlə rəqabət apara bilirsə, məşqçi ona güvənəcək.


Son xəbərlər