Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Bugünkü mövzumuz Azərbaycanın uğur qazanmış, çempionluq titullarına yiyələnmiş idmançıları haqqındadır. Onlar bu səviyyəyə gələnədək hansı yollardan, proseslərdən keçir, hansı əziyyətə qatlaşır?
Əlbəttə, bu kimi sualların cavabını tribunadan, televiziya ekranından yarış izləyən azarkeş tam bilmir və hiss etmir.
Qol.az saytına danışan sərbəst güləş üzrə üçqat dünya və üçqat Avropa çempionu, Yay Olimpiya Oyunlarının gümüş və bürünc müfakatçısı Hacı Əliyev deyir: “Çempion kimi yetişmək üçün bizə həqiqətən də uzun müddət lazımdır. Heç kim övladını idmana yönləndirəndə onun yeniyetmə yaşlarında böyük uğur qazanacağını gözləmir. Çünki ən böyük uğurlar 20-25 yaşlardan sonra başlayır. Bu uzun müddət ərzində məğlubiyyətə də, haqsızlığa da dözmək lazımdır. Həqiqətən də bu yol çox çətindir. Kim bu yolda sonadək səbr edib, dözürsə, böyük uğurlar qazanır”.
Hacı Əliyev güləşçi olmaq, formalaşmaq üçün keçdiyi çətinliklərdən də danışıb:
“Ümumiyyətlə, bütün idmançılar bütün çətinliklərdən keçirlər. İstər məşq prosesində, istərsə də maddi cəhətdən problemlərlə üzləşmişik. Evsizliklə, maddi sıxıntı ilə sözsüz ki, bütün idmançılar üzləşib. Elə mən də belə çətinliklərdən keçmişəm. Doğrudan da böyük problemlərim olub. Çox çətinliklər yaşamışam. Amma məşqlərimi eyni qaydada davam etdirmişəm. Bunu hamı bilir. Uzun müddət ərzində Bakıda başqa evlərdə qalmışam, əziyyət çəkmişəm”.
Əliyev dəfələrlə zədəli halda məşqlər etdiyini, yarışlara qatıldığını da bildirib: “Bütün məşq proseslərim yadımdadır. Yeniyetmə dövrümdən indiyədək harada olmuşam, hansı təlim-məşq prosesləri keçmişəm, hamısını xatırlayıram. Aldığım zədələr, çəki salmaq müddətində çəkdiyim əziyyətləri unutmaram. İstər gözümdən, istər qabırğamdan, istər dizimdən, barmaqlarımdan, ümumiyyətlə, bədənimin hər yerindən zədələr almışam. Amma elə o şəkildə də məşqlərə qatılmışam. Hətta bu zədələrlə yarışlara da çıxmışam. Doğrudan da çəkdiyimiz əziyyətlər heç vaxt yadımızdan çıxmaz”.
Hacı Əliyev bildirib ki, onun yetişməsində bir çox məşqçinin rolu olub: “Mənim yetişməyimdə valideynlərim hər zaman yanımda olublar. Amma şəxsi məşqçilərim də olub. Elmar Əzimzadə və Qırxlar Bədəlovun əziyyətini qeyd etməliyəm. Doğrudan da onların mənim üzərimdəki əməyi böyükdür. Bundan sonra isə milli komandaya dəvət olunmuşam. Artıq orada yığmanın məşqçiləri ilə çalışmışam. Firdovsi Umudovun, Zəlimxan Hüseynovun, Saypulla Absaidovun dövrlərində, indi isə Namiq Abdullayevin vaxtında yaxşı nəticələr qazanmışam. Qeyd edim ki, bu qələbələri onların hər birinə, yeniyetmə dövründən idniyədək mənim üzərimdə əziyyəti olan bütün məşqçilərə borcluyam”.
Əliyev qeyd edib ki, idmançı çempion kimi yetişmək üçün əvvəlcə tərbiyə və əxlaqa sahib olmalıdır: “Çempion olmaq üçün ilk növbədə tərbiyə, daha sonra düzgün yetişmək lazımdır. İdmançının tərbiyəsi olmasa, heç bir nəticə əldə edə bilməz. Ola bilər ki, bir yerə qədər kiçik uğur qazanar, amma daha sonra ardı gəlməz. Tərbiyəsi, əxlaqı, qayda-qanunu olmayan idmançı heç vaxt irəliləyə bilməz. Məşqçilərin sözünə qulaq asmaq, onların dediyindən daha çox çalışmaq lazımdır”.
Hacı son olaraq “Çempion olmurlar, çempion doğulurlar” ifadəsi ilə razılaşmadığını vurğulayıb:
“Mən bu fikirlə razılaşmıram. Sözsüz ki, insan dünyaya gəlmədən öncə Allah onun qismətini yazır. Sadəcə olaraq mən deməzdim ki, çempion doğulurlar. Çox idmançılarımız çempionluq qazanıb, əziyyət çəkib. Məncə çempion olmaq, o adı qorumaq üçün çox böyük əziyyətlərdən keçməlisən. Ola bilər ki, hansısa idmançının istedadı var, Allah tərəfindən ona güc verilib. Amma yenə də o istedadı, vergini qoruyub-saxlamaq üçün çalışmaq lazımdır. Məşqləri buraxmaq olmaz. İstedadlı idmançısan, məşq etmə, uğur qazanacaqsan deyə bir şey yoxdur”.
Elçin Cəfərov yunan-Roma güləşi üzrə milli komandamızın baş məşqçisi olub. Əməkdar məşqçi idmanımız qarşısındakı xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib. 2008-ci ildə isə o, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.
Qol.az-a danışan Elçin Çəfərov deyir ki, bir idmançının çempion olaraq yetişməsinə əvvəlcə fərdi yanaşma olmalıdır:
“Bu mövzuya hər kəsin fərqli baxışı var. Məsələ odur ki, çempion kimi yetişməyin heç vaxt dəqiq tarixi, müddəti olmur. Yəni, elə bir qayda-qanun yoxdur ki, idmançı filan ilədək, filan hazırlıqla yetişsə, çempion olacaq. Bunu hələ tarixdə heç kim yazıb-yaratmayıb. Hər bir idmançı ilə fərdi qaydada işləməkdən çox şey asılıdır. Onun yeniyetmə vaxtından yığmaya, məşqçilərin əlinə düşməyindən, ümumi fiziki, texniki-taktiki hazırlığından çox şey asılıdır. Bütün bunların hamısı yeniyetmə vaxtından gənclərə, gənclərdən böyüklərə keçir. Böyüklər də artıq formalaşmış idmançı kimi yığma komandanın tərkibində təlim-məşq toplanışıda, beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında, Olimpiya Oyunlarında iştirak edirlər, bu tədbirlərə hazırlıqlar keçirlər. Ondan sonra idmançılar artıq müəyyən müddətdə nəticələr göstərə bilirlər. Bu, 10 ilə də ola bilər, 8 ilə də, 12 ilə də. Yəni, belə şeylər idmançının yaşı ilə də bağlıdır. Uğur, çempionluq onun karyerasının sonlarına da düşə bilər”.
Mütəxəssis azərbaycanlı çempionların gənclər üçün nümunə olduğunu deyib: “Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən indiyədək hər hansı idman növündən, xüsusilə də güləşdən hansı idmançının adını çəksək, onların hər birini nümunə saymaq olar. Bu siyahıda Fərid Mansurov, Rövşən Bayramov, Hacı Əliyev, Toğrul Əsgərov, Namiq Abdullayev, Cəbrayıl Həsənov və bir çoxlarının adlarını çəkə bilərik. Bu gün yeniyetmələr, gənclər, böyüklər arasında o qədər yaxşı idmançılar var ki... Onların hər biri gənc nəsilə nümunədir”.
Elçin Cəfərov idmançılarımızın uğurlarının lazımınca işıqlandırılmamasından narazılığını bildirib. O, həmin idmançılar, güləşçilərlə reportajlar hazırlamaq, görüşlər keçirmək lazım olduğunu deyib: “Mənim fikrimcə, bu idmançılar haqqında filmlər çəkilməli, məqalələr yazılmalı, reportajlar hazırlanmalıdır. Hesab edirəm ki, çempionlar haqqında az yazılır. Onlarla görüşlər olmalıdır. İdmançıların seçdiyi yol, nəticələr, necə çempion olduqlarına toxunulmalıdır. Onların özü danışsa, yeniyetmə nəsil bunları öz dillərindən eşitsə, daha yaxşı olar. Belə şeylər gənclərin idmana, xüsusilə də güləşə cəlb edilməsində motivasiya olar, maraq yaradar. Biri var ki, mən danışam, biri də var, həmin idmançılar özü danışa. Mən məşqçi, mütəxəssis kimi nəsə deyərəm. Amma idmançılar özü desə ki, mən belə idim, küçədən güləş zalına necə gəldim, bu, daha çox təsir edər. Bu gün çox idmançılarımız var ki, onların təlim-tərbiyədə, hər hansısa bir idman növünün inkişafında əməyi olub. Onlara münasibət tamamilə başqa cür olmalıdır. Düzdür, zəmanə dəyişib. Amma uşaq bağçalarından tutmuş, məktəblərdə, universitetlərdə həmin idmançılarla görüşlər keçirilməlidir. Onlar vaxtı-vaxtında tədbirlərdə iştirak etməlidirlər. Güləş barədə arabir nəsə yazmaq kifayət etmir. Bilirsiniz necədir, idmançılar yarışlarda uğursuzluq göstərəndə bəzi jurnalistlər, media orqanları onları gözdən salmaq istəyirlər. Yazırlar ki, bu getdi belə uduzdu, o getdi elə məğlub oldu. Daha demirlər ki, bu idmançı o yarışlara hansı vəziyyətdə gedir. Tədbirlərə zədəli şəkildə qatılanlar, psixoloji problemi olanlar var. Heç bir dəfə onların dərd-səri ilə maraqlanan olub? Ancaq elə uduzdu, məğlub oldu deyirlər. Hər dəfə də çempionluq, qızıl medal qazanmaq olmur. Axı, bunları başa düşmək lazımdır. Maraqlanmaq lazımdır. Jurnalistlərdən də çox şey asılıdır. Heç bir güləşçi istəməz ki, hansısa yarışda uduzub gəlsin. Görün, o məğlubiyyət həmin idmançıya nə qədər təsir edir. Biz kənardan danışırıq. Yazmaq asandır ki, getdi, uduzdu, gəldi. Amma siz bilmirsiniz ki, o neçə kilo çəki itirib, nə qədər əziyyət çəkib, neçə təlim-məşq toplanışı keçirib, nə qədər zədələri aşıb. Elə bilirlər ki, heç bir əziyyət çəkmədən gedib elə medalları götürüb, gəlirlər. Bu işlərin içinə daxil olmaq çox çətindir”.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama
1-ci liqada oyunların vaxtı açıqlandı
"Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir
"Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir"
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
"Bavariya" kapitanını itirdi
Ronaldo Braziliya futboluna rəhbərlik etmək istəyir
"Barselona" Yamala 1 milyard avro qiymət qoydu
Qvardiola niyə müqaviləni uzadıb?
"Qarabağ"ın rəqibi 90+8-ci dəqiqə qolu ilə uduzdu - Video
Dünyanın ən yaxşı futbol çempionatları - Siyahı
PSJ Hakimi ilə razılaşdı
Hazard Mbappeyə qalib gəldi - Video
Azərbaycan basketbol millisi İrlandiyaya uduzdu
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi