Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Azərbaycanda kişi şahmatçılarımızla yanaşı, qadın şahmatçılarımız da son illər uğurları ilə diqqət mərkəzindədir. 2019-cu ildə komandalar arasında Avropa çempionatında 3-cü yerə çıxan qadın millimizin üzvləri şəxsi yarışlarda da adlarından söz etdirməyi bacarır. Son olaraq, qadın şahmatçılarımızdan Gülnar Məmmədova şəxsi Avropa çempionatında uğurlu çıxışı ilə seçilib. Qadın millimizin üzvü turnirdə 6-cı yerə çıxaraq dünya kubokuna vəsiqə qazanıb. 11 ildən sonra bu il qadınlar arasında 3-cü dəfə Azərbaycan çempionu olan qrossmeysterimizlə qadın şahmatının durumu və bir çox mövzular barədə söhbətləşdik.
- Əvvəlcə səni Avropa çempionatında ilk 10-luğa düşərək, dünya kubokuna vəsiqə qazanmağın münasibətilə təbrik edirəm. Turnir barədə fikirlərini bilmək istərdim...
- Avropa çempionatında məqsədim ilk onluğa daxil olmaq idi. Təbii ki ilk üçlük həmişə arzulanan nəticədir. Ancaq ümumi götürsək, əsas hədəf ilk onluq idi. Bundan əvvəlki Avropa çempionatlarında ilk 14 yer dünya kubokuna vəsiqə qazanırdı. Bu il isə 10 yerə düşürülmüşdü. İlk turlardan liderlər sırasında idim. Sona üç tur qalmış məğlub olmaqla ilk üçlüyə daxil olmaq şansını itirdim. Amma yenə də onluqda idim. Qarşıma qoyduğum hədəfə çatdım. Artıq növbəti Avropa çempionatında daha da irəli getmək haqda fikirləşmək lazımdır. Yaxşı hazırlaşsam, niyə də Avropa çempionu və ya ilk üçlükdə olmayım?!
- Şəxsi Avropa çempionatında "Qarabağ"ın qadın millimizə hədiyyə etdiyi formanı da geyinirdin...
- 2019-cu ildə qadın milli yığma komandamız Avropa çempionatında bürünc medal qazanmışdı. Buna görə biz ölkədə ilin ən yaxşı komandası mükafatına layiq görülmüşdük. Həmin tədbirdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da iştirak edirdi. O, tədbirdən sonra bizim hər birimizə "Qarabağ"ın formasını hədiyyə etdi. Ara-sıra nəinki mən, hamımız bu formanı geyinirik. Yeri gəlmişkən, "Qarabağ"ı və Qurban Qurbanovu Konfrans Liqasında qrup mərhələsinə yüksəlmələri münasibətilə təbrik edirəm.
- Dünya kubokunda hədəf nə olacaq?
- İki ay bundan əvvəl dünya kuboku keçirilmişdi. Həmin vaxt Azərbaycan dörd qadın şahmatçı ilə təmsil olunurdu, o cümlədən mən də orada iştirak edirdim. Bu il keçirilən dünya kubokuna turnirin başlamasına bir ay qalmış vəsiqə qazandım. Bir ay müddətində bacardığım qədər yarışa hazırlaşdım. Bu hazırlıqla turnirdə iki mərhələ keçdim. Təbii ki onda da hədəfim sadəcə bir neçə mərhələ keçmək yox, mükafatçılar sırasına düşmək idi. Amma bu, bir ay hazırlıqla demək olar ki, çox çətin idi. İndi isə dünya kubokun vaxtı bəlli deyil. Turnir 2022 və ya 2023-cü ildə keçirilə bilər. Dünya kubokuna hazırlaşmaq üçün vaxt kifayət qədərdir. İlk üçlüyə daxil olmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm. Növbəti dünya kubokuna qədər ciddi hazırlaşmağı düşünürəm. Çünki ilk üçlükdə yer alan şahmatçılar iddiaçılar turnirinə vəsiqə qazanır. Bu da bir növ dünya şahmat tacına gedən yoldur. Ən böyük hədəflərimdən biri dünya kubokunu qazanmaq və ya bu turnirdə mükafatçılar sırasına düşməkdir.
- Azərbaycanda qadın şahmatının durumu necədir?
- Azərbaycanda qadın şahmatı əvvəlki illərə nisbətən çox inkişaf edib. Yadımdadır, 2009-cu ildə ilk dəfə Azərbaycan millisinə daxil olanda bizim qarşımıza hədəf olaraq ilk onluğa düşmək qoyulurdu. İlk onluğa daxil olacağımız təqdirdə, Azərbaycan Şahmat Federasiyası bizə mükafat vəd verirdi. 3-7-ci yerləri bölüşdürməyimiz, onluğa daxil olmağımız dəfələrlə olub. Ancaq 2019-cu ildə artıq üçüncü yerə çıxmışdıq. Eyni zamanda uzun illər idi ki, dünya kubokunda heç kim istirak etmirdi. Bu il isə dörd qadın şahmatçımız - mən, Günay Məmmədzadə, Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva ölkəmizi təmsil etmişdi. Bu da qadın şahmatının çox inkişaf etdiyini göstərir. Dünyanın 100 şahmatçısı arasında Azərbaycan 3 və ya 4 qadın şahmatçısı var. Bir sözlə, Azərbaycanda qadın şahmatı çox inkişaf edib.
- Azərbaycan Şahmat Federasiyasının qadın millisinin üzvlərinə münasibəti necədir?
- Federasiya əvvəlki illərlə müqayisədə hazırda qadın şahmatının inkişafına daha çox köməklik göstərir. Əvvəllər milli komandanın üzvləri 4-5 ay maaş alırdısa, indi hər ay bu, baş verir. Amma yığmanın üzvlərinə əlavə məşqçi ayrılmasına şərait yaradılsaydı, çox gözəl olardı. Biz şəxsi vəsaitimiz hesabına məşqçilərlə məşğul oluruq. Bəzilərimizin heç məşqçisi yoxdur, sadəcə olaraq özümüz məşğul oluruq.
- Qadın şahmatının daha da inkişafı üçün nələr etmək lazımdır?
- Qadın şahmatının daha da inkişafı üçün məşqçilər, yarışlara getmək üçün maddi vəsait lazımdır. Bölgələrimizdə də şahmatın inkişafı ilə bağlı işlər görülməlidir. Çünki bölgələrdə şahmatın inkişafının əvvəlki illərlə müqayisədə daha zəif olduğunu düşünürəm. Rayon şahmatına nəzər salsaq, bu gün milli komandaya düşəcək, dünya və Avropa çempionu ola biləcək şahmatçılar barmaqla sayılacaq qədərdir. Əvvəlki vaxtlarda irəli getmək üçün potensial daha yüksək idi. Ümid edirəm ki, bununla bağlı da işlər görüləcək.
- Qadın milli komandasının üzvləri birgə məşğul olurmu?
- Bizim əsas, çox güclü təlim-məşqimiz 2016-ci ilə təsadüf edir. Həmin ildə şahmat olimpiadası Bakıda keçirilmişdi. Buna görə üç aylıq təlim-məşq toplanışı olmuşdu və xaricdən məşqçi gətirilmişdi. Bu, bizim ən yaxşı təlim-məşq toplanışımız idi. Üç ay müddətində həm fiziki, həm şahmat baxımından hərtərəfli çox gözəl yarışa hazırlıq olmuşdu. Bizim milli komandanın qarşısına o zamanlar ilk onluq hədəf qoyulmuşdu. Hətta bir ara üçüncü yerdə belə qərarlaşmışdıq. Sonuncu turda artıq çox rahatlıqla ilk onluğa daxil olduq. Həmin yarışda mən Azərbaycanı üçüncü masada təmsil edirdim və bu lövhədə qızıl medal qazanmışdım. Təəssüflər olsun ki, o cür təlim-məşq toplanışları sonralar olmadı.
Çox istərdim ki, həmin hazırlıqlardan yenə də olsun.
- Kişi şahmatçılarımızdan Şəhriyar Məmmədyarov ve Teymur Rəcəbov dünya reytinqində ilk onluqdadır. Qadın şahmatçılarımızın ilk onluğa düşmək şansı var?
-Bəli. İlk onluğa düşməkdə öz şansımı da yüksək qiymətləndirirəm. Düzdür, hazırda reytinqdə bir az geriyəm. Son reytinqdə 64 və ya 65-ci sırada olmalıyam. Öz üzərimdə iki il çalışsam, dünya kubokuna kimi müəyyən qədər irəliləyəcəyəmi düşünürəm. Eyni zamanda Günay Məmmədzadə dünya sıralamasında ilk 25-likdədir. O da onluğa real namizədlərdən biridir.
- Səncə, koronavirusun pandemiyasının şahmata təsiri necə oldu? Artıq bir neçə aydır ki, ənənəvi şahmat turnirləri də bərpa olunub.
- Koronavirus pandemiyasının onlayn şahmata müsbət təsirləri olub. Çünki həmişə onlayn şahmat turnirləri keçirilsə də, o qədər də maraq olmurdu. Koronavirus bir növ bu cür turnirlərinin inkişafına təkan verdi. Çünki pandemiya ilə əlaqədər Avropanın bir çox ölkəsində ənənəvi şahmat turnirləri dayandırıldı. Buna görə onlayn şahmat turnirlərinə keçid alındı. Karantinin ilk vaxtlarında bu turnirlər çox keçirildi. İnsanlar daha çox şahmat oynadı. Hətta şahmatdan uzaqlaşan şəxslərdən belə onlayn turnirlər sayəsində şahmata qayıdanlar oldu. Düzdür, hazırlıq çox yüksək səviyyədə keçmirdi. Çünki turnirlərin nə vaxt başlanacağı bilinmirdi. Ancaq ümumi götürsək, gün ərzində bir neçə saat onlayn oynamaq formada qalmağa kifayət edirdi.
Yenidən bərpa olunan yarışlarda isə əsasən oyun vaxtı maskadan istifadə edilmirdi. Əgər ayağa qalxırıqsa, maskadan istifadə məcburi idi. Dünya kubokunda 1 və ya 2 gündən bir koronavirus testindən keçirdik. Avropa çempionatında isə 2-3 dəfə test nümunələri götürüldü. Bir sözlə, koronavirusla bağlı qaydalara riayət edilirdi.
- Şahmatın uşaq və gənclərin inkişafına təsiri barədə nə deyə bilərsən?
- Şahmatın beynin inkişafında rolu danılmazdır. Bildiyimiz kimi məktəblərdə də artıq şahmat fənni tədris olunur. Şahmat xarakterin formalaşmasında da çox böyük rola malikdir. Şahmatda həm fiziki, həm də psixoloji hazırlıq çox önəmlidir. Şahmatçı olmağın həyatda da üstünlükləri var. Şahmat bir növ həyata da bənzəyir. Şahmatda bəzi şeylər var ki, elə həyatda da eynidir. Şahmatçı olmağın üstünlükləri böyükdür. İstənilən insanın şahmatı bilməsi onun inkişafına çox böyük kömək edir.
Aysel BƏXTİYARLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi