"Azərbaycanla oyunda özümüzə bənzəmirdik" - Prosineçki

"Azərbaycanla oyunda özümüzə bənzəmirdik" - Prosineçki
DÜNYA FUTBOLU 28 Mart 2019 / 13:14 3153
-  A +

"Xorvatiya ilə oyundan sonra Yurçeviçlə danışmamışam. Çünki buna vaxt yoxdur. Hərəmizin öz işi, öz öhdəlikləri var".

Qol.az-ın Xorvatiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki deyib. "Avro-2020"nin seçmə mərhələsinin ilk turunda xorvatların yığmamızı çətinliklə məğlub etdiyi oyun haqda fikirlərini bildirən təcrübəli çalışdırıcı Macarıstana məğlubiyyəti də şərh edib:

"Hər iki matçda özümüzə bənzəmirdik. Bilirsiniz, necədir? Qalib gələndə sən ən yaxşı, uduzanda isə ən zəif olursan. İndiki vəziyyət də buna bənzəyir. Macarıstana məğlub olduq, çünki bizə elə gəlirdi ki, 3 xal qazanmaq asan olacaq. Macarlar həm öz aqressivliyi, həm də oyun keyfiyyəti ilə təəccübləndirir. Bu da onu göstərir ki, hər bir komandaya qarşı maksimum dərəcədə ciddi oynamalısan. Əlbəttə, bizim dünya ikincisi olmağımızı digər rəqibləri narahat edir. Hə, Rusiyada olanlar əla idi, amma artıq başa düşməliyik ki, bu, yeni turnirdir".

Səhhəti haqda da danışan Prosineçki növbəti dəfə əməliyyat olunacağını bildirib: "Bir neçə gündən sonra üçüncü dəfə əməliyyat olunmalıyam. Bundan sonra Zaqrebdə, yoxsa Sarayevoda qalacağıma qərar verəcəyəm. İndi səhhətimlə bağlı hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Problemlər geridə qaldı. Amma yenə də bu prosedurlardan keçməliyəm".

Qeyd edək ki, hazırda Bosniya və Herseqovina yığmasının baş məşqçisi olan Prosineçki 2014-2017-ci illərdə millimizi çalışdırıb.

Son xəbərlər