"Oturub kişi kimi danışmalıyıq" - Modriç

"Oturub kişi kimi danışmalıyıq" -  Modriç
DÜNYA FUTBOLU 7 Yanvar 2019 / 13:12 3899
-  A +

"Bir çoxumuz öz səviyyəmizdə çıxış etmirik. Çoxlu qol imkanları yaradırıq və bundan istifadə edə bilmirik. Bütün bunların səbəbləri var".

Qol.az xəbər verir ki, bu sözləri "Real"ın futbolçusu Luka Modriç İspaniya La Liqasının son turunda evdə "Real Sosyedad"a uduzduqları oyundan (0:2) sonra "Marca"ya açıqlamasında deyib.

Xorvatiyalı yarımmüdafiəçi matçın baş hakiminin işindən razı qalmadıqlarını, ancaq uğursuzluğun səbəbini başqa yerdə axtarmaq lazım olduğunu qeyd edib:  "Hakim bu gün oyunu ən yaxşı səviyyədə idarə etmədi. Referi oyundan sonra mənə dedi ki, ona penaltinin olmadığını çatdırıblar. Ancaq artıq gec idi. İspaniyada VAR (videotəkrar) hər kəsi təəccübləndirir. Onun ən çox ziyanını isə "Real" görür. Ancaq bizim problemimiz hakimlik və ya videotəkrarla bağlı deyil. Bizim problemlərin səbəbi başqadır".

Modriç çətin vəziyyətdən çıxmaq üçün komanda şəklində birləşməli olduqları əlavə edib: "İnkişaf etməliyik. İndi ideal vəziyyətdə deyilik. Meydanda bir komanda olmalıyıq. Demirik ki, artıq çempionat bizim üçün itirilib. Hər oyun üçün mübarizı aparmalıyıq. Problemləri aradan qaldırmaq üçün  futbolçularla oturub kişi kimi danışmalıyıq".

Qeyd edək ki, "Real" 18 turdan sonra 30 xalla 5-ci pillədə qərarlaşıb. Madrid klubunu lider "Barselona"dan 10 xal ayırır.

Son xəbərlər