"Hakim mesaj yazmışdı ki, eybi yox, mən sizə göstərəcəyəm" – "Qəbələ" rəsmisi

"Hakim mesaj yazmışdı ki, eybi yox, mən sizə göstərəcəyəm" – "Qəbələ" rəsmisi
MÜSAHİBƏ 29 Oktyabr 2018 / 14:18 5122
-  A +

“Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın 9-cu turunun “Sumqayıt”la oyununun son dəqiqələrində yaşanan qalmaqalın təfərrüatlarını açıqlayan klub rəsmisi matçın baş hakimi Orxan Məmmədovu ittiham edib.

-“Sumqayıt”la oyunun 90-cı dəqiqəsində baş verənlər və Orxan Məmmədovun qərarları xeyli müzakirə olundu. Əvvəlcə bu məsələ ilə bağlı fikirlərinizi bilmək istərdim...

- Təqribən 1 ay əvvəl Qəbələyə gəlmiş və stadionda məşq etmək üçün bizə müraciət etmişdi. Amma həmin vaxt nəsə oldu, alınmadı. Kiməsə zəng vurum deməliydim, o adam da gec cavab verdi. Həmin müddətdə Orxan stadiona getdi, ancaq mühafizə xidmətinin əməkdaşı onu meydançaya buraxmadı. Mənə mesaj yazdı ki, “eybi yox, buraxmasınlar, mən sizə göstərəcəyəm”. Bu mesaj durur. Son oyundakı hadisə olmasaydı, qırmızı vərəqələri verməsəydi, heç həmin söhbət yadıma düşməyəcəkdi. Bunlar baş verəndən sonra öz-özümə düşündüm ki, nə ola bilər. Rauf Əliyevə etiraza görə 2-ci sarı vərəqədən “qırmızı” verdi. Həmin vaxt ehtiyatda olan 11 oyunçu və 7 texniki işçi eyni anda etiraz edirdi. Hamı da haqlı idi ki, Bəhlula qırmızı vərəqəni düz göstərməyib. Sonradan özü də bunu etiraf etdi. Etiraz edənlərdən kimə istəsə, sarı vərəqə verə bilərdi. Amma seçirsən, əvvəldən “sarı”sı olan Raufa ikinci dəfə xəbərdarlıq edib, “qırmızı” göstərirsən. Bilirsiniz, yanaşma tərzi var. Yəqin, orada 4-cü hakim Orxana deyib ki, “qırmızı”nı Raufa göstər. Birbaşa qırmızı vərəqə versəydi, hardasa başa düşmək olardı ki, futbolçunun aqressivliyinə görə bu addımı atıb. Həmin anda “sarı”sı olmayan bir oyunçunu cəzalandırıb, ortalığı sakitləşdirə bilərdi. Yaxud ən azından şifahi xəbədarlıq edərdi ki, özünü düzəltsin. Oyundan əvvəl iclas olanda ordan-burdan eşidirdim ki, nəsə olacaq. Çünki Orxanın bizimlə münasibəti yaxşı deyil. Qulağıma çatmışdı ki, “Qəbələ”nin oyununa təyinat alanda sevinə-sevinə gəlir. Matçdan 2 saat öncəki iclasda 4-cü hakim bizə dedi ki, futbolçulara tapşırın, Orxan Məmmədovun qərarlarına etiraz etməsinlər. Mən isə onlara bildirdim ki, dünyanın harasında görülüb, hakimin hər qərarı ilə razılaşsınlar. Çünki epizodu hərə bir cür görür və hamı özünü haqlı sayır. Emosiyalar yüksək olar, ona görə də etiraz etmək normaldır. Burada qeyri-adi bir şey yoxdur. Etirazı necə aşağı salmaq isə hakimin səviyyəsindən asılıdır. Sarı vərəqəni elə verə bilər ki, oyunçu qayıdıb onu söyər. Ancaq elə də edə bilər ki, futbolçu ona “sağ ol” deyər. Bu, birbaşa hakimin qabiliyyətindən asılıdır. İclasda da dedim ki, bu məsələyə belə sərt yanaşırsınızsa, yüz faiz oyunda nəsə olacaq. Çünki artıq şübhələnməyə başlamışdım. Hakim-inspektor Murad Məmmədov idi. Ona bildirdim ki, siz özünüz nə dərəcədə inanırsınız ki, oyunçu etiraz etməyəcək. Harada görülüb ki, futbolçuya sarı vərəqə verəcəksən, başını aşağı salıb gedəcək. Heç kim buna zəmanət verə bilməz. Futbolçu görsə ki, haqsızlıq olub, mütləq etiraz edəcək. Göründü ki, hakim-inspektor o sözləri elə-belə deməyibmiş.

- Yəni deyirsiniz ki, hər şey əvvəlcədən planlaşdırılıbmış?..

- Baxın, əvvəlcə Bəhlula qırmızı vərəqə göstərdi. Oyundan sonra epizodun videoyazısını həm hakim-inspektora, həm də hakimlərin özünə apardım ki, gəlin, bir də baxaq, vərəqəni səhv vermisiniz. Həmin vaxt Murad Məmmədov mənimlə kobud şəkildə danışdı. Dedi ki, özümüz harada baxacağımızı yaxşı bilirik, bizə göstərmək lazım deyil. Mən də razılaşdım və bildirdim ki, onda mən protokolda Bəhlula haqsız yerə qırmızı vərəqə göstərildiyini yazacağam. Söylədi ki, yaza bilərsən, sənin haqqındır. Halbuki Murad müəllimdən mənimlə belə kobud danışacağını gözləmirdim. Videodur də, göstərirəm, bax. Burada nə var ki? Səni yeməyəcək ki? Bax, sonra fikrində qal və ya dəyiş, öz fikrindir. Mən sadəcə, təklif edirəm ki, video var, gəl, baxaq. Bəs nə oldu, deyirdin, hər şeyi görmüşəm. Soruşdum ki, nə olub, niyə belə aqressivsiniz? Dedim, qırmızı bizim futbolçuya göstərilib, biz aqressiv olmalıyıq. Nə isə, mən öz etirazımı yazdım. Onu deyim ki, bu vaxt da çox kobud səhvə yol verildi. Çünki əsasnaməyə görə, birinci hakimlər protokolu yazmalı, bundan sonra klublardan əlavə və ya etirazların olub-olmadığını soruşmalıdır. Yalnız bundan sonra o, qol çəkib protokolu bağlamalıdır. Biz öz etirazımızı yazandan sonra hakimin protokola nəsə əlavə etməyə haqqı yoxdur, ixtiyarı çatmır. Biz sarı, qırmızı vərəqələrlə bağlı öz etirazımızı yazandan sonra 4-cü hakim protokolu apardı ki, Orxan Məmmədov qol çəksin. Sonra protokolun nüsxəsini gətirəndə gördük ki, baş hakim ora əlavə edib. Soruşdum ki, bu nə əlavədir? Bizdən sonra sizə kim ixtiyar verir ki, ora nəsə yazasınız? Dedim ki, mənim də əlavəm var, Stankoviçin də sarı vərəqə almasına etiraz edirəm. Bildirdi ki, bunu Orxanın özündən soruşun. Mən də dedim ki, Orxandan niyə soruşum, o kimdir ki. Orxanın işi gəlib hakimlik edib getməkdir. Qayda var, qanun var. Belə şeyi çoxdandır görmürəm.

- Belə çıxır ki, Orxan Məmmədov özünü sığortalamaq üçün belə edib?

- Hər-halda buna görə edib. Yəqin mən videonu göstərmək istəyəndən sonra özü epizoda baxıb və ya kimdənsə soruşub ki, protokolda sarı vərəqəni Stankoviçə göstərməli olduğunu qeyd edib. Yenə sual çıxır: Stankoviçə niyə “sarı” verilməldir ki? Orada futbolçular bir-birilərini itələyiblər. Bəhlul da onları ayırmağa çalışırdı. Orxan protokolda qırmızı vərəqəni səhv göstərdiyini yaza bilməzdi. Ona görə də Stankoviçin adını qeyd edib.

- Orxan Məmmədov özü Qəbələdən olsa da, “Qəbələ” ilə ulduzu barışmır. Əvvəllər də onun hakimlik etdiyi matçlarda qalmaqal olub. Sizcə, bu, nə ilə bağlı ola bilər?

- Bilmirəm. Bunu Hakimlər Komitəsi araşdırmalıdır. 2 il öncə Gəncədə 4-cü hakim idi. Oyunu isə Əliyar Ağayev idarə edir. Həmin oyundan sonra bildirmişdi ki, hakimlərə fiziki təzyiq olub, Əliyarı vurublar. Halbuki Ağayev özü belə bir şeyin baş vermədiyini söyləmişdi. Bir neçə il öncə “Sumqayıt”la oyunumuzu idarə edən zaman da xoşagəlməz hadisələr olmudşu. Qapımıza penalti təyin etmiş, Vladimir Levinə qırmızı vərəqə göstərmişdi. Mən oyunöncəsi iclasda soruşdum ki, Hakimlər Komitəsi Orxanın Qəbələdən olduğunu, üzərində təzyiq hiss edə biləcəyini bilirmi? Çünki adamdır, fikirləşər ki, qəbələliyəm, birdən qərar verərəm, elə bilərlər, “Qəbələ”yə kömək edirəm. Hakim-inspektordan soruşdum ki, niyə ona təyinat verirsiniz? Çünki bəzi şeylər eşitmişdim. Bilirdim ki, 90-cı dəqiqədə penalti və ya qarışıqlıq ola bilər. “Sumqayıt”ın nümayəndələri də həmin iclasda idilər. Oyundan qabaq bu sözlərin hamısını demişəm. İki məsələyə toxundum: biri, oyunçuların hakimə etirazı məsələsinə, digəri isə 90-cı dəqiqədə qalmaqal ola biləcəyi ilə məqama. Onlara dedim ki, Orxanın evi Qəbələdədir, hətta bir dəfə azarkeşlərimiz etiraz etmək üçün onun evinə getmişdilər. Bütün bunlar onu təzyiq altında saxlaya bilər. Soruşdum ki, siz bütün bunları nəzərə alıb təyinat verirsiniz. Onda Murad Məmmədov dedi ki, Hakimlər Komitəsi var, biz təyinatlara qarışmırıq. Bilirdim ki, nəsə olacaq. Gəldi, oldu. Nostradamus deyiləm, əlavə hissiyatım yoxdur. Nəyisə bilirəm ki, deyirəm. Bilirdim ki, Orxan kimin yanında nə deyib və nəyə gəlib. Ona görə də əvvəlcədən xəbərdarlıq etmişdim. Hər şey üst-üstə düşdü.

- Bununla bağlı AFFA-ya hər hansı şikayət etmək fikriniz varmı?

- Zəng vurmuşdular, sabah saat 12-də İntizam Komitəsinin iclası olacaq. Klubun nümayəndəsini də dəvət ediblər. Yəqin, orada baxılacaq. Ümid edirik ki, yeni Hakimlər Komitəsi, təzə sədr bizim hakimlərə necə işləmək lazım olduğunu başa salacaq. Çünki bu formada qabağa getmək olmaz.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır