“Qırmızı vərəqədən sonra oyun tam “sındı” - Maksim Medvedev

“Qırmızı vərəqədən sonra oyun tam “sındı” -  Maksim Medvedev
GÜNDƏM 1 Noyabr 2017 / 03:36 7565
-  A +

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.



- Oyunla bağlı nə deyə bilərsən?

- Karyeramızın ən vacib oyununa çıxırdıq. Hamımız səbrsizliklə gözləyirdik ki, nəticə necə olacaq. Rəqibdən çəkinmədik, əlimizdən gələni elədik. Qırmızı vərəqəyə qədər hər şey super idi. Ondan sonra oyun tam “sındı”, müdafiədə oturduq və gücümüz tükənməyə başladı. 20-25 dəqiqə “Atletiko”ya qarşı 10 nəfər oynamaq çox çətindi.

- Hər iki oyunda “Atletiko”dan xal aldınız. “Çelsi” ilə ev oyununda da bunu etmək olarmı?

- İndi kim bizə baxırsa, tələb edir ki, hamıdan xal alaq. Ancaq biz özümüz də dərk edirik ki, futbol asan bir şey deyil. Oyun alınsa, xal götürmək olur. Yaxşı analiz edəcəyik. “Çelsi”dən ilk matçda 6 qol buraxmışdıq. Çalışacağıq ki, həmin səhvləri təkrarlamayaq, rəqibdən qorxmayaq, öz oynumuzu göstərək. Düşünürəm ki, bundan sonra nəticə də olacaq.

- Üçüncü yeri tutub ən azından Avroliqaya getmək haqda düşünürsünüz?

- Biz qrupa düşəndə hamı sevindi və artıq nəsə tələb olunmurdu. Üzərimizdə təzyiq yox idi. Ona görə də meydana sərbəst çıxırıq və bacardığımızı edirik. Sərbəstlik olanda futbolçu öz potensialını göstərə bilir. İndi 3-cülük üçün də şansımız var və “Atletiko” ilə mübarizə aparacağımıza inanırıq. Həmin yolu getmək, qrupda 3-cü yeri tutmaq istəyirik.

- “Atletiko” ilə ilk oyunda Dino Ndlovu, bu gün isə Pedro Enrike qırmızı vərəqə aldı. Bu, komandaya nə dərəcədə təsir göstərəcək?
- Həm Dino, həm Pedro komanda üçün böyük fiqurlardı. Onlar komandanı vəziyyətdən çıxara bilirlər. Bu gün Ndlovunun yerində Ramil var idi, çalışrdı ki, yoxluğu bilinməsin. Ancaq onlar fərqli oyunçulardı. Gələn görüşdə də Pedronu kimsə əvəz edəcək. İstər-istəməz sistem dəyişəcək. Ancaq  bizim yaxşı ehtiyat qüvvəmiz var və onlar “qırmızı” alanları layiqincə əvəzləyəcəklər.

Daha çox


Son xəbərlər