"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov

"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
ÖLKƏ FUTBOLU 12 May 2026 / 19:24 1520
-  A +

"Sabah bizi olduqca önəmli bir matç gözləyir. Düşünürəm ki, oyuna yaxşı hazırlaşmışıq, baxmayaraq ki, könül istərdi hazırlıq üçün bir az da çox vaxtımız olsun. Sabah 40 gün tamam olacaq ki, artıq 9-cu oyunumuza çıxırıq və bunların hər biri bizim üçün çox ağır keçib. Komandada yorğunluq və gərginlik var. Buna baxmayaraq mövsümün ən yaxşı oyunlarından birini keçirmək əzmindəyik. Qarşımızda "Sabah" kimi ciddi, baxımlı futbol oynayan, yüksək səviyyəli məşqçi və futbolçu heyətinə malik rəqib var. Qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik".

QOL.az "sportal.az"a istinadən xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun finalında "Sabah"la matçdan öncə keçirilən mətbuat konfransında deyib. 

- İki komandanı müqayisə etsəniz, ən çox üstünlüyü hansı tərəfdə görərdiniz?

- Kimin hansı üstün və ya çatışmayan cəhətləri olduğunu mövsümün gedişi göstərdi. Sabahkı matçda mövsümboyu üstünlüklər və çatışmazlıqlar üzərindən yox, sırf qalib gəlmək üçün nə etməli olduğumuz üzərində düşünürük. Öz hədəfimiz və aydın oyun planımız var. Çalışacağıq ki, meydanda intizamlı çıxış edərək bu planı reallaşdıraq və qalib tərəf biz olaq.

- Rəqib baş məşqçinin 7 kubok titulu var, siz də Azərbaycan Kubokunda 2 final görmüsünüz. Bu, sizin üçün xüsusi üstünlük kimi görünə bilər?

- Əvvəllər də finalda çempionatın favoriti ilə qarşılaşmışdıq, indi də eyni vəziyyətdir. Qismət elə gətirib ki, hər üç finalımızda məhz çempion komanda ilə oynayırıq. Bu isə təbii olaraq rəqibdə psixoloji üstünlük yaradır, onlar özlərini daha əmin və rahat hiss edəcəklər. Valdas Dambrauskas çox təcrübəli məşqçidir. Məlum məsələdir ki, bizim üzərimizdəki təzyiq rəqibdən daha çox olacaq. Çünki çempionat vasitəsilə avrokuboklara getmək artıq çətin görünür və bəlkə də sabahkı final bizim üçün son şansdır. Bizim itirəcəyimiz şeylər daha çoxdur, rəqib isə onsuz da çempiondur. Lakin biz bu gərginliyi üstünlüyə çevirib meydanda daha döyüşkən və fədakar futbol oynamağa çalışacağıq.

- İki dəfə "Qarabağ"la finalda oynamısınız. Hər ikisində də çox yaxşı oyun göstərmisiniz. "Sabah"la son matçda 2:2 hesablı heç-heçə etdiniz. Həmin qarşılaşmada pis oynamamışdınız. Sabah Rəşad Sadıqov "Sabah"ı necə təhlil edib? Daha fərqli oynayacaqsınız?

- Oyunöncəsi mətbuat konfransında bəzi sualları açıq cavablandırmaq olmur. Çox da sürpriz gedişat olmayacaq. Başa düşürük ki, rəqib bu mövsüm oynadığı kimi oynayacaq, üstünyülə yiyələnməyə, qol vurub daha rahat oynamağa çalışacaq. Rəqibin hücum potensialını və səviyyəsini başa düşürük. Sabah bizim də müəyyən planımız var. Çalışacağıq ki, bunu intizamlı şəkildə həyata keçirək. Sabah baxımlı oyun oynamaq istəyirik. Azarkeşlər bu finalı gözləyirlər. İstəyərdik ki, gözəl qarşılaşma olsun. Oyun necə keçəcək, onu sabah görəcəyik.

"İmişli"yə qarşı Qubada keçirdiyiniz oyunda çox güc sərf etdiniz. Bunun finala təsiri olacaq?

- Təsəvvür edin ki, kubokda həmişə başımıza nələrsə gəlir. Mən ən çox ondan şikayət edirdim ki, kubokda oyunlarımız az olur, illərdir mübarizəyə 1/8 finaldan qoşulurduq. Bu mövsüm isə final qeyri-adi şəkildə erkən oldu və biz çox sıx bir qrafikə düşdük. Belə olduqda finala istədiyimiz kimi, rahatlıqla hazırlaşa bilmirik. Son matçımızı Qubada oynadıq. May ayında palçıqlı və sulu meydançada oynamaq futbolçularda çox ciddi əlavə yorğunluq yaradır. Dəyişikliklərdən də gördünüz ki, o oyuna tam gücümüzü qoymadıq. Meydançanın durumunu görüb düşünürdüm ki, burada 90 dəqiqə oynayan istənilən futbolçu hər an ağır zədə ala bilər.

- Valdas Dambrauskasın rəhbərlik etdiyi "Omoniya"ya 6:0 uduzmuşdunuz. Bu mövsüm də ona iki dəfə məğlub oldunuz. Bu, sizdə qisas hissi yaradır?

- Bəli, cənab Dambrauskasla əvvəllər də qarşılaşmışıq. Lakin məndə ona qarşı heç bir xüsusi aqressiya yoxdur, əksinə, ona böyük hörmətim var. Hətta sevinirəm ki, bizim çempionatımızda belə keyfiyyətli məşqçi çalışır. Ümid edirəm ki, nə vaxtsa biz tam eyni şərtlərlə və imkanlarla qarşılaşarıq. O zaman onun və mənim edəcəyimiz taktiki gedişlər çox daha maraqlı olar.

- Sizdə və komandada əhval-ruhiyyə necədir?

- Əhval-ruhiyyəmiz yüksəkdir, "Zirə" ilə artıq üçüncü finalımızı oynayacağıq və bayram əhvalındayıq. Futbolçularıma xüsusi təşəkkür edirəm. Mənim burada altıncı ilimdir və bu illər ərzində komanda iki dəfə gümüş, bir dəfə bürünc medal qazanıb. Altı dəfə medallar uğrunda gərgin mübarizə aparmışıq. Mən öz futbolçularımla hər zaman yalnız qürur duymuşam. Yay seleksiya dövründən məlum idi ki, bu mövsüm kimlər iddialı olacaq. Buna rəğmən komandam sona qədər yarışın içində qaldı. "İmişli" ilə oyunda bəlkə də tam güc qoya bilərdik, amma başa düşürdük ki, bizi çox vacib final gözləyir. Sabahkı nəticədən asılı olmayaraq, 6 ildəki əzmkarlığa, xüsusilə də son 2 ildəki nəticələrə görə futbolçularıma dərin minnətdarlığımı bildirirəm.

- Penaltilər seriyasına hazırlaşmısınız?

- Bəli, penaltilər seriyasına xüsusi hazırlaşmışıq. Təbii ki, ola bilsin Dambrauskasın yerində olsaydım, komandam çempion olduğu üçün mən də buna ehtiyac duymazdım. Əlbəttə, bizim də ilk hədəfimiz matçı 90 dəqiqədə, əsas vaxtda bitirməkdir. Amma futboldur, hər şey realdır.

- Komandada futbolçularla bağlı vəziyyət necədir?

- Hacıağa Hacılı "İmişli" ilə son matçda 90 dəqiqə meydanda olmuşdu. Amma bu gün təəssüf ki, məşqdə adi bir epizodda zədələndi. Bilirəm ki, bunun birbaşa həmin "İmişli" ilə matçdakı ağır meydança ilə əlaqəsi var. Aprel və may aylarının yığılmış yorğunluğu üzərimizdədir. Çox stressli matçlar keçirdik. Rəqibimiz isə finala hazırlaşmaq üçün daha çox vaxt və rahatlıq əldə etdi. Sabah hər şey sıfırdan başlayacaq, ancaq görünən odur ki, Hacıağa çox böyük ehtimalla matçı buraxacaq. Oyunlarda az iştirak edə bilər. Amma "Neftçi", "Sabah", "Qarabağ" kimi rəqiblərlə görüşlərdə ona ehtiyacımız olub. Enrike Kustodionun yoxluğu da mənim üçün əlavə və çox ciddi problem yaratdı. Buna görə məcbur qalıb İssanı ardıcıl matçlarda oynatdıq. Enrikenin oynamaması həqiqətən böyük itkidir, çünki o, komandaya çox yaxşı uyğunlaşmışdı.

- Bəzi klublar var ki, finalda "Sabah"a azarkeşlik edəcək. "Sabah" qalib gəlsə, "Neftçi" avrokubok şansını artıracaq, "Qarabağ" Avropa Liqasına gedəcək, “Turan Tovuz” isə Konfrans Liqasında 2-ci təsnifat mərhələsindən başlayacaq. Bu məqam sizə əlavə motivasiya verəcək?

- Biz bu barədə futbolçularımızla da danışmışıq. Hazırda turnir cədvəlində elə bir vəziyyət yaranıb ki, bəli, finaldakı məğlubiyyətimiz düz dörd başqa kluba sərf edir. Bu, futboldur və mən bunu tam anlayışla qarşılayıram. Yəqin ki, əgər mən də onların yerində olsaydım, eyni səbəbdən "Sabah"ın qalib gəlməsini istəyərdim. Bu vəziyyət bizdə heç bir neqativlik və ya əlavə motivasiya yaratmır. Biz yalnız öz oyunumuza və hədəflərimizə köklənmişik, çünki bu oyunun "Zirə" klubunun tarixində necə böyük önəm daşıdığını yaxşı dərk edirik.


Son xəbərlər
topaz banner