“Estonlar, gürcülər də sevinir ki, Azərbaycan klubu ilə düşmüşük”

“Estonlar, gürcülər də sevinir ki, Azərbaycan klubu ilə düşmüşük”
MÜSAHİBƏ 27 İyun 2012 / 17:26 4176
-  A +

“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov Qol.Az-a müsahibəsində paytaxt klubunun Çempionlar Liqasında Gürcüstan “Zestafone”si ilə keçirəcəyi oyunlarla bağlı fikirlərini bölüşüb

- ÇL-də püşkün nəticəsini “Neftçi” üçün necə dəyərləndirirsiniz?

- Münasib rəqib düşüb.

- Ancaq “Zestafone”yə yanaşma başqadır. Bir qrup futbolsevər “Neftçi”nin bu rəqibi asanlıqla keçəcəyini düşünür. Bir qrup isə pulun, bücənin hər şeyi həll etmədiyi qənaətindədir...

- Biz səbətlərə görə fikirlərimizi bölüşürük. Yəni, bu gün Gürcüstan klubu deyək ki, BATE, “Bazel”, “Dinamo” (Zaqreb) klubları ilə müqayisədə reytinqi aşağı hesab olunur. Ancaq bu o demək deyil ki, “Neftçi”nin işi asan olacaq.

- İlk matç Bakıda olacaq. Şəxsən sizin üçün bu faktorun əhəmiyyəti var?

- Mənə görə, belə şeylərin heç bir əhəmiyyəti yoxdur. Onsuz da bu rəqiblə iki dəfə oynayacaqsan - orada və burada. Biz keçən il Zaqreb “Dinamo”suyla düşəndə fikirləşdik ki, ilk oyunun səfərdə olması yaxşıdır, sərfəli nəticə ilə geri qayıda bilərik. Ancaq getdik, böyük hesabla uduzduq.

- Estoniya və Sloveniya ilə müqayisədə Gürcüstanın ərazi baxımından bizə xeyli yaxın olması ”Neftçi” üçün üstünlük sayıla bilər?

- İndi o zəmanə deyil ki, avtobusla harasa 2 sutka yol gedəsən. Təyyarəyə əyləşirsən, 2-3 saatdan sonra lazım olan ünvana çatırsan. Bu mənada, “Neftçi”nin digər klublardan hansısa üstünlüyü yoxdur.

- Bəs, azarkeş amili baxımından necə? Hər halda “İnter”, “Xəzər Lənkəran” azarkeşi buradan Estoniyaya rahatlıqla yollana bilməz. Ancaq “Neftçi”ni dəstəkləmək istəyən istənilən şəxs maşınla 5-6 saat yol qət edib Gürcüstana gedə bilər...

- Bəli, bu məsələdə “Neftçi”nin bəxti gətirib. Onu da unutmayaq ki, Grücüstanda xeyli sayda azərbaycanlı yaşayır və onlar da gəlib, “Neftçi”ni dəstəkləyəcək.

- Qısaca, digər klublarımızın da şanslarını dəyərləndirərdiniz.

- Ümumiyyətlə, düşünmək olmaz ki, oyunlar bizim üçün asan keçəcək. Çünki biz onlarla qarşılışmağımıza necə seviniriksə, estonlar, gürcülər də sevinir ki, Azərbaycan klubu ilə düşmüşük. Belə götürəndə, yalnız Estoniya klub futboluna görə bizdən geridədir. Gürcülər maddi cəhətdən bizdən geri qalsalar da, klub futbolunda həmişə güclü olublar. Sloveniyaya gəlincə, keçmiş Yuqoslaviya, Balkan ölkələri həmişə fərqli futbol oynayıblar.

- “Neftçi”yə “Zestafone”nin rəqib olduğunu görüncə, bir anlıq təəssüf hissi keçirmədiniz ki, “kaş ki, mənə də ötən il belə rəqib düşərdi”?

- Qismət, neyləmək olar? Əlbəttə, mən də istəyirdim ki, daha münasib rəqiblə düşək, mərhələ keçək, amma qismət elə gətirdi ki, ən güclü rəqib bizim bəxtimizə düşdü.

Anar XANLAROV

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi