Fatih Kavlak: “Onlar çox həyəcanlıydı”

Fatih Kavlak: “Onlar çox həyəcanlıydı”
MÜSAHİBƏ 8 Mart 2012 / 14:21 2765
-  A +

 “Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlakın Qol.Az saytına müsahibəsi

- Komandanız dünən səfərdə “Kəpəz”ə 3:2 hesabıyla uduzdu. Halbuki əvvəlcə hesabda irəlidə idiniz.

- Çox çətin bir qarşılaşma olacağını bilirdik.  Çünki Gəncə təmsilçisi keçən həftə “Simurq”la oyunda da yaxşı oyun nümayiş etdirib qələbə qazanmışdı. Bizimlə oyuna gəlincə, 20 dəqiqə ərzində qapımıza üç top vurmağı bacardılar.

- Nə baş verdi ki, fasilədən sonra üç qol buraxdınız?

- Çempionatda təsnifat mərhələsinin son qarşılaşması və üç xalın bizim üçün çox vacib olması futbolularımızı çox həyəcanlandırmışdı. Bəlkə də, bu üzdən oyuna tam şəkildə köklənə bilməmişdik. Meydanda 10 nəfərlə azlıqda qalmağımız da nəticəyə təsir etdi.  Əgər komandanın vuran ayaqlarından olan Deon Barton qırmızı alaraq meydanı tərk etməsəydi, nəticə başqa cür ola bilərdi.

- Bartonu ikinci sarı vərəqəylə cəzalandırıb meydandan qovan baş hakimin qərarıyla razısınız?

- Mən hakimlik barədə danışmağı sevmirəm. Ona görə də hakimin Bartonu meydandan haqlı, ya haqsız qovduğu haqda danışmaq istəmirəm.

- Bəlkə komandanızı psixoloji olaraq oyuna hazırlaya bilməmişdiniz?

- Mən komandanın psixoloji tərəfdən hazır olduğunu düşünürəm.  Bilirdik ki, oyunlarında rəqibimiz çox inamlı təsir bağışlayır. Lakin hər şeyə rəğmən oyuna pis başlamadıq. Elə ilk qolu da biz vurduq. Əgər komandanın psixoloji durumu yaxşı olmasaydı, ilk qolu biz vurmazdıq. Ancaq son 20 dəqiqədə qapımızda üç top görərək, məğlub olacağımızı gözləmirdik.
 
- Yəqin ki, Gəncəyə yollanmazdan əvvəl “Kəpəz”in doğma meydanda iddialı klubları belə məğlub etmək iqtidarında olduğunu bilirdiniz.

- Bəli. Bundan başqa, indi onsuz da Premyer Liqada zəif klub yoxdur. Məsələn, “Simurq”u çox çətinliklə məğlub etdik. Zaqatala təmsilçisiylə oyunda iki real qol imkanı qazandıq ki, birində fərqlənərək qalib gəldik. Mən üç mövsümdür, Azərbaycanda çalışıram. Birinci mövsümü çıxmaq şərtiylə qalan iki ildə bütün klublar güclü təsir bağışlayır.
 
- “Qəbələ”yə böyük ümidlərlə transfer etdiyiniz Yannik Kamanan ötən turda qol hesabını açdı. Ümumilikdə onun oyunu barədə fikirləriniz necədir?

- Onun qol vurması çox vacib idi. Çünki üzərindəki psixoloji gərginliyi atmağı bacardı. Düşünürəm ki, irəlidəki çətin oyunlarımızda komandaya daha çox faydası dəyəcək. Mən bu futbolçunun nəyə qadir olduğunu yaxşı bilirəm. Bu üzdən onun “Qəbələ”yə keçidini istədim. Komandanın oyununa gəlincə, heç bir futbolçunu ayrılıqda fərqləndirmək istəməzdim. Qalib gələndə də, məğlub olanda da, komanda şəklində oluruq. Yəni, məğlubiyyətdə hər kəs məsuliyyət daşıyır.

Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi