Rəşad Sadıqov: «Jurnalistlərə səslənirəm, gəlin, bir-birimizə dəstək olaq»

MÜSAHİBƏ 26 Yanvar 2009 / 17:32 5055
-  A +

Türkiyənin superliqasında çıxış edən “Kocaelispor”la müqavilə bağlayan, dünən yeni klubunun heyətində uğurlu debüt edən Rəşad Sadıqov Qol.Az saytına müsahibə verib. Müsahibəni təqdim edirik.

- Hazırda Türkiyə superliqası qızğın dönəminə qədəm qoyur. Bir tərəfdən də milli komandanın təlim-məşq toplanışı start götürür. «Kocaelispor» rəsmiləri səni bu dəfə milli komandanın məşqlərinə buraxmaq istəmədiklərini bildiriblər.
- Artıq bu məsələ artıq həllini tapıb. Bilirsiniz ki, dünyanın hər yerində belə toplanışlarda klub futbolçunu milli komandanın düşərgəsinə buraxmır. Bu, tam normal bir şeydir. Buna görə də milli komandanın bu dəfəki toplanışında iştirak etməyəcəyəm.
- Bunu federasiyadan bilirlər?
- Elə onlar özləri mənə demişdilər, müqavilə bağlasan xəbər elə ki, işimizi bilək. Elə oldu ki, “Kocaelispor”la müqavilə bağladıqdan dərhal sonra sonra bu xəbəri milli komandanın rəhbərliyinə çatdırdım və onlar da mənim adımı siyahıdan çıxardılar.
- Foqts bundan narazı qalmayıb ki? Hər halda sən həm də milli komandanın kapitanısan.
- Xeyr, heç bir narazılıq olmadı. Elə mənim ölkə xaricində oynamağımda ən çox maraqlı olan şəxs Foqts idi. Həmişə mənə deyirdi ki, çalış Azırbaycandan get və daha səviyyəli əcnəbi klublarda forma geyin.
- Dünən ikinci dövrənin  ilk turunda “Hacettepe”ni 4:0 hesabı ilə məğlub etdiniz və sən də 90 dəqiqə meydançada oldun. Təəssüratlarını bilmək maraqlı olardı.
- Ağır oyun oldu. Vəziyyət elə idi ki, futbolçuların çoxu demək olar ilk dəfə idi eyni forma altında meydançaya çıxırdılar. Bundan başqa zədəli futbolçuların mövcudluğu da əlavə problem yaradırdı. Amma inanıram ki, növbəti tura kimi hər şey yoluna düşəcək. Üstəlik daha 3-4 yeni futbolçunun da transfer olunacağı gözlənilir.
- Çoxları «Kocaelispor»un 4:0 hesablı qələbəsini gözlənilməz hesab edir.
- Gözlənilməz deyəndə ki, biz meydançaya mübarizə aparmaq üçün çıxmışdıq. “Hacettepe” 90 dəqiqə ərazi üstünlüyünə malik idi və biz müdafiə olunub, əks-hücumlara bel bağlayırdıq. Elə alındı ki, bu taktika uğurlu oldu və böyükhesablı qələbə qazandıq.
- Sonuncu pillədən qurtulsanız da, hələ də təhlükəli zonadasınız. Səncə, “Kocaelispor” bu mövsüm elitada qala biləcək?
- Çox çətin olacaq. Çünki bütün oyunlarda 4:0 hesablı qələbə qazanmaq mümkün deyil. Bizi qarşıda bir-birindən ağır oyunlar gözləyir. Çıxıb sona qədər mübarizə aparacağıq.
- Ramal Hüseynovun meydana çıxmamasının səbəbi nə idi?
- Ramalın oyununu baş məşqçi çox bəyənir. Hətta oyundan iki gün öncə keçirilən ikitərəfli oyunda onu əsas heyətə salmışdı. Sadəcə, «Hacettepey»lə matç çox kritik oyun idi. Ramalın isə Türkiyə təcrübəsi yoxdur. Buna görə son anda baş məşqçi riskə getmədi. Ramalın oynamaması sırf bununla bağlıdır. Yenə deyirəm, Ramalın hazırlığı hamını tam qane edır və o, bizim baş məşqçinin istədiyi oyunu oynayır.
- Azərbaycanlı jurnalistlərdən yaman bərk incimisən. Bəlkə, bu məsələyə də toxunaq?..
- Tək istəyim və arzum odur ki, mehriban olaq. Hərə öz işinə hörmətlən yanaşsa, yaxşı olar. Şişirdilmiş informasiyalar nəyə lazımdır? Yaxud bir məsələni ehtiyac olmadan qaşımağın nə faydası? Mən demirəm ki, ideal oyunçuyam. Mənim də səhvlərim var və bunu obyektiv deyin. Bu halda qətiyyən incimərəm. Guya mən özümü reklam etdirirəm. Bu kəlmələri yazmaq heç kimə başucalığı gətirmir. Mən yenə də heç kimdən incimirəm, təkrar edirəm, hamını mehriban olmağa çağırıram. Jurnalistlərə səslənirəm, gəlin, bir-birimizə dəstək olaq. Onsuz da pis gündəyik və bu cür hərəkətlər bizi lap uçuruma aparır.
- Bəlkə olanlarda sənin də günahın var? Çünki bir müddət heç kimlə təmasda olmadın, telefon zənglərinə cavab vermədin.
- Mən konkretliyi xoşlayıram. Hələ “Kayserispor”la da müqavilə bağlayanda hamı bildi və yazdı. Əgər ortada real bir şey yoxdusa, bu haqda danışmağı xoşlamıram. Telefonu götürüb nə deyim, nədən danışım? Götürməyəndə də inciyirsiniz. Gördünüz ki, hər şey konkretləşdi və bütün suallarınızı cavablandırdım. 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi