“Ulduz futbolçunu ad naminə bura gətirməyə ehtiyac yoxdur” - “Zirə”nin fəxri prezidentinin ilk müsahibəsi

“Ulduz futbolçunu ad naminə bura gətirməyə ehtiyac yoxdur” - “Zirə”nin fəxri prezidentinin ilk müsahibəsi
MÜSAHİBƏ 5 Sentyabr 2019 / 17:12 7071
-  A +

“Zirə” Futbol Klubunun fəxri prezidenti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovla müsahibəmiz geniş alındı. Nəzərə alsaq ki, bu, O.Məmmədovun idman mediasına ilk eksklüziv müsahibəsidir, onunla söhbətdə təkcə rəhbəri olduğu klub deyil, həm də Azərbaycan futbolunun hazırkı problemli durumuna da toxunduq.


“Mənim bununla bağlı hər hansı qadağam yoxdur"

- Futbol sisteminə aid bir şəxs olsanız da, nədənsə, bu günə qədər bu sahəyə aid müsahibələriniz olmayıb.

- Bildiyiniz kimi, “Zirə” bir neçə ildir fəaliyyət göstərir və fikrimcə, klubun oturuşmuş idarəçilik sistemi var. Ümumi məsələlərdə klub rəhbərləri – prezident, icraçı direktor mənimlə məsləhətləşirlər. Fəxri prezident kimi mətbuatda az-az görünməyimə gəlincə, bununla bağlı hər hansı qadağam yoxdur. Ev oyunlarımız zamanı həmişə stadionda oluram. Heç vaxt da müsahibədən imtina etməmişəm. Yəni mətbuata açığam. Amma hesab edirəm ki, müsahibəyə özümün təşəbbüs göstərməyim yersizdir.

- Siz həm də məsul dövlət işində çalışırsınız. Bu mənada, futbola istədiyiniz qədər vaxt ayıra bilirsiniz?

- Yaxşı sualdır. Uzun müddətdir dövlət qulluğunda çalışmışam. İndi isə agentliyə rəhbərlik edirəm. Sahibkarlıq sahəsinə cavabdehəm. Əlbəttə ki, buna görə son illərdə mən futbola istədiyim qədər vaxt ayıra bilmirəm. Məhz ona görə də “Zirə”dəki statusum fəxri prezidentdir. Amma əlbəttə, klubumuzun oyunlarını izləyirəm. Azərbaycanda olanda “Zirə”nin xüsusilə bütün ev oyunlarına stadiondan baxıram. Mütəmadi olaraq futbolçu və məşqçilərlə görüşürəm. Həmçinin millimizin, “Qarabağ”, “Neftçi”, “Qəbələ”nin avrokubok oyunlarına da baxmışam.


- Bəs xarici klublardan?

- Xarici klublardan uzun müddətdir ki, “Mançester Yunayted”in azarkeşiyəm. Demək olar ki, vaxtım olanda ildə 2-3 dəfə onların oyunlarını ziyarət edirəm. Həm İngiltərədə, həm də Azərbaycana yaxın olan ölkələrdə matçları olarsa, canlı baxmağa çalışıram.

-  Bir halda ki, “Mançester Yunayted”ə belə azarkeşlik edirsiniz, onda gəlin fərz edək ki, bu dəqiqə “Zirə”nin büdcəsi sizin arzu etdiyiniz yüksək səviyyədədir. “Qırmızı şeytanlar”dan kimi almaq istərdiniz?

- Bu, əlbəttə, yalnız arzudur. Amma əgər bu seçimi mənə versələr, uzağa, Mançesterə deyil, bizə yaxın ölkələrə gedərdim. Arzuolunan büdcəmiz olsa, ulduz futbolçunu ad naminə bura gətirməyə ehtiyac yoxdur. Mən daha çox ehtiyacımız olan oyunçulara diqqət ayırardım.

“Klublar, həm də AFFA və PFL bir yerdə oturub müzakirə etməlidir”

- Gələk “Zirə”yə. Klubunuzun tarixçəsi barədə məlumat demək olar, çox azdır. Ona görə də sualım belədir ki, “Zirə” hansı zərurətdən yarandı və niyə məhz Zirə qəsəbəsini təmsil edir?

- Mənim futbola maraq və sevgimin nəticəsi olaraq, futbol komandasının yaradılması haqqında fikirləşirdik. Bilmirəm, məlumatınız var ya yox, biz uzun müddət futzalda təmsil olunmuşuq. “Baku Fire” komandasının uğurları üçün çalışmışıq. Mənim yaxın dostlarım münasibətlərimizə və xahişlərimizə görə “Zirə”yə sponsorluq edirlər. Bu şirkətlərdən biri “Azfar Group”dur. Şirkətin rəhbərləri futbola dərindən maraq göstərirlər. Sırf futbol sahəsində biznes qurublar. İlk növbədə futzaldan başlayaraq, daha böyük məqsədlər uğrunda çalışmağa qərar veriblər. Mənim tövsiyəmlə “Zirə” futbol klubunu yaratmağa qərar vermişik. Bəs klub niyə məhz Zirəni təmsil edir? Bunun da səbəbi var. Çünki bizim sponsorlarımızdan birinin rəhbərinin, həm də mənim yaxın dostum şəxsin kökü Zirə qəsəbəsindəndir. Həmçinin orda müəyyən infrastruktur, stadion var.  İstədik ki, ora töhfə verək. Məhz bu məqsədlə Zirəni seçdik.

- Amma Zirə camaatının futbola marağı sanki azdır. 1500 nəfərlik tamaşaçı tutumu olan arenada tribunalar tam dolmur. Düzdür, bu problemi təkcə sizin kluba aid etmək də doğru olmaz.  Çünki hazırda bütün Premyer Liqa klublarımızın matçlarında belə hallara rast gəlinir.

-Siz düz qeyd etdiniz. Bəli, bu, ümumən Azərbaycan futbolunun problemidir. Hətta “Qarabağ”ın, “Neftçi”nin oyunlarına belə, 300-400 nəfərdən yuxarı azarkeş gəlmir. “Zirə” yarananda sanki daha çox maraq vardı. Bu mövsüm “Neftçi” və “Sabah”la oyunlara 1000-ə yaxın azarkeş gəlmişdi. Buna”Zirə”nin problemi kimi yox,  ümumi bir problem kimi baxsaq, daha doğru olar.

- Amma bizdə bu problemi yaradan həm də nəticələrdir. ”Zirə” bir müddət qeyri-sabit çıxış etdi. Sizin fikrinizcə, bunun azarkeş sayına təsiri nə dərəcədədir?
 
- Nəticə faktoru bu məsələdə rol oynayır. Azarkeşlərimiz tələbkardır. Amma görünür, onlarla işi başqa cür qurmaq lazımdır. Bəli, müəyyən uğursuzluq olduqda bu, azarkeş sayına da təsir edir.

- Bizim azarkeşlərin çoxunda belə bir psixologiya var ki, uğursuzluq olanda oyunlara gəlmirlər. Bir klub rəhbəri kimi fikrinizcə, bu, doğru, yoxsa yanlış yanaşmadır?

-Əvvəldə də qeyd etdiyim kimi, bu, futbolumuzun ümumi problemidir. O ki qaldı azarkeşlərimizə, ümumiyyətlə futbol azarkeş üçündür. Azarkeşsiz futbol heç nədir. Amma biz oturuşmuş futbol ölkələrini, məsələn qonşularımız Rusiyanı, Türkiyəni götürsək görərik ki, buradakı azarkeşlər komandasının nəticəsindən asılı olmayaraq, stadionlara gəlib dəstək olurlar. Kimsə deyə bilər ki, Azərbaycanda azarkeş azdır. Mən razılaşmıram. Ətrafımızda insanların futbola nə qədər böyük marağı olduğunu görürük. Bununla belə, bu problemi həm klublar, həm də AFFA və PFL bir yerdə oturub müzakirə etməlidir ki, azarkeşləri necə stadiona cəlb etsinlər. Komandaların yaxşı oyun göstərib nəticə qazanması onlardan da asılıdır.

“Mən məşqçini tez-tez dəyişməyin tərəfdarı deyiləm, amma...”

- Bu məsələyə yenidən qayıdarıq. Sualım yenə “Zirə” ilə bağlıdır. Klubunuzun cəmi 5 yaşı var. Bir dəfə Avropa Liqasında oynayıb, ilk cəhddəcə mərhələ  adlaya bilmisiniz. Klubun fəaliyyətinə ümumi qiymətiniz necədir?

- Qənaətbəxşdir. Biz əvvəlcə birinci divizionda oynayırdıq, oradakı işimizə ciddi yanaşmamız, məsuliyyətimiz, peşəkarlığımız və lisenziyalaşdırma tələblərinə cavab verməyimizə görə AFFA-nın diqqətini cəlb edə bildik. Onlarla apardığımız danışıqlardan sonra Premyer Liqaya yüksəldik. Debüt ilində ikinci yeri tutduq. Hesab edirəm ki, bununla Azərbaycan futbolunda bir rekorda imza atdıq. Ondan sonra avrokuboklarda 3 illik qayda tələbinə görə iştirak edə bilmədik. Növbəti mövsümdə isə avrokuboklara vəsiqə qazandıq. İlk mərhələni keçdik. Bu da bir rekord idi. Sonra komandada bir qədər eniş oldu. Ancaq ümumi nəticələr məni qane edir. Bu il biz daha yüksək yerlər uğrunda mübarizə aparacağıq.

- Diqqətimi çəkən bir məqam var. Bu 5 il ərzində “Zirə”də üç baş məşqçi işləyib. Bunu hardasa başa düşmək olar.  Amma bu müddətdə iki dəfə də prezident dəyişikliyi olub ki, bu, sual doğurur. Səbəb nə idi?

-Hər bir prezidentin, məşqçinin qarşısına müəyyən tələblər qoyulur. Həmçinin onun da ortaya qoyduğu bir proqram olur. İki prezidentdən söhbət gedirsə, birincisi ailə məsələlərinə görə ölkəni tərk etməli oldu, ikincisi isə şəxsi səbəblərə görə klubdan getdi. Məşqçi dəyişikliyinə gəlincə, mən məşqçini tez-tez dəyişməyin tərəfdarı deyiləm. Hər bir məşqçiyə müəyyən vaxt verilməlidir. Ancaq futbol və  nəticələr səni gözləmir. Müasir zamanda da vəziyyət elədir ki, bəzən bir klub hətta bir mövsümdə bir neçə dəfə məşqçi dəyişir. Nəticələrdən asılı olaraq biz də öz qərarımızı verməyə məcburuq.

- Yəni “Zirə”nin hazırkı hədəfi gələcəyin komandasını formalaşdırmaq yox, sırf nəticəyə oynayan klub formalaşdırmaqdır?

-Əlbəttə, hər il bizim minimum məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Çempionatda oynadığımız birinci il istisna olmaqla, hər il biz komandanın qarşısına avrokuboklarda oynamaq tələbini qoyuruq.

“Gələcəkdə də baş məşqçi dəyişikliyi etsək, yenə gənc məşqçilərlə işləyəcəyik”


- Hədəfləriniz arasında çempionluq da var?

- Nə qədər çempionluq arzulasaq da, hadisələrə də real baxmaq lazımdır. Bu gün klubumuz nə büdcəsi, nə də infrastrukturuyla birinci yeri tutan komandalarla rəqabət aparacaq gücdədir. Nə qədər arzulasam da, hesab edirəm ki, məqsədimiz konkret olaraq avrokuboklarda oynamaqdır. Necə ki, çempionatda ilk dəfə qatıldığımız ildə 2-ci yeri tutduq, ola bilər bu il də çempionatın gedişində belə şanslarımız olsun.

- Ötən mövsüm komandaya Samir Abasovu baş məşqçi gətirdiniz. Onun barəsində bir gənc məşqçi kimi fikirlər ümumən müsbətdir. Bəs, sizin rəyiniz necədir?

- Samir Abasov təcrübəli biridir. Futbolçu kimi də müəyyən uğurlara imza atıb. Uzun müddət “Sumqayıt”ın baş məşqçisi olub. “Sumqayıt” da elə bir komandadır ki, onların büdcəsi elə də böyük deyil və həmişə yerli oyunçulara üstünlük verirlər. Samir Abasov bu klubda kifayət qədər yaxşı işlər görə bildi. O vaxtlar bizdə də məşqçi dəyişikliyi olub. Həm Azərbaycan futboluna, həm də ümumi məşqçilərə baxdıqda bir neçə insan var idi ki, biz onlara etimad edə bilərdik. Elə oldu ki, biz Samir Abasovla müqavilə bağladıq. Onunla ilk ilimizdə uğurlu nəticə əldə edə, avrokuboklara vəsiqə qazana bilmədik. Amma nəzərə almalıyıq ki, Samir Abasov komandanı mövsümün gedişində qəbul etdi, mövsümün ikinci mərhələsində isə biz kifayət qədər yaxşı nəticə əldə etdik. Bu baxımdan onun işini qənaətbəxş saya bilərik.

- Sizin hər üç məşqçiniz gənc olub. Maraqlıdır,  seçim edərkən, nəyə görə nisbətən yaşlı təcrübəli məşqçilərə deyil, gənc məşqçilərə üstünlük verirsiniz?

-Ümumilikdə indi nəinki Azərbaycan futbolunda, həmçinin dünya futbolunda da cavan məşqçilərə daha çox güvən var. Keçmişdə klubların özündə oynamış oyunçulara məşqçi kimi üstünlük verilir. Əlbəttə, Azərbaycanda kifayət qədər tanınmış, ağsaqqal, təcrübəli məşqçilər var. Amma hesab edirəm ki, biz yeni səhifə açıb həm Azərbaycan millisində, həm klublarda yeni nəslə, yeni mütəxəssislərə şans verməliyik. Əgər gələcəkdə də baş məşqçi dəyişikliyi etsək, yenə gənc məşqçilərlə işləyəcəyik.

“Bizdə 1-2 klubdan başqa digərləri yaşamaq uğrunda mübarizə aparırlar”

-  Azərbaycan futbolunun bir ən ağrılı yeri də uşaq futbolundakı problemlərdir. Bu baxımdan “Zirə”də vəziyyət necədir və uşaq futbolu ilə bağlı planlarınız nədir?

- Bəli, uşaq futbolu Azərbaycan futbolunun yaralı yeridir. Şəxsən “Zirə”də uşaq futboluna istədiyim qədər diqqət ayıra bilmirik. Bu, əlbəttə ki, büdcə ilə bağlıdır. Bütün klubların problemi budur. Mətbuatda oxuduqlarıma əsasən, deyə bilərəm ki, kimlərsə klubları günahlandırırlar. Deyirlər ki, akademiyalar yaxşı işləmir, milli komanda üçün futbolçu yetişdirə bilmirlər, bu tamamilə yanlış fikirlərdir. Bu gün 1-2 komandadan başqa Azərbaycan çempionatındakı digər komandalar yaşamaq uğrunda mübarizə aparırlar. Biz bunu açıq şəkildə qəbul etməliyik. Hər il “Zirə” futbol klubu olaraq, büdcəmiz haqqında fikirləşirik. Elə vaxt olub ki, hətta Premyer Liqada çıxış edib-etməyəcəyimiz barəsində düşünmüşük.  Bu, nəinki bizim, bütün klubların problemidir. Hər il biz hansısa komandanın çöküşünü görürük. Necə ki, bu il də belə hallar baş verir. Hesab edirəm ki, komandalar yaşamaq uğrunda mübarizə apararkən heç vaxt akademiya və uşaq futbolu haqqında fikirləşə bilməzlər.

- Bəs, sizin fikrinizcə, uşaq futboluna kim dəstək olmalıdır?

- Dediyim kimi bu, ümumi problemdir. Kimi futbol klublarını, kimi AFFA-nı günahlandırır. Burada hamımızın günahı var. Hər birimiz – klub rəhbərləri, AFFA və PFL oturub bu problem haqqında düşünməliyik. Bildiyiniz kimi, dövlət futbolun inkişafı istiqamətində xeyli maddi və texniki dəstək verib, Dövlət Proqramı qəbul olunub. Amma müəyyən nəticələr qənaətbəxş olmadı. Yenə də deyirəm, dövlət çox böyük diqqət ayırdı, qayğı göstərdi. 2000-ci ilin ortalarından bu vaxta kimi futbola külli miqdarda pullar ayrılıb. Ancaq yenə də futbol klublarımız fəaliyyətini dayandırır. Çünki futbol klubu bir şəxs ətrafında dolaşır. O şəxs də əlini götürən kimi klub dağılır. Ona görə deyirəm ki, biz bu problemin səbəbini ayrı-ayrılıqda axtarmamalıyıq. Birlikdə oturub nə edəcəyimizlə bağlı bir qənaətə gəlməliyik.

- Sizə görə futbolumuzdakı problemlərdə AFFA, PFL və klubların hər birinin payı var?

- Bəli. Həmçinin yerli icra hakimiyyətləri də AFFA-ya dəstək olmalıdır. Bu məsələləri komanda şəklində həll etməliyik.

- Bölgələrdə futbolun olmaması klub prezidenti olaraq sizi nə dərəcədə narahat edir?

- Deyə bilmərik ki, bölgələrdə futbol tamamilə yoxdur. Dövlət tərəfindən bölgə futboluna kifayət qədər vəsait ayrılıb, stadionlar tikilib. Müəyyən vaxtlarda bölgə komandaları Premyer Liqada təmsil olunub. Amma dediyim kimi, sponsorların komandalardan əlini çəkməsi, klubun çöküşünə gətirib çıxarır. Bu gün acınacaqlı haldır ki, əsas futbol olan bölgələrimiz - Şəmkir, Gəncə, Tovuz ya futboldan, ya da Premyer Liqadan kənarda qalıblar. Bu, ümumi problemdir. Biz kimisə günahlandıra bilmərik. 2015-ci ildə Dövlət Proqramı başa çatıb. Sonra yeni proqram olmayıb. Futbolla məşğul olanlar adamlar dövlətə təqdim etmək üçün yeni proqram hazırlamalıdır. Biz də inandırmalıyıq ki, bu proqram qəbul olunsa futbolumuza yeni bir nəfəs verəcək. Proqrama uyğun olaraq da bölgələrdə nəsə etmək olar.

- Müsahibənin əvvəlində klubda prezident təyinatı barədə danışdıq. Ancaq hələ də bu vəzifə boşdur. Yeni mövsüm başlasa da təyinat olmayıb.

- Əvvəldə də qeyd etdiyim kimi artıq neçə ildir ki, klubda sabit idarəçilik sistemi var və bir neçə aydır klubda prezident vəzifəsi boşdur. Tezliklə bunu aradan qaldıracağıq. Amma bu, “Zirə”nin fəaliyyətinə mənfi təsir göstərə bilməz.

“Bilmirəm, nəyə görə “Qarabağ”ın adı çəkilir. Mənim “Neftçi” və “Qəbələ” rəhbərliyi ilə də münasibətim var”

- Zaman-zaman “Zirə”nin adı “Qarabağ”la yaxınlıqda hallanıb. Bununla bağlı nə deyə bilərsiniz?

- Bu məsələ həmişə gündəmdədir. Burada heç bir gizlədiləsi şey yoxdur. “Qarabağ”ın rəhbərliyi ilə gözəl münasibətim var. Tahir Gözəl, baş məşqçi Qurban Qurbanov, Rəşad Sadıqov və digər futbolçularla görüşürük. Burada heç bir qəbahət yoxdur.Hər iki komandanın məşqçi heyəti və oyunçuları peşəkar şəkildə bütün oyunlarda sübut ediblər ki, şəxsi münasibətlər nəticələrə öz təsirini göstərməyib. Azərbaycanlıyıq, kiminsə kimləsə münasibəti olması normal haldır. Bir də ki, mənim təkcə “Qarabağ” deyil, digər klub rəhbərləri - Kamran Quliyev, Zaur Axundov, “Qəbələ”nin keçmiş prezidenti Tale Heydərovla da gözəl münasibətim var. Bilmirəm, nəyə görə “Qarabağ”ın adı çəkilir. Sadəcə kim bunu necə yozmaq istəyirsə, elə də yozur.

- Bəs, klub rəhbərləri bir araya gələndə futbol haqqında nə danışırsınız?

- Əsasən ümumi məsələlərdən danışırıq. Ola bilər ki, azarkeşlik etdiyimiz ortaq komanda olduqda bu barədə müzakirə edirik. Əsas da klub prezidenti olaraq əgər bir-birimizə qarşı oyun varsa, onun haqqında söhbət açırıq. Əlbəttə ki, milli komandamızın oyunu da müzakirə olunur. Birgə maraqlar üzərində müzakirələr aparılır.

“Keçmişdə Macarıstana 0:3, 0:4 hesabı ilə uduzurduq, indi də uduzuruq”

- Azərbaycan futbolunda olduğunuz bu 5 ildə hansı oyunçunu daha çox bəyənmisiniz və kimləri öz komandanızda görmək istərdiniz?

- Bir az çətin sualdır. Əslində mən 1990-cı illərin əvvəllərindən Azərbaycan futbolunu və millinin oyunlarını stadiondan izləyirəm. Yaxşı oyunçulara gəldikdə isə əgər 90-cı illərin əvvəllərindən danışsaq, Nazim Süleymanov, Vidadi Rzayev, bir neçə il sonraya getdikdə Zaur Tağızadəni qeyd edə bilərəm. Müasir futboldan danışdıqda isə, məşqçi kimi Qurban Qurbanov, futbolçu kimi Rəşad Sadıqovun adını çəkərdim. Bizim “Zirə” klubunda da yaxşı yerli futbolçular var. Bu yay transfer etdiyimiz Cavid Hüseynov, Elvin Camalov, Elvin Məmmədov yaxşı oyunçulardır. Sevindirici haldır ki, Cavid yenidən milli komandaya dəvət alıb. Ümumiyyətlə, millinin heyətində başqa layiqli oyunçular da var və onlar uğur qazanacaqlar.

- Zaur Tağızadənin adı çəkdik.  Bu gün (söhbət sentyabrın 4-ü olub - A.B.) onun Portuqaliya millisinə vurduğu qoldan düz 20 il ötür. 20 il əvvəl yığmamız Bakıda Portuqaliyadan xal almışdı. Çox adam deyir ki, həmin dövrdəki milli komanda günümüzdəkindən daha yaxşı idi. Nəticə baxımından hər ikisində ciddi uğur qeydə alınmasa da, belə fikirlər var ki, 10-15 əvvəlki milli komandanın maliyyəsi olmasa da, indikindən daha yaxşı çıxış edirdi.

- Keçən illərə baxsaq, bəli, əvvəllər millinin infrastruktur, maliyyə, idarəçilik problemləri var idi. Amma müasir milli komanda ötən illərlə müqayisə olunmaz səviyyəyə çatıb. Bu gün milli müasir bazada məşq edir. Bu gün onların yüksək nəticə qazanmaq üçün hər bir şəraitləri var. Ancaq müqayisə üçün deyək ki, futbol da dayanmır, daim inkişafdadır. Bu gün biz bir neçə milyon xərcləyiriksə, bu məbləğ başqa yerlərdə bundan dəfələrlə çox xərclənir. Sadəcə dediyim kimi, biz bir yerdə çalışıb, problemlərə dərindən baxıb onları həll etməyə çalışmalıyıq. Qeyd etdiyiniz kimi, əvvəlki və indiki milli komandalar infrastruktur cəhətdən müqayisəedilməz olsa da, nəticə baxımdan dəyişən bir şey yoxdur. Keçmişdə Macarıstana 0:3, 0:4 hesabı ilə uduzurduqsa, indi də uduzuruq. Ona görə də problemlər qalır.

“Azərbaycan Premyer Liqasında oynayan legionerlərin səviyyəsindən narazıyam”

- Bayaq siz legionerlər haqqında danışarkən fayda verəcək oyunçuların gətirilməsinin mühüm olduğunu qeyd etdiniz. Azərbaycana transfer edilən legionerlər baxımından “Zirə”yə gələnləri necə qiymətləndirirsiniz? Ümumən legionerlərimizin səviyyəsini necə dəyərləndirərdiniz?

- İki aspektdən bu məsələyə yanaşardım. Mən ilk olaraq bu məsələyə azarkeş kimi baxıram. Azərbaycan Premyer Liqasında oynayan legionerlərin səviyyəsindən narazıyam. 2000-ci illərə baxdıqda Azərbaycandakı legionerlərə külli miqdarda pullar xərcləndiyini görərik. Bunların çoxu göyə səpələnmiş pullar idi. “Xəzər Lənkəran” “Bakı” “İnter” kimi klublarda bu halı müşahidə edə bilirdik. 2010-cu ildən sonra bu məsələyə yeni prizmadan baxılmağa başladı. Əgər sırf “Zirə”nin fəxri prezidenti olaraq mənim dediyim kimi edib legionerlərin sayını azaltsaq, komandamız mübarizədən kənarda qalacaq, nəticə əldə edə bilməyəcəyik. Sistemdən qopmamaq üçün məcburuq ki, 3-4-cü səviyyəli legionerlə müqavilə imzalayaq.

- Ümumən götürəndə Azərbaycana gətirilən 70-80 faiz legionerlərin yüksək səviyyədə olmadığı deyilir. Belə oyunçulara pul xərcləmək əvəzinə bu pulu yerli yeniyetmə oyunçulara xərcləyib, lazımı insfrastruktur da qurmaqla, yaxın 5-10 ildə fayda götürmək daha yaxşı olmazdımı?

-Ölkəmiz futbol ölkəsi olmadığından belə məsələlərdə başqa ölkələrə uduzuruq. Azərbaycan elə legioner oyunçu var ki, Türkiyədə, yaxud Avropanın balaca bir ölkəsində çıxış etsəydi, buradakından qat-qat aşağı maaş alacaqdı. Çünki ora futbol ölkəsidir, orda oynamaq imkanları var. Avropada oynamaq şansları var. Ancaq həmin oyunçu bura gəlir və ölkə haqqında məlumatı olmur. Bakıda oynayırsa cüzi məlumat ola bilər. Ancaq bu, bölgə klubu olduqda vəziyyət tamam dəyişir. Belə oyunçuları bura gətirmək üçün ona daha çox pul verməyə məcbur oluruq. Türkiyə və başqa ölkələrdən savayı.

- Çempionatımızda olan legioner limitinin ləğvi və ya azaldılması ilə bağlı fikirlər də var. Qurban Qurbanov isə bir neçə gün əvvəl yerli futbolçularla bağlı 21 yaş limitinin ləğvinə tərəfdar çıxıb. Sizin bu barədə təklifləriniz nədir?

-Bu, olduqca həssas məsələdir. Legioner limitinin qalmasını istəyənlər yerli oyunçuların, ləğvini istəyənlər isə komandalarının inkişafını istəyirlər. Burada ikitərəfli yanaşma var. Ona görə də hesab edirəm ki, bu məsələ hərtərəfli və ciddi müzakirə edildikdən sonra yekun qərara gəlinməlidir. Bundan başqa, bütün futbol rəhbərləri düşünüb elə sistem qurmalıdırlar ki, normal maliyyə sistemi olmalıdır. Komandaların normal mübarizə aparması üçün bu sistem olduqca vacibdir. Bütün klublar ilk 4-lüyə düşməyə can atır. Burada isə məsələ gəlib yenə maliyyəyə dirənir. İkinci və üçüncü səviyyəli komandalar aşağı səviyyəli oyunçularla müqavilə bağlamağa məcbur olurlar. Bu isə birbaşa rəqabətin azalmasına gətirib çıxarır. Ona görə də bu suala cavab vermək çətindir. Hazırda başqa məsələlərə daha çox diqqət ayırmalıyıq. İndi qaydalar necədirsə, o cür qalması labüddür.

-  “Qarabağ”, “Neftçi” və “Zirə”nin büdcəsi arasında uçurum çoxdur?

- Görürük ki, hər yerdə maliyyə “fair play”i var. UEFA buna çox diqqət ayırır. AFFA da sağolsun, bu yaxınlarda hər bir komandanı maliyyə hesabatlarını çıxarmağa məcbur etdi. Ancaq təqdim olunan maliyyə hesabatları bəzi hallarda reallığı əks etdirmir. Bəzi komandaların maliyyə hesabatındakı rəqəmlər başqa şeyi göstərir, ancaq heyətə baxdıqda hansısa bir oyunçunun daha yüksək maaş aldığı görünür. Hesab edirəm ki, bu məsələyə diqqət yetirməliyik. Maliyyə “fair play”i çox vacibdir.

- “Zirə”də qiyməti şişirdilmiş səviyyədə olan futbolçu var?

- Dünya futbolunda belə şişirdilmiş qiymətlər var. Bu, bizim problemimiz deyil. Sadəcə biz bu problemi qəbul etməliyik. Məsələn futbolçularımız niyə xarici komandada oynamırlar? Çünki o xaricə gedib qat-qat aşağı maaş almağa, tanınmamış mühitə getməyə və oradakı karyerası haqqında düşünməyə məcburdur. Qeyd etdiyim səbəblərdən oyunçular burada qalmağı üstün tutur. Futbolçularımız yaxşı maaşı, tanıdığı insanları və öyrəşdiyi mühit arasında oynamağı seçir. Burada maaş yüksək olduğundan onu kifayət qədər qane edir. Ölkəmizdə yerli futbolçuların maaşları digər sahədə çalışanların maaşından daha yüksəkdir. Ancaq bu prizmadan baxmamalıyıq. Müasir futbol indi biznes kimi yönləndirilir. Ona görə də komandalar olaraq müəyyən qənaət etsək, hansısa nəticəyə gələrək, futbolçularımızın xaricdə oynamaqlarına töhfələr verə bilərik.

- Futbol həm də bir arzular oyunudur. Hər bir klub rəhbərinin öz arzuları olur. Söhbətimiz zamanı “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin adlarını çəkdiniz. Hər 3 klub Avropada qrupda oynamış klubdur. Sizin proqnozunuza görə, “Zirə” nə vaxt Avroliqanın qrup mərhələsində çıxış edə bilər?

- Hazırda AL-də çıxış edən komandalarımızın büdcəsinə yaxın bir büdcəmiz olanda əlbəttə ki, biz də oynaya bilərik. Məsələ birbaşa olaraq büdcə ilə bağlıdır. Büdcəmiz az olduğuna görə avrokuboklarda irəliləyə bilmirik.

- Yəqin ki, digər klubların büdcəsi barədə məlumatlısınız. Bu mənada, büdcə ilə sıralasaq, “Zirə” Premyer Liqa klubları arasında neçəncidir?

-Hesab edirəm ki, adımız ilk dördlükdə var.


Söhbətləşdi: Aydın BAĞIROV
Fotolar: Ramin ASLANOV

Daha çox


Son xəbərlər