"Razıyam, təyinat gecikir" - Şahin Diniyev

"Razıyam, təyinat gecikir" - Şahin Diniyev
MÜSAHİBƏ 31 Yanvar 2019 / 18:08 5623
-  A +

AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Qol.az-a müsahibə verib. Milli komandamıza baş məşqçi təyinatı ilə bağlı danışan mütəxəssis klubların qış hazırlığını da dəyərləndirib.

- Milli komandanın sükanı arxasına "Yuventus" və "Çelsi"də Antonio Kontenin köməkçisi işləmiş italiyalı mütəxəssis Anjelo Alessionun gətiriləcəyi deyilir. Məşqçilər Komitəsinin üzvü kimi, bu məsələdən xəbəriniz var?

- Xeyr, heç bir məlumatım yoxdur. Çünki biz Məşqçilər Komitəsi olaraq, fevralın 4-də yığışacağıq. Həmin tarixdə iclasımız var.

- Ümumiyyətlə, A milliyə yeni baş məşqçinin adı nə vaxt açıqlanacaq?

- Açığı, bunu biz açıqlamırıq. Baş məşqçini federasiya, İcraiyyə Komitəsi təyin edir. Yəni, sırf federasiyanın işidir. Ola bilər, danışıqlar yekun mərhələsindədir. Mənə elə gəlir ki, fevralın ilk günlərində, maksimum ayın 10-na kimi yeni baş məşqçinin adı açıqlanar.

- Avro-2020-nin seçmə mərhələsinin başlamasına 2 aydan da az vaxt qalıb. Yəqin siz də razılaşarsınız ki, təyinat xeyli gecikib...

- Bunu hamı deyir, mən də sizinlə razıyam. Burada bir fikir də var. Məncə, olduqca məsuliyyətli seçim olduğuna görə buna belə yanaşılıb. Bəlkə də bir çox namizədlə görüş olub. Onların arasında seçim etmək çox çətindir. Həm də məsuliyyət çox böyükdür. Elə seçim olmalıdır ki, uduzmayaq. Bu da bir səbəb ola bilər. Ancaq tamamilə razıyam ki, yeni gələn məşqçi üçün çox qısa zaman var. Bir məsələ də var ki, məşqçi bir oyun üçün gəlmir. Elə bir seçim etmək lazımdır ki, komandada sistem yaratsın, uğura aparan yolu göstərsin. Gecikməni buna da bağlamaq olar. Martda ilk oyunumuzu keçirəcəyik. Lakin bu, son matç demək deyil. Ola bilər ki, ondan sonrakı oyunlara yanaşma daha fərqli olar.

- Antalyada U-21 yığmamızın düşərgəsində olub, oyunlarını izlədiniz. Yəqin ki, orada yeni baş məşqçisi Milan Obradoviçlə görüşüb, söhbət etmək imkanınız da oldu. İlkin təəssüratlarınız necədir?

- U-21-in Antalya toplanışına kənarda oynayan futbolçular qatılmamışdılar. Təxminən 6-7 futbolçu kənarda qalmışdı. Obradoviç namizəd futbolçuların meydanda nə etmək istədiklərini başa düşmək istəyirdi. 1-2 oyuna hansısa taktiki gedişləri yeritmək çətin məsələdir. Toplanış sırf tanışlıq xarakteri daşıyırdı.

- Antalyada klubların da hazırlıq prosesini izləyə bildiniz, yoxsa ancaq U-21-in düşərgəsində oldunuz?

- Yox, biz sırf U-19 və U-21-in məşqlərində, oyunlarında mütəmadi olaraq, iştirak etdik.

- Yəqin ki, nəticələrdən və etdikləri transferlərdən xəbəriniz oldu...

- Bəli, nəticələrdən xəbərdaram. Amma Antalyada keçirilən yoxlama oyunlarının heç biri göstərici deyil. Çünki bunlar hazırlıq mərhələsində keçirilən matçlardır. Orada komandaların hamısının hazırlıq səviyyəsi heç də eyni olmur. Kimsə yeni başlayır, kimsə fiziki yüklənmədən sonra oyuna çıxır, kimsə heyəti, yeni gələnləri, gəncləri yoxlayır. Burada müxtəliflik istər-istəməz özünü göstərir. Əsas çempionat və avrokubok oyunlarıdır ki, komanda həmin matçlara pik nöqtəsində çıxmalıdır. Elə komandalar var ki, təyyarədən düşüb oyun keçirirlər. Antalyada kiminsə məğlub olması, kiminsə qalib gəlməsi onların gücündən xəbər vermir.

- Hazırda çempionluğa iddialı 2 komanda var və liderlik uğrunda mübarizə də məhz onların - "Qarabağ"la "Neftçi"nin arasında gedir. İndiki məqamda daha çox onların alıb-satdığı oyunçular müzakirə olunur. Ağdam klubu fasilədə Riçard Almeyda ilə Reynaldo Silvanı geri qaytardı. Sizcə, braziliyalılar komandaya əvvəlki kimi fayda verə biləcəklər?

- Hər ikisi "Qarabağ"ın köhnə-təzə üzvləridir. Artıq komandanın sisteminə bələd olan, rotasiyaya ehtiyac olmayan futbolçulardır. Məncə, "Qarabağ"ın oyununa rəng qatacaqlar. Bu, danılmazdır. Nə dərəcədə fayda verəcəklərini isə zaman göstərəcək. Amma komandanı gücləndirə biləcəklərini azarkeş də deyə bilər.

- Mamadu Kane, Mamadu Mbodj, Vangelis Platellas, Aqil Məmmədov, Turan Vəlizadəni heyətinə qatan "Neftçi" əvəzində isə braziliyalı yarımmüdafiəçi Dario Federikonu satdı. Darionu yaxşı tanıyırsınız, "Kəpəz"də başçılığınız altında oynayıb. Sizcə, çempionluğa oynayan komandanın belə bir aparıcı oyunçunu satması nə dərəcədə düzgündür və bu, "ağ-qaralar"ın hədəflərinə necə təsir göstərəcək?

- Darionu yaxşı tanıyan biri kimi deyirəm ki, o, doğrudan da nəticə verən futbolçudur. Ola bilər ki, müdafiəyə kömək etməmək baxımından taktiki cəhətdən səhvlər buraxa bilər. Ancaq oyunun taleyini həll edə bilən futbolçulardan biridir. "Neftçi"nin öz strategiyası var. Bəlkə Darionu satıb, ondan da yaxşısını alacaqlar. Məncə, elə birisi gələcək. Lakin Federikonu "Neftçi" üçün itki saymaq olar. Amma mənə elə gəlir ki, klub rəhbərliyi bu boşluğu doldurmaq gücündədir.

- Bu həftəsonu Topaz Premyer Liqada mövsümün ikinci hissəsinə start veriləcək. Təbii ki, əsas diqqət fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçına yönələcək. Hazırda Ağdam təmsilçisindən 3 xal öndə olan Bakı klubu turnir cədvəlinə başçılıq edir. Necə düşünürsünüz, həmin matçı çempionluq mübarizəsi baxımından mövsümün oyunu adlandırmaq olar, yoxsa bu barədə danışmaq hələ tezdir?

- Məncə, olmaz. Çünki 2 komandanın mübarizəsində bəlkə də çox adam onların öz aralarında keçirilən oyunları nəzərə alır. Ancaq faktlara baxsaq, nəinki Azərbaycanda, digər çempionatlarda da bu cür komandaların daha çox özlərindən aşağıda qərarlaşan klublarla görüşlərdə xal itirdiklərinin şahidi olarıq. Bu gün Premyer Liqada 8-ci yerdə gedən komanda ilə lider arasında böyük bir uçurum yoxdur. Mənə görə, bu oyundan sonra kiminsə özünü çempion elan etməsi düzgün olmaz. Onların digər komandalarla qarşılaşmaları daha önəmli olacaq. Düzdür, bu da vacibdir. Amma lazım olmayan yerdə itirilən xallar komandaya çempionluq yolunda badalaq vura bilər.

- Sizcə, bu mövsüm çempionluq üçün hansı komanda daha şanslıdır?

- Hansısa klubun tərəfini tutmaq düzgün olmaz. Hər hansı biri çempion olsa, digərinə görə təəssüflənməyə dəyməz. Çünki hər ikisi layiqdir. Sadəcə, lazımsız xal itkiləri və ehtiyat qüvvənin nə qədər çox olması böyük rol oynayacaq.

- Son olaraq, Coşqun Diniyevin "Qarabağ"ı "Sabah"a dəyişməsi ilə bağlı fikrinizi bilmək maraqlı olardı. Oğlunuzun qərarını necə qarşıladınız?

- Normal. "Qarabağ" Coşqun üçün böyük məktəb oldu. Orda keçirdiyi 4 ildə qazandıqları çox olub. Buna görə klub rəhbərliyinə, baş məşqçiyə təşəkkürümü bildirirəm. Ancaq bir yerdə çox qalan futbolçular barmaqla sayılacaq qədərdir. Gəlin, etiraf edək ki, bu gün "Qarabağ"ın orta xəttində 6-7 futbolçu var ki, onlar Coşqunun oynamaq şansını azaldırdı. Məncə, düzgün addım atdı. Şöhrət baxımından uduzsa belə, oynamaq baxımından udacaq. Ümid edirəm ki, "Sabah"da daha çox oyun keçirəcək. Futbolçu oynamırsa, onun artırması çox çətin məsələdir. Ona görə də düşünürəm ki, yerində və vaxtında verilən qərardır.

- Coşqunun "Sabah"ı seçməsində sizin də təsiriniz oldumu?

- Səmimi deyim, hələ dekabr ayında Coşqunla söhbətimiz olmuşdu ki, oynamaq lazımdır. Demişdim ki, Antalya toplanışında öz üzərində daha çox işləməlisən. Bu gün kim güclüdürsə, o da oynayır. Futbolda ədalət prinsipləri var. "Qarabağ" Antalyada olanda bu söhbət ortaya çıxdı və Coşqun baş məşqçisi ilə söhbətində komandadan getmək istədiyini bildirdi. Gördü ki, Almeydanın da qayıtması onun oynamaq şansını daha da azaldacaq. Məndən soruşdu, dedim ki, sən seçimini et, mən dəstəkləyəcəyəm. Bildirdim ki, orada sən oynayacaqsan, ona görə seçimi də özün et. Dedi, komandamı dəyişmək istəyirəm, mən də uğurlar arzuladım. Daha sonra "Sabah" klubundan mənimlə əlaqə saxladılar, dedim, özü ilə dnaışa bilərsiniz. Özləri danışdılar, razılaşdılar. Mən də hər ikisinə uğurlar arzuladım.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord