"İşləməyə gücüm də var, ağlım da" - Ağasəlim Mircavadov

"İşləməyə gücüm də var, ağlım da" -  Ağasəlim Mircavadov
MÜSAHİBƏ 31 May 2017 / 14:52 8465
-  A +

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun Qol.az saytına müsahibəsi

- Milli komandamız DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya yığmasını qəbul edəcək. Bu görüş haqda nikbin danışmaq olar?

- Düzdür, hazırlıqlar gedir, ancaq komandamıza oyun təcrübəsi lazımdır. Deyirdilər, Avstriyada iki yoxlama oyunu olacaq. Deyəsən,alınmadı. Bu, komandamızın oyununa mənfi təsir edə bilər. Məşq başqadır, oyun başqa. Futbolun qanunu budur ki, vacib oyundan əvvəl yoxlama görüşü keçirməlisən.  Burda da rəqib yoxdur. Ona görə də futbolçularımızın işgüzarlığı və xarakterindən çox şey asılı olacaq. Standart vəziyyətlərdə diqqətli olmalıyıq. Rəqibin oyun tərzini bilirik. Onlara ərazi üstünlüyü verməməliyik. Əsasən standart vəziyyətlər üzərində işləmək lazımdır. Əsas bizim necə oynamağımızdır.

- Komandamız bu rəqibə səfərdə 0:4 hesabı ilə uduzmuşdu. Bu məqam futbolçularımızın motivasiyasına necə təsir edə bilər?

- Komandamızın üzərində təzyiq olacağını düşünmürəm. Ancaq rəqib təzyiq edə bilər. Futbolçularla söhbət etmək lazımdır ki, bu oyunda xarakter hesabına nəsə etmək olar. Azarkeşlərimiz də komandamıza çox kömək etməlidir. Elə dəstək verməlidirlər ki, futbolçularımızın oyun təcrübəsinin az olması bilinməsin. Təbii ki, biz bu dəfə komandamızdan yaxşı nəticə gözləyirik. Futbolçularımız da bunu başa düşür.
 
- Topaz Premyer Liqası bu mövsüm bir ay tez başa çatdı. Milli komandamızın hazırlaşmaq üçün vaxtı daha çoxdur. Bu amilin nə kimi köməyi ola bilər?

- Əgər yoxlama oyunu keçirmirsənsə, çempionatın tez bitməyinin xeyiri yoxdur. Əgər çempionat həmişəki kimi may ayında bitsəydi, onda millimizin yoxlama oyununa o qədə də ehtiyac olmazdı. Ancaq təsəvvür edin ki, çempionat aprelin 29-da başa çatıb, millimiz isə iyunun 10-da vacib oyuna çıxır. Komandamız 1 aydan artıq oyunsuz qalır. Futbolçu formaya ancaq oyun hesabına düşə bilər.

- "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanın millimizdə oynayacağı dəqiqləşdi.

- Almeydanın oyunu yığmamıza güc verəcək. Ancaq əvvəlcə mühitə və oyunçulara uyğunlaşmalıdır. Düzdür, Almeyda ilə şəxsi tanışlığım yoxdur, ancaq oyunundan belə başa düşürəm ki, o, hər komandaya uyğunlaşa bilər.

- Klublarımızdan bu il avrokuboklarda nə gözləyirsiniz?

- Biz 10 il bundan əvvəl düşünürdük ki, avrokuboklara vəsiqə qazansaq, hazırlığa başlayarıq. Bu fikir səhvdir. Avrokuboklarda yaxşı nəticə qazanmaq istəyən klub artıq qış fasiləsindən buna hazırlaşmalıdır. Ancaq klublarımız bəzən buna əməl eləmir. Bu il çempionatımız tez bitdi. Komandalarımızın istirahət və hazırlıq üçün xeyli vaxtı var. "Qəbələ"də yaxşı yerli oyunçular cəmləşib. Ancaq bununla yanaşı, legionerlərdə də lazımdır. Komanda iki il Avroliqanın qrup mərhələsində oynayıb. Kifayət qədər təcrübəsi var.

"Zirə" ilk dəfə Avroliqada çıxış edəcək. Rəqibdən çox şey asılı olacaq. "İnter"in durumu isə hər kəsə bəllidir.  

- Sizcə, "Qarabağ"ın Çempionlar Liqasında uğurlu nəticə qazanmaq üçün potensialı var?

- "Qarabağ"ın problemi başqadır. Vaxtilə Almeyda, Reynaldo və Çumbinyo çox yaxşı oynayırdı. Sonra nəsə alınmadı. Komanda indi də həmin oyunu göstərməyə çalışır. Çempionlar Liqasında oynayan komandanın güclü heyəti olmalıdır. Əsas problem hücum xəttindədir. Düzdür, cavan, yerli hücumçular var. Ancaq onlar Çempionlar Liqasında komandaya uğur qazandırmaq gücündə deyillər. Bunu etiraf etmək lazımdır. Komandaya yaxşı hücumçu lazımdır. Müdafiəçi də alınmalıdır. Çünki "Qarabağ" avrokuboklar zamanı həftədə  2 oyun keçirir. Bunun üçün iki güclü heyətin olması vacibdir. Əks halda oyun sistemini saxlamaq olmaz. "Qarabağ" ardıcıl 4-cü ildir ki, Çempionlar Liqasında çıxış edəcək. Deməli, komanda necə mübarizə aparacağını bilir.
 
- Adınız tez-tez müxtəlif klublarla hallansa da, hələ də işsizsiniz. Yenidən məşqçiliklə məşğul olmaq istəyirsiniz?

- Niyə də işləməyim? Mənim gücüm də var, ağlım da. İşləməyim məndən yox, klub prezidentlərindən asılıdır. Nəticə verən məşqçilər həmişə işə hazır olurlar. Mən də şükürlər olsun ki, az-çox nəticə vermişəm. Ona görə də həmişə işləməyə hazıram. Yeni komanda da qura bilərəm.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi