Həbsdə yatdı, sonra çıxıb “Neftçi”nin kapitanı oldu!

Həbsdə yatdı, sonra çıxıb “Neftçi”nin kapitanı oldu!
FUTBOLUN TARİXİ 29 Yanvar 2017 / 11:19 12580
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulur!

Bu il 80 illik yubileyini qeyd edəcək “Neftçi”nin tarixinə düşən bir çox futbolçu olub. Təbii ki, bu mənada klubun kapitanlarının yeri xüsusi olub.  Məlum məsələdir ki, SSRİ vaxtı “Neftçi” Azərbaycanın yığma komandası hesab olunurdu. O vaxtlar bu komandaya hər futbolçu düşə bilmirdi qaldı ki, onun kapitan sarğısını daşıya.  Bu şərəfə layiq olan futbolçulardan biri də Əli Rəhmanov olub. İstər oyunu, istərsə də xarakteri ilə “Neftçi” azarkeşlərinin dərin hörmətini qazanmışdı. 60-70-ci illərdə “ağ qaralar”ın formasını geyinən Rəhmanov əsl lider idi. 70-ci illərin  əvvəllərində isə o, komandada əvəzolunmaz futbolçuya çevirilmişdi.  Onda futbolçu üçün tələb olunan bütün keyfiyyətlər var idi.  Ampluası mərkəz yarımmüdafiəçisi idi. Boyu mövqeyinə görə hündür idi. Fiziki hazırlığı da yaxşı idi. Futbolu da çox ağıllı oynayırdı. Buna görə də liderə çevirilməsində təəccüblü heç nə yox idi. Bu cür liderin sonradan kapitana çevirilməsində də həmçinin. Əli Rəhmanov bu sarğının da haqqını layiqincə verdi və bu günə qədər “Neftçi”nin kapitanı olmuş futbolçular arasında layiqli yerini tutmağı bacardı.

Amma çoxumuz bilmirik ki, onun əsl adı Əli yox, Ələkbərdir/

Lakin sonradan qısa olaraq Əli deyildiyi üçün hər kəs də onu Əli kimi yaddaşına həkk edib.  “Neftçi”yə gəlişi yaxşı dövrə düşdü. Hamımız bilirik ki, “ağ qaralar” SSRİ çempionatında bir qayda olaraq orta və aşağı pillələrdə qərarlaşırdı. Komanda tarixinin ən böyük uğurunu 1966-cı ildə qazanaraq SSRİ çempionatının gümüş medallarına sahib çıxıb. Düzdür, sonradan bakılılar bu uğurun ardını gətirə bilmədilər. Amma 1967-68 futbol mövsümündə 5-ci pilləni tutmağı bacardılar. Ümumiyyətlə, 60-cı illər “Nefçi”nin tarixində ən yaxşı illər olub. Bu isə azarkelərə ümid verirdi ki, növbəti mövsümlərdə  daha iddialı “Neftçi” görsün. Həmin illərdə “Neftçi”nin oyunlarına maraq da xeyli artmışdı. Oyunları izləmək üçün indiki Respublika stadionuna 30-35 min azarkeş gəlirdi. Bax, Əli Rəhmanovun  “Neftçi”yə gəlişi həmin dönəmdə baş verdi.

Ümumiyyətlə, 1960-cı illərdə komandanın uğurlu çıxışı həm də bir çox gənclərin futbola axınına da təkan verdi.  Əli Rəhmanov da həmin gənclərdən  idi. O, 1965-ci ildə futbolla məşğul olmağa başladı.  Bir müddət sonra isə bir çox üstün keyfiyyətlərinə görə, onu “Neftçi”yə qəbul etdilər.  Bununla da Əli çoxlarının arzusunda olduğu “ağ qara” formanı geyinməyə başladı.  Onun bəxti həm də onda gətirdi ki, o dövrün usta futbolçuları ilə çiyin-çiyinə oynamaqla onlardan xeyli şey öyrəndi, təcrübəsini artırdı.

Sonralar verdiyi açıqlamasında o özü həmin günləri belə xatırlamışdı: “Xoşbəxtliyim onda olub ki, yaxşı məşqçilərin əlinin altında böyümüşəm. Yaşar Babayev, Kazbek Tuayev, Valeri Hacıyev, Anatoli Banişevski, Vladimir Bruxti kimi futbolçulardan isə çox şey öyrənmişəm”.

Əli Rəhmanovun “Neftçi”nin əsas komandasına cəlb olunması isə 1968-ci ildə baş verdi.  O, ən qısa zamanda özünü sübut edərək komandanın aparıcı futbolçusuna çevirilməyi bacardı. Təsadüfi deyil ki, paytaxt klubu həmin il Suriyaya yoldaşlıq görüşünə gedəndə gənc  Əli də həmin heyətə daxil edilmişdi. Qəhrəmanımızın qısa zamanda özünü bu cür göstərməsi SSRİ məkanında da ona xeyli diqqət yaratdı. Məhz bu diqqətin, marağın nəticəsi idi ki, Rəhmanov “Neftçi”nin heyətində yeni-yeni möhkəmləndiyi vaxtda ona Donetsk “Şaxtyor”undan təklif gəldi.  Lakin Əli bu təklifi qəbul etmədi.  Səbəb kimi isə doğma Bakıdan ayrı yaşaya bilməyəcəyini göstərdi.


1968-ci il, Suriya. Şəkildə soldan sağa: Əli Rəhmanov, Adil Babayev, Ağasəlim Mircavadov və komandanın rəsmisi Rauf Adıgözəlov

Beləliklə, doğma komandasında və doğma şəhərində qalan Əli 70-ci illərdə komandanın əvəzolunmaz liderinə çevirilməyə başladı. Eyni zamanda komandada nüfuzu da artdı. Belə ki, onun hər hansı bir sözü bəzən qanun kimi qəbul olunurdu. Bir növ komandada onu ağsaqqal kimi qəbul etməyə başladılar. Təsadüfi deyil ki, bu xüsusiyyətlərinə görə onu komandanın kapitanı da seçmişdilər. Bütün futbolçular da kapitan kimi Rəhmanovun dediklərini canla-başla yerinə yetirirdilər. Lakin…

Əbəs yerə deməyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Hər şeyin qaydasında getdiyi bir vaxtda kapitanın həyatında böyük şok yaşandı. Tale onunla elə bir oyun oynadı ki…

Bu oyunun nəticəsində Rəhmanov nə az, nə çox, 2 ilə yaxın futboldan kənar qaldı. Tək futboldan kənar qalmadı. Futbolla bərabər azadlıqdan da məhrum edildi və karyerasının ən gözəl çağlarında 21 ay həbs yatmalı oldu. Bildiyiniz kimi, SSRİ qapalı dövlət idi və kənar valyutanın, xüsusilə də dolların ölkəyə girişi rəsmən qadağan idi. Yəni indiki kimi, kimin ürəyi istədi, dollar əldə edə bilmədi. Deyilənə görə, həmin vaxt Əli Rəhmanov da dövlətdən gizlin valyuta saxlayırmış. Məhz bu hərəkətinə görə, karyerasının zirvəsində onu həbs etdilər. Rəhmanov 7 ay DTK-da (Dövlət Təhlükəsizlik Komitəsi), 14 ay isə həbsxanada məhbus həyatı yaşadı, min-bir əzab-əziyyət çəkdi. O həyatı yaşayan çox az sayda insan sonradan özündə güc tapıb futbola qayıda bilər. Normalda 3-4 həftə futboldan kənar qalan futbolçunun karyerasında ciddi eniş yaşanır və o, formasını itirir. O ki qala il yarımdan çox ola. Amma Əli əsl kapitan və əsl lider idi. Ona görə də bütün bu yaşadıqlarından sınmadı. Dəmir barmaqlıqlar arasından çıxıb azadlığa qovuşandan dərhal sonra yenidən futbola qayıdı. Doğma “Neftçi” də Rəhmanova dəstək oldu. Azarkeş sevgisi də öz yerində. Məhz bunun sayəsində Əli ən qısa zamanda formasını bərpa edib yenidən liderə çevirilməyi bacardı. O da maraqlıdır ki, həbsdən çıxdıqdan sonra komandanın kapitan sarğısı onun qoluna bağlandı. Baxmayaraq ki, o vaxtlar Mərkəzi Komitə və DTK bu cür məsələlərə çox ciddi yanaşırdı. Lakin Rəhmanovun kapitan seçilməsinə onlar da heç bir reaksiya göstərmədi. Görünür, onlar da başa düşürdülər ki, azarkeşlərin sevimlisi cinayətkar deyil və günahsız olaraq il yarımdan çox həbsdə yatıb.  Maraq üçün deyək ki, həmin dövrlər Əlini dahi sovet futbolçusu Eduar Streltsovla müqayisə edirdilər. Çünki qəhrəmanımızın yaşadılarını 50-ci illərdə Streltsov da yaşamışdı. Eduard SSRİ millisinin üzvü olsa da, 1958-ci ildə keçirilən DÇ-yə onu əvəzinə heyətə erməni Nikita Simonyanın adını saldılar. Eduardı isə zorlamada ittiham edib 7 il həbs verdilər. Halbuki bunlar hamısı cəfəngiyyat idi. Deyilənə görə, SSRİ-nin partiya rəhbərlərindən olan Yekaterina Fursova istəyirdi ki, Streltsov onun qızını alsın. Streltsov isə bundan imtina etmişdi. Nəticədə Eduardı qızını zorlamaqda ittiham edib "içəri” basdırmışdı.

Bir maraqlı məqama da toxunaq ki, Rəhmanov həbsxanaya düşməzdən əvvəl o dövr SSRİ olimpiya yığmasının baş məşqçisi Konstantin Beskovu onu komandaya dəvət etmişdi. Bu məqsədlə Moskvadan Bakıya teleqram da göndərilişdi. Lakin həmin teleqram Bakıya çatanda Əli artıq həbsxanada idi. İl yarımlıq həbsxana həyatı qəhrəmanımızın SSRİ millisinə düşmək imkanlarını da tamamilə məhv etdi.

Bütün bunlara baxmayaraq Rəhmanov futbolda yenidən öz sözünü deməyi bacardı. 1976-cı ildə “Neftçi”nin yenidən SSRİ çempionatının güclülər dəstəsinə qayıtmasında lider kapitanın da böyük əməyi oldu. Əli tək xarakteri və xarakteri və xarizması ilə deyil, eyni zamanda oyunu ilə də lider idi. “Neftçi”nin bütün standard vəziyyələrini, cərimə və künc zərbələrin məhz o yerinə yetirirdi. Komanda güclülər dəstəsinə vəsiqə qazanandan sonra da kapitan sarğısı qəhrəmanımızın qolundan düşmədi. 1980-ci ilə kimi. Hansı ki, həmin il Əlinin futbolçu kimi son ili oldu və Rəhmanov futbolçu karyerasını başa vurdu.

Futbolçu karyerasını başa vursa da təbii ki, futboldan kənarda qalmadı və məşçilik fəaliyyətinə başladı. Baş məşqçi kimi ilk klubu isə Naxçıvan “Araz”ı oldu. Daha sonra isə Qazaxın “Göyəzən” klubunda eyni vəzifəyə təyin olundu. Qazax klubunda baş məşqçi kimi ilk böyük uğuruna imza atdı və bu komandanı SSRİ kubokunun 1/4 final mərhələsinə çıxardı. Bu nəticə ucqar rayon olan Qazax üçün böyük nəticə idi. Bundan başqa SSRİ vaxtı Rəhmanov Yevlaxın “Avtomobilçi” və Bakının “Torpedo” klublarında da baş məşqçi olub. O,dogma klubu “Neftçi”də də çalışıb. Baş məşqçi olmasa da, baş məşqçi Əhməd Ələsgərova kömək edib. Müstəqillik dönəmində isə yenidən Naxçıvan “Araz”ına rəhbərlik edib. Lakin sonradan bu komandadan qalmaqallı şəkildə ayrıldı. Səbəb isə klubda yaşanan maliyyə böhranı və maaşların verilməməsi idi. Rəhmanov bir müddət olimpiya yığmamızın da baş məşqçisi olub.

Əli Rəhmanov 2004-cü ildə dünyasını dəyişdi. Bir müddət onun yolunu oğlu Elçin Rəhmanov davam etdirdi. Atası kimi “Neftçi”də mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış etdi. Lakin etiraf etməliyik ki, Elçin Rəhmanov Əli Rəhmanov ola bilmədi. Futbolla da vaxtından erkən vidalaşan Elçin hazırda “Qarabağ”da Qurban Qurbanovun əsas köməkçisidir.

Asəf Namazov (veteran futbolçu, Əli Rəhmanovun ən yaxın dostlarından biri): “Bizdə adətdi, öləndən sonra hamını tərifləyirlər. Ancaq mübaliğəsiz deyirəm, Əli Rəhmanovun belə tərifə ehtiyacı yoxdu. O, heç nədən və heç kimdən çəkinməyən, daim haqqı müdafiə edən, sözü üzə deyən bir insan idi. Həmişə ədalətli olmağa çalışırdı. Onun sözü üzə deməyi, ədalətli olması kimlərinsə xoşuna gəlmirdi. Elə müstəqillik dönəmində də futbolumuzun problemlərini çəkinmədən o vaxtkı AFFA rəhbərliyinin üzünə deyirdi. Bir sözlə, Əli Rəhmanov yaxşı futbolçu olmaqla bərabər, həm də yaxşı insan idi. Çox təəssüf ki, onu tez itirdik”.




Elçin Rəhmanov (oğlu): “Atamın oyununu canlı görməmişəm. Çünki o futbolu qurtaranda mən yeni anadan olmuşdum. Amma dostlarından, yaxınlarından eşitmişəm ki, çox yaxşı futbolçu olub. Atam ”Kubinka uşağı” olub. Futbola da məhəllə futbolundan gəlib. Oynadığı dövrdə “Neftçi”nin lideri, kapitanı olub. Oynadığı dövrdə azarkeşlərin də böyük sevgisini qazanıb. Özü də bu kluba sadiq  olub. Digər klublardan təkliflər olsa da, “Neftçi”ni atıb getməyib. İl yarımdan çox həbs yatmasına baxmayaraq, sonradan yenidən futbola qayıtdı və komandanın kapitanı oldu. Həbsə hansı səbəbdən  düşmüşdü? Düzü detallarına qədər məlumatım yoxdur. Yəqin ki, hansısa günahı olub ki, ora düşüb (gülür). Deyəsən xarici valyuta, qızıl söhbəti olub. Həm də çox şeyi atam öz boynuna götürmüşdü. Həm də onun bir xarakteri var idi. Hansısa məsələdə söz veribsə, onu yerinə yetirməli idi. Məsələn, məşqçi işlədiyi dönəmdə klub rəhbəri söz verirdi ki, filan futbolçuya filan qədər pul verəcəm. Atam da həmin sözü futbolçuya çatdırırdı. Sabah klub rəhbəri sözünə əməl etməyəndə atam o pulu özü tapıb futbolçuya verirdi. Çünki onun yanında ağzından söz çıxarmışdı. Bəlkə də bu tip şeylərin ucbatından məşqçi kimi tam olaraq öz sözünü deyə bilmədi.  Amma seleksiya bacarığı güclü idi. Baxan kimi bilirdi ki, bundan futbolçu olar, ya yox. Təbii ki, mənim futbolçu olmağımda da atamın təsiri olub. Düzdür, özümün də böyük həvəsim var idi. Amma atamın da təsiri az olmayıb. Əli Rəhmanov güclü futbolçu olub, yoxsa Elçin Rəhmanov? Bu sualın cavabı birmənalı olaraq Əli Rəhmanovdur. Heç bunu müqayisəsini aparmağa dəyməz”.

Anar XANLAROV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı