Bülənt Qorxmaz: “Qarşıda hələ 10 oyun var və biz 30 xal qazana bilərik”

Bülənt Qorxmaz: “Qarşıda hələ 10 oyun var və biz 30 xal qazana bilərik”
MÜSAHİBƏ 1 Dekabr 2009 / 13:47 3122
-  A +

“Bakı”nın baş məşqçisi Bülənt Qorxmazın Qol.Az saytına müsahibəsi

 

- “Xəzər Lənkəran”la son oyunun üstündən artıq iki gün keçib. Yəqin ki, matçın videoyazısını izləmisiniz. Sizcə, həmin gün komanda nəyə görə böyükhesabla uduzdu?

- Oyunun ilk hissəsini çox yaxşı keçirdik. 4-5 qol şansımız oldu. Lakin bunlardan istifadə edə bilmədik. İkinci hissədə oyunun tempi daha da artdı. Meydanda başabaş mübarizə getdi. Rəqib penalti vurmaq şansı qazandı və nəticədə hesabda önə keçdi. Bundan sonra biz daha böyük qüvvəylə irəli atıldıq və son dəqiqələrdə arxa xətdə yaranan boşluqdan istifadə edən rəqib ardıcıl iki qol vurdu. Biz meydana yalnız qələbə qazanmaq üçün çıxmışdıq. 0:1-dən sonra bir qədər ehtiyatlı oynaya bilərdik. Bu halda yəqin ki, oyun elə bu hesabla da bitəcəkdi. Amma biz risk etdik. Çünki qələbə qazanmaq istəyirdik. “Xəzər Lənkəran”ın oyunundan isə belə görünürdü ki, onlar heç-heəyə oynayırdılar.

- Matçdan sonra hakimdən şikayət etdiniz. Belə düşünürsünüz ki, qapınıza penalti təyin olunan epizodda hakim səhv qərar qəbul edib?

- Yox, mən belə düşünmürəm. Hakimin qapımıza təyin etdiyi penalti “təmiz” idi. Lakin ilk yarıda referi bizim penaltimizi vermədi. İkili mübarizə zamanı rəqib futbolçu əllə oynadı. Hakim isə yalnış olaraq rəqibin deyil, bizim oyunçunun əllə oynadığını bildirdi. Halbuki o penaltini təyin etsəydi, nəticə başqa cür ola bilərdi.

- Komandanın məğlubiyyətinin əsas günahkarı qismində qapıçı Marko Şarliya göstərilir. Çünki ilk qolda əvvəlcə topu əlindən buraxdı, daha sonra penaltiyə səbəb oldu. İkinci qolda isə qapısını tərk edib, irəli çıxmışdı.

- Mən bu fikirlə razı deyiləm. Heç vaxt oyunçular haqda fərdi danışmıram. Udanda bütün komanda udur, uduzanda da bütün komanda uduzur.

- Bu aydındır. Amma bir məsələ var ki, sizin ehtiyatda saxladığınız Xalidu Sissoko demək olar ki, hər zaman komandanın “1 nömrə”si olub. Maraqlıdır, Şarliya hansı cəhətdən Sissokodan üstündür?

- Axı mənə qədər son iki-üç oyunda “Bakı”nın qapısını Şarliya qoruyub. Siz isə deyirsiniz ki, komandanın əsas qapıçısı Xalidu Sissoko olub.

- Düzdür, keçmiş baş məşqçi Coko Haciyevskinin komandaya rəhbərlik etdiyi son 1-2 oyunda qapını Şarliya qoruyub. Amma istər ötən mövsüm, istərsə də avrokubok oyunları zamanı daim qapıda Sissoko dayanıb.

- Mənim üçün hər iki qapıçı önəmlidir. Sissoko da çox peşəkar qapıçıdır. Ona böyük hörmətim var. “Bakı”da iki bərabərsəviyyəli qapıçı var və bu cəhətə görə komandam Azərbaycanda hamını qabaqlayır. Sərəncamımda iki eynisəviyyəli qapıçın olması mənim üçün böyük avantajdır. Komandanın heyətini mən müəyyənləşdirirəm. Şarliya komandanın uğurlu çıxışı üçün əlindən gələni edir. Bir oyuna görə futbolçuya qiymət vermək düzgün deyil. 

- Onda sualı belə qoyaq. Növbəti oyunda da qapını Şarliyaya etibar edəcəksiniz?

- Bunu indi deyə bilmərəm. Gələn oyunda kimin oynayıb, kimin oynamayacağını heç futbolçularıma deməmişəm. Sizə nəyə görə deməliyəm?

- Növbəti turda “Bakı” “Standard”ın qonağı olacaq. Bu komanda haqda məlumat toplaya bilmisiniz?

- Rəqibin bir oyununu izləmişəm. “Standard” haqda məlumat toplamışam. Lakin qarşıda hələ daha bir neçə günümüz var. Bu müddət ərzində də rəqibin oyununu analiz edəcəyik.

- “Standard”ın baş məşqçisi Böyükağa Hacıyev əvvəllər “Bakı”da işləyib. Şübhəsiz, bu məqam Hacıyev üçün “Bakı”yla qarşılaşmanı prinsipiallığa çevirir.

- “Standard”la oyun elə mənim üçün də prinsipialdır. Son uğursuzluğu unutdurmaq üçün bu görüşdən mütləq qələbəylə ayrılmalıyıq.    

- Heyətində yüksək səviyyəli ön xətt oyunçuları olmasına baxmayaraq, “Bakı” çempionatın ən az qol vuran ikinci komandasıdır. Hətta autsayderlər sırasında qərarlaşan “Karvan” və “Standard” belə sizin komandanızdan daha çox qol vurub. Bu amili nə ilə əlaqələndirərdiniz?

- Həqiqətən də komandamız qol vurmaqda çətinlik çəkir. Məsələn, “Muğan”la oyunda bəlkə 10 qol epizodu yaxaladıq. Lakin onlardan yalnız birindən istifadə edə bildik. Mən bunu şanssızlıqla əlaqələndirərdim. Məşqlərdə də bunun üzərində çalışırıq. İnanıram ki, qarşıdakı matçlarda komanda qollarının ayını artıracaq.

- Bəlkə komandada çıxış edən hücumçuların səviyyəsi aşağıdır?

- Mən belə deməzdim. Çünki komandamız hər oyunda 4-5 qol epizodu yaxalayır. Lakin bunlardan istifadə edə bilmir. Hücumçuların səviyyəsi aşağı olsaydı, bu qədər qol epizodu yaxalamazdıq.

- Son məğlubiyyətdən sonra komandanın “altılığ”a düşmək şansını necə qiymətləndirərdiniz?

- Qarşıda neçə oyunumuz var?

- 10.

-  Deməli, hələ 30 xal qazana bilərik.

- Sözünüzdən belə çıxır ki, “Bakı” qalan oyunların hamısında qalib gələcək?

- Niyə də olmasın? Biz məhz bunun üçün çalışacağıq.   

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi