Andrey Arşavin: “Vaqif Cavadova məsləhət görərdim ki...”

Andrey Arşavin: “Vaqif Cavadova məsləhət görərdim ki...”
MÜSAHİBƏ 18 Noyabr 2009 / 14:25 3814
-  A +

İngiltərənin “Arsenal” klubunun və Rusiya millisinin hücumçusu Andrey Arşavinin müsahibəsi

 

- Oyundan əvvəl siz Azərbaycanda günün qəhrəmanı oldunuz. Demək olar ki, bütün ölkə sizin “Bakıya səfərimiz turistik xarakter daşıyır” açıqlamanızı müzakirə edirdi. İnsanlar sizin bu sözlərinizi milli komandalarına qarşı biganəlik, hörmətsizlik kimi qəbul etdilər. Bu haqda bakılılara hansısa bir açıqlama verdiniz?
- Xeyr. Mən yalnız indi sizin vasitənizlə bildim ki, mənim açıqlamama insanların münasibəti məhz bu cür olub. Mən başa düşə bilmirəm ki, bu fikir haradan yaranıb? Mən həmin ifadəni deməklə yalnız bir şeyi nəzərdə tutmuşdum - Bakıdakı oyun Rusiya millisi üçün turnir baxımından heç bir əhəmiyyət daşımırdı. Mən bu açıqlamamla Azərbaycana və yaxud onların milli komandalarına sataşmaq fikrində olmamışam. Əgər kimlərsə, bunu səhv başa düşüblərsə, nahaq yerə belə ediblər.
- Bakıdakı oyun sizdə necə təəssürat oyatdı? Demək olar ki, oyun Rusiya millisi üçün istədiyi kimi alınmadı?
- Biz bilirdik ki, Azərbaycan millisi oyuna çox yaxşı əhval-ruhiyyə ilə çıxacaq. Bu halda isə yaxşı nəticə qazanmaq elə də asan olmur. Çünki rəqib o qədər də güclü olmamasına baxmayaraq, boyundan yuxarı tullanmaq istəyir.
- Foqtsun komandasi sizi nəynənsə təəccübləndirə bildi?
- Demək olmaz ki, nəyəsə təəccübləndik. Biz onsuz da yaxşı bilirdik ki, Azərbaycan milli komandası bu cür oyunda, möhtəşəm azarkeş dəstəyi altında özünü yalnız ən yaxşı tərəfdən göstərməyə çalışırdı. Fikrimcə, onlar buna nail oldular. Təbii ki, bu da hörmətə layiqdir.
- Bu sizin Bakıya ilk səfəriniz idi. Səfərdən öncə Azərbaycan haqda hansı məlumatları əldə edə bilmişdiniz?
- Mən yalnız ümumi şeyləri bilirdim - Azərbaycan keçmiş sovet respublikalarından biridir, orada çox böyük neft yataqları var və son zamanlar ölkə durmadan inkişaf edir. Oxumuşdum ki, Bakı çox gözəl şəhərdir. Amma təəssüf ki, bizim səfərimiz qısamüddətli olduğundan şəhəri yaxından tanımaq imkanımız olmadı. Amma qısa zaman kəsiyində olsa belə, gördüklərim məndə xoş təəssürat oyatdı. Bakı çox təmiz və inkişaf etməkdə olan şəhərdir. Əksər yerlərdə tikinti işləri gedir - bunu görməmək qeyri-mümkündür. Amma Bakıda ən çox bəyəndiyim yerli əhalənin qonaqpərvərliyi oldu. Onlar bizi çox yaxşı qarşıladılar. Digər tərəfdən də Bakıda Rusiya millisinin xeyli sayda azarkeşinin olmasına sevindim.
Bakıya mənimlə birgə həyat yoldaşım və oğlum da gəlmişdi. Yuliya Bakını daha yaxından tanımaq istəyirdi. Istəyinə nail oldu və Bakını çox bəyəndi. Həyat yoldaşımı ən çox oranın mətbəxi heyran etdi. Ümumiyyətlə, Azərbaycanda yeməklər möhtəşəm idi. Mən qoyun ətini bir o qədər də sevmirəm, amma Bakıda demək olar ki ancaq ondan yeyirdim. Fantastik dərəcədə dadlı idi. Həm də biz özümüzlə birgə Londona bir yeşik nar apardıq. Nardan buradakı dostlarıma da hədiyyə etdim. Onlar hamısı dərhal məndən soruşdular ki, bu cür möcüzəvi meyvəni haradan tapmısan?
- Tofiq Bəhramov adına stadiondakı ab-havanı necə qiymətləndirə bilərsiniz? Bakılı azarkeşlər sizin xoşunuza gəldi?
- Onlara əhsən demək mümkündür. Öz komandalarına çox möhtəşəm və hay-küylü dəstək verdilər. Oyunu tribunadan izləyən Yuliya dedi ki, bu cür azarkeşlərə dünyanın heç bir yerində rast gəlməyib. Onlar 90 dəqiqə ərzində bir saniyə belə susmadılar. Fanatlar həm oxuyur, həm də oynayırdılar.
- Bütün bunlara əsasən belə demək olar ki, Bakıdan sizə yalnız xoş xatirələr qalıb?
-  Bəli. Amma yalnız oyunun nəticəsini çıxmaq şərtiylə.
- Amma nəticə baxımından Bakıdakı oyun sizə Sloveniya ilə play-off matçları öncəsi düşünmək üçün əsas verdi?
- Bakıdakı heç-heçə bizə yaxşı dərs oldu. Biz deyəsən, çox yüksəyə qalxmışdıq. Bu nəticə bizim Sloveniya ilə oyuna daha yaxşı hazırlaşmağımıza kömək edəcək.
- Vaqif Cavadov da sizin yolunuzla getmək istəsə, ona nə məsləhət görərdiniz: ölkə xaricinə mümkün qədər tez getsin, yoxsa bir qədər də öz ölkəsində oynayıb, təcrübə yığsın?
- Əgər sən evli deyilsənsə və ölkəndə hələ ulduz olmamısansa, bu halda hər şeyi bir anda dəyişmək daha asandır. Mən Vaqifə məsləhət görərdim ki, əgər özünü daha güclü klublarda sınamaq şansı qazansa, dərhal bundan yararlansın. Məsəlçün mən məqsədimə nail olmaq üçün bir çox qurbanlar vermişəm. Amma bu barədə heç vaxt təəssüflənməyəcəyəm.
- Futbolla bağlı ən böyük arzunuz nədir?
- Bugünkü gündə Rusiya millisi ilə dünya çempionatına vəsiqə qazanmaq və orada Avropa birinciliyində qazandığımız uğurun təsadüfi olmadığını sübuta yetirmək istəyirəm. Necə düşünürsünüz, biz dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilsək, Bakıda çoxları bizə azarkeşlik edəcək?
- Saymaq bir qədər çətindir, amma əminəm ki, bu cür insanların sayı kifayət qədər olacaq.
- Onlara məndən salam deyin və ən xoş arzularımı çatdırın. Nə vaxtsa Azərbaycan milli komandası da böyük turnirlərə vəsiqə qazanacaq. O zaman isə Bakıdakı insanlar öz millilərinə dəstək verəcəklər. Amma indiki halda mən çox şadam ki, bu cür gözəl şəhərdə məhz Rusiya millisini dəstəkləyəcəklər. Onsuz da tarix göstərir ki, biz dost olmalıyıq.

Mənbə: “Bakı” jurnalı

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi