Ramiz Məmmədov: “Məqsədimiz “altılığ”a düşmək, oradan da avrokuboklara vəsiqə qazanmaqdır”

Ramiz Məmmədov: “Məqsədimiz “altılığ”a düşmək, oradan da avrokuboklara vəsiqə qazanmaqdır”
MÜSAHİBƏ 27 Oktyabr 2009 / 15:56 2722
-  A +

“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Qol.Az-a verdiyi müsahibədə komandasının uğurlu çıxışı, eləcə də Unibank Premyer Liqanın növbəti turu çərçivəsində “Bakı”ya qarşı keçirəcəkləri oyun haqda danışıb.

 

- Başlayaq “Turan”la oyundan. Tovuz səfərinin bu qədər çətin alınacağını gözləyirdinizmi?
- Bugünkü gündə Azərbaycan çempionatında zəif komanda yoxdur. Hətta sonuncu pillədə qərarlaşan “Standard” belə rəqiblərinə başağrısı olur. O cümlədən də “Turan”. Hazırda hesabında 5 xal olmasına baxmayaraq, Tovuz klubu demək olar ki, rəqiblərindən geri qalmır. Ümumulikdə bizim “Turan”a qarşı oyunlarımız həmişə çətin keçir. Hətta yoxlama oyunları belə. Bilirdik ki, oyundan əvvəl “Turan”ın düşərgəsində əhval-ruhiyyə çox yaxşıdır. Komanda “Karvan”a qalib gəldiyindən ruh yüksəkliyi yaranmışdı. Bununla belə, çətinliklə də olsa, qalib gələ bildik. Buna görə də çox şad oldum. Çünki bugünədək çempionat oyunlarında səfərdə “Turan”a heç vaxt qalib gəlməmişdik. Nəhayət budəfəki qarşılaşmada rəqibimizi məğlub edə bildik. Yalnız ötən il kubok oyununda səfərdə “Turan”a qalib gəlmişdik.
- Şübhəsiz, oyunun “Qəbələ” üçün daha çətin keçməsinin əsas səbəblərindən biri də Anatoli Ostapın birinci hissədə qırmızı vərəqə alması oldu. Komandanı pis vəziyyətdə qoyan futbolçunu cəzalandırmaq fikriniz var?
- Həqiqətən də Ostap komandanı çətin vəziyyətdə qoydu. Amma uşaqlar sağ olsunlar, söz verdilər ki, onun yoxluğunu unutdurub, qələbə qazanacaqlar. Sözlərinin də üstündə durdular. O ki qaldı cəza məsələsinə, bu barədə düşünürük. Lakin hələlik qəti söz demək çətindir. Çünki oyunun videoyazısına bir daha baxacağıq. Lazım olsa, təbii ki, cəzalandıracağıq. Amma bunun üçün gərək əlimizdə əsas olsun. Ostapı da başa düşmək lazımdır. Çünki oyun həddindən artıq gərgin keçirdi. Amma vərəqəni heç nədən alıbsa, təbii ki cəzalanacaq. Bu haqda məşqçilər korpusuyla birgə danışıb, qərar verəcəyik.
- Komandanız ardıcıl 3 turdur ki, meydanı qələbəylə tərk edir. Bu uğurun sirri nədədir?
- Yalnız və yalnız komandanın birliyində. Hamımız bir ailə kimiyik. Kimin nəsə çətinliyi, problemi olanda da onu biryerdə həll edirik. Bugünkü gündə “Qəbələ”də çox yaxşı ab-hava var. İnanıram ki, belə də davam edəcək.
- Bu gün “Qəbələ”nin göstərdiyi oyun sizi qane edir? Yoxsa komanda bundan da yaxşı oynaya bilər?
- Futbolda heç vaxt tam razı qalmaq olmaz. Çatışmazlıq hər zaman olur. Təbii ki, hər bir komandada olduğu kimi bizdə də çatışmazlıqlar var. Buna görə də dayanmadan çalışırıq. Komandamız indikindən də yaxşı oynaya bilər. Uşaqların gücü buna imkan verir. Amma arxayınlaşmaq olmaz. Ardıcıl qələbələrdən sonra rahatlaşmaq söhbəti yoxdur. Oyunun nəticəsindən - qalib gəlib və ya uduzmağımızdan asılı olmayaraq, biz matçın nəticəsini elə həmin gün unudub, növbəti görüş haqda düşünürük.
- Komandanızın qarşısına konkret hansı tapşırıq qoyulub?
- İlk “altılığ”a düşmək. Sonra da təbii ki, avrokuboklara vəsiqə qazanmaq. Amma bunun üçün ilk növbədə məhz “altılığ”a vəsiqə qazanmalıyıq.
- Sizcə komanda buna nail olacaq?
- Bunu zaman göstərəcək. Amma təbii ki, biz uğur qazanacağımıza inanırıq. İnanırıq ki, əvvəlcə “altılığ”a, ordan da avrokuboklara vəsiqə qazanacağıq.
- Mükafatçılar sırasına düşməkdə əsas rəqib qismində hansı komandaları görürsünüz?
- İlk növbədə onu deyim ki, cari mövsümdə çempionat həddindən artıq maraqlı keçir. Bu gün demək olar ki, Azərbaycanda zəif komanda yoxdur. Düzdür, bəzi rəqiblər öz imkanlarından bir qədər aşağı səviyyədə çıxış edilər. Amma düşünürəm ki, zamanla bu da həll olunacaq. O zaman çempionat daha maraqlı keçəcək. Favoritə gəldikdə isə, mən bu haqda açıqlama vermək istəməzdim.
- Sizin dediyiniz kimi imkanlarından aşağı səviyyədə çıxış edən komandalardan biri də məhz növbəti turda qarşılaşacağınız “Bakı”dır.
- İlk növbədə onu deyim ki, bu gün istənilən səviyyədə çıxış etməməsinə baxmayaraq, “Bakı” çox güclü rəqibdir. Əvvəllər bu komandanın başında hamızın yaxşı tanıdığı və hörmət etdiyi Coko Haciyevski dururdu. İndi isə komandaya türkiyəli mütəxəssis, ötənlərin məşhur futbolçusu Bülənt Qorxmaz rəhbərlik edir. “Bakı”nın heyətində də yüksək səviyyəli futbolçular cəmləşib. Məncə zamana ehtiyacları var. Müəyyən vaxt keçdikdən sonra “Bakı” öz oyunu tapacaq və yenidən liderlər sırasına qoşulacaq. Şəxsən mən buna inanıram.
- “Bakı”yla oyunda “Qəbələ” qələbə seriyasını davam etdirə biləcək?
- Meydana məhz bunun çıxacağıq. Oyuna da ciddi hazırlaşırıq. Doğma azarkeşlərimiz önündə növbəti qələbəmizi qazanmağa çalışacağıq. Amma bayaq da dediyim kimi bu, heç də asan olmayacaq. Çünki “Bakı” çox güclü rəqibdir.
- “Qəbələ”nin cari mövsümdə vurduğu 10 qoldan yarısına yeni transferlər imza atıb. Belə demək olar ki, komandanın mövsüm öncəsi apardığı transfer siyasəti özünü doğruldub?
- Bu fikirlə tam razıyam. Həqiqətən də heyətimizə qatdığımız Melnik, Torres eləcə də digər oyunçular ümidlərimizi doğruldurlar. Amma həmin oyunçular daha yaxşı çıxış edə bilərlər. Tam adaptasiya olduqdan sonra daha yüksək səviyyədə oynayacaqlarına şübhəm yoxdur.     

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi