Kamal Alispahiç: “Daxili nizam-intizamı pozan futbolçu mənə lazım deyil”

Kamal Alispahiç: “Daxili nizam-intizamı pozan futbolçu mənə lazım deyil”
MÜSAHİBƏ 26 Oktyabr 2009 / 19:07 2964
-  A +

“Muğan”ın baş məşqçisi Kamal Alispahiç Qol.Az-a verdiyi müsahibəsində komandasının “Olimpik-Şüvəlan”a qarşı keçirilən son oyunu, eləcə də Adis Çulovun komanda ilə yollarını ayırması barədə danışıb.

 

- İlk olaraq, Unibank Premyer Liqanın son turunda “Olimpik-Şüvəlan”a qarşı keçirdiyiniz oyun haqda danışardınız.
- Ardıcıl məğlubiyyətlərdən sonra nəhayət ki, bu oyunda uğursuzluğa son qoymaq istəyirdik. Bu səbəbdən də qarşılaşmaya çox ciddi hazırlaşmışdıq. Fikrimcə, “Olimpik-Şüvəlan”a qarşı yaxşı oynadıq. Matçın gedişində üstünlük bizim tərəfimizdə idi. Lakin təəssüf ki, bu üstünlüyü nəticədə əks etdirə bilmədik və yekunda meydandan 1 xalla ayrıldıq.
- “Olimpik-Şüvəlan”la qarşılaşmada qazanılan bir xalı uğur yoxsa uğursuzluq kimi qəbul edirsiniz?
- Məncə bu, heç də pis nəticə deyil. Çünki oyuna ciddi itkilərlə çıxmışdıq. Bildiyiniz kimi, əsas heyətin 4 üzvü son matçda forma geymədi. Ona görə də heç-heçə bizim üçün pis nəticə deyil. Amma oyuna görə rəqibdən üstün idik və qələbə qazana da bilərdik.
- Qazandığınız 1 xal komandanın “qara zolaq”dan çıxmasına kömək edəcək?
- İndi bu suala dəqiq cavab verə bilmərəm. Çünki bunu zaman göstərəcək. Amma inanıram ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik.
- Növbəti turda komandanız öz meydanında “Turan”ı qəbul edəcək.
- Bu oyuna çox ciddi hazırlaşırıq. Artıq dünəndən etibarən qarşıdakı matçın hazırlığına başlamışıq. Hazırlıq prosesinin son mərhələsini isə Salyanda keçəcəyik. Bu dəfə doğma divarlar arasında azarkeşlərimizi sevindirəcəyimizə inanıram.
- Rəqibin oyununu necə, izləyə bilmisiniz?
- “Turan”ın oyununa baxmışam. Hazırda hesabında 5 xal olmasına baxmayaraq, Tovuz klubu zəif deyil. Komandanın heyətində yaxşı futbolçular var. Bununla belə, qələbə qazanmağa çalışacağıq.
- Komandanız mövsümə yaxşı start versə də, sonradan bu uğurun ardını gətirə bilmədi. Bəlkə komandanın gücü elə bura qədər imiş?
- Ümumi götürdükdə keçirdiyimiz oyunların yalnız birində - “İnter”lə qarşılaşmada rəqibdən açıq-aşkar geri qalmışıq. Digər oyunlarda zəif oynadığımızı kimsə deyə bilməz. “Qarabağ”a uduzsaq da, bu komandaya qarşı yaxşı oynadıq. Eləcə də “Olimpik-Şüvəlan”la matç. Bayaq da dediyim kimi, həmin oyunda üstünlük bizim tərəfimizdə idi və qələbəyə layiq idik. Həm də nəzərə almaq lazımdır ki, digər klublarla müqayisədə bizim ehtiyat oyunçular skamyamız qısadır. Digər klubların sərəncamında 23-25 futbolçu olduğu halda bizim cəmi 18-19 oyunçu var. İndiki halda da onlardan dördü zədəlidir. Vüsal Hüseynov, Cavad Mirzəyev, Arif İsayev və Novruz Məmmədov zədədən əziyyət çəkir. Sonuncu artıq əməliyyat olunub. Ola bilər ki, Cavad da sabah, ya birisigün əməliyyat olunsun. Bütün bunlar isə komandanın çıxışına öz təsirini göstərir.
- Adis Çulovun komandanı tərk etdiyi deyilir.
- Çulov daxili nizam-intizam qaydalarını pozduğu üçün onu komandadan uzaqlaşdırdım. Mənim üçün intizam birinci yerdədir. Qoyduğum qayda-qanunu pozan oyunçu isə komandadan uzaqlaşdırılacaq.
- Futbolçunun gələcək taleyi necə olacaq?
- Bu haqda klubumuzun prezidenti qərar çıxaracaq. Artıq onun da məsələdən xəbəri var.
- Çulovun artıq Bosniyaya yollandığı deyilir...
- Çulov daha mənə lazım deyil. Onun indi harda olması da mənim üçün maraqsızdır.     

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi