Əfran İsmayılov: “Tvente” ilə oyunda məni Allah saxladı” (MÜSAHİBƏ)

Əfran İsmayılov: “Tvente” ilə oyunda məni Allah saxladı”  (MÜSAHİBƏ)
MÜSAHİBƏ 1 Sentyabr 2009 / 13:12 3720
-  A +

“Qarabağ”ın və 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Əfran İsmayılov Qol.Az-a müsahibə verib.

- İlk olaraq “Qarabağ”ın “Tvente”yə qarşı keçirdiyi son oyunu haqda fikirlərini bildirərdin.
- Oyun çox çətin keçdi. Rəqib həqiqətən də güclü komandaydı. “Tvente” sübut etdi ki, əbəs yerə Hollandiya çempionatının lideri deyil. Heyətlərində xeyli sayda yüksək səviyyəli futbolçular var. Bununla belə, biz də əlimizdən gələni etdik. Bütün gücümüzü meydanda qoyduq ki, qələbə qazanaq. Lakin təəssüflər olsun ki, istəyimizə çata bilmədik.
- Səncə, “Tvente”ni keçməyə komandada nə çatışmadı?
- Əlbəttə, “Tvente”ni keçə bilərdik. Amma ilk oyunda 1:3 hesabıyla uduzmağımız mərhələ keçməyimizə mane oldu. Bununla belə, biz qələbəyə inanırdıq. Yaxşı da oyun sərgilədik. Amma elə bil, bir qədər şans bizdən üz döndərmişdi. Fərqlənmək üçün bir neçə imkanmız oldu. Lakin həmin şanslardan istifadə edə bilmədik. Elə mənim özümün də imkanı oldu. Amma dəyərləndirə bilmədim. Nə etmək olar, futboldur da. Biz də istəyirdik ki, qələbə qazanaq, uğurlu çıxışımızı davam etdirək. Lakin alınmadı.
- “Tvente”ylə oyunun gedişində ciddi zədə aldın. Çox keçmədən baş məşqçi səni əvəzlədi. Əvəzlənməyin məhz zədə almağınla bağlı idi, yoxsa baş məşqçi özü belə qərar qəbul etdi?
- Həqiqətən də həmin epizodda çox ciddi zədə alımışdım. Sonra televizorda həmin epizodun təkrarına baxanda inanın ki, dəhşətə gəldim. Mən topa tullandım. Lakin arxamda rəqib oyunçu olduğunu görmədim. Buna görə də gicgahımdan zərbə aldım. Allah saxladı. Əvvəlcə yerə yıxıldım, gözüm qaraldı. Sonradan ayağa durdum, bir qədər özümə gəldim. Lakin meydandan bir qədər qaçdıqdan sonra gördüm ki, yox, oynaya bilməyəcəyəm. Çünki gözüm yenidən qaralırdı. Başım da gic gedirdi. Ona görə də baş məşqçidən xahiş etdim ki, məni əvəzləsin. O halda oyunu davam etdirməyim qeyri-mümkün idi.
- Avrokuboklar mövsümü artıq “Qarabağ” üçün başa çatdı. Çoxlarının gözləmədiyi halda komandanız pley-off mərhələsinədək irəliləməyi bacardı. Əvvəlcədən “Qarabağ”ın bu yerlərə qədər gəlib çıxacağını gözləyirdinmi?
- Əlbəttə. Çoxları hələ “Rusenborq”la oyundan qabaq bizi hesabdan silmişdi. Lakin biz oyunumuzla sübut etdik ki, “Qarabağ” çox şeyə qadirdir. Biz hər zaman gücümüzə inanırdıq. Bilirdik ki, avrokuboklarda uğurla çıxış edəcəyik.
- Səncə, “Qarabağ” nəyin hesabına bu yerlərə qədər irəliləməyi bacardı?
- Özünəinamın. Baş məşqçimiz Qurban müəllim hər dəfə bizə çox inandığını söyləyirdi. O hər oyundan qabaq, bizi görüşə çox yaxşı kökləyirdi. O dərəcədə özümüzə inamımız yaranmışdı ki, artıq bizim üçün rəqibin kimliyi önəm daşımırdı. Fərq etmirdi ki, “Rusenborq”a qarşı oynayırıq, “Honka”ya və ya “Turan”a. Əsas odur ki, bütün gücümüzü meydanda qoyurduq, sonadək vuruşurduq. “Tvente”ylə son oyuna çıxarkən baş məşqçimiz dedi ki, çıxın, meydanda vuruşun. Uduzsanız da, kişi kimi uduzun. Bu cür sözlərdən sonra necə futbol oynamayasan? Həm də komandamızın demək olar ki, bütün üzvləri azərbaycanlı uşaqlardır. Ölkənin ən yaxşı, ən təcrübəli, ad-san qazanmış futbolçuları “Qarabağ”dadır.
- Avrokuboklar başa çatdı. İndi artıq növbə ölkə çempionatınındır. Komanda artıq məşqlərə də başlayıb.
- Hə, komandamız məşqlərə başlayıb. “Tvente”ylə oyundan sonra Qurban müəllim dedi ki, avrokuboklar artıq bizim üçün başa çatdı. İndi bütün diqqətimizi çempionata yönəltməliyik. Amma mən hazırda İstanbuldayam, gənclər millisiylə birgə Albaniyayla oyuna yollanıram. İnşallah, U-21 çıxışını başa vurduqdan sonra klubun məşqlərinə qatılacağam.
- Cari çempionatda “Qarabağ” hansı məqsəd uğrunda yarışacaq?
- Avrokuboklarda uğurlu çıxış etdikdən sonra çempionatda yalnız bir məqsədimiz ola bilər - çempionluq. İndi bütün diqqətimizi çempionata yönəldəcəyik. Çalışacağıq ki, avrokuboklarda olduğu kimi Premyer Liqada da azarkeşlərimizi sevindirək. 
- Çempionatın ilk iki turu ərzində hansısa oyunu izləyə bilmisən? Komandaların səviyyəsi ilə tanışsan?
- Yalnız bir oyuna baxmışam. “Neftçi” - “Turan” görüşünə. Həmin oyunu canlı olaraq stadiondan izlədim. Hər iki komanda normal çıxış etdi. Bir də eşitdiyimə görə “Muğan” yaxşı çıxış edir. İki tura 4 xal toplayıblar. Çoxları “Muğan”ı yaman tərifləyir. Xüsusən də komandanın yeni baş məşqçisini. Deyilənə görə, gözəl kollektiv yarada bilib.
- Sonda gələcək karyeranla bağlı planlarını bilmək maraqlı olardı.
- Elə bir planım yoxdur. Hazırda bütün diqqətimi “Qarabağ”dakı çıxışıma yönəltmişəm. İstəyirəm özümü burada tam təsdiq edim. Komandamla birgə daha böyük uğurlara imza atım. Sonra da qismət olsa, hər bir futbolçu kimi mən də legioner həyatı yaşamaq istəyirəm. 


 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi