Qurban Qurbanov: “Mən Azərbaycanda “Qarabağ”dan başqa heç bir komandada işləmərəm”

Qurban Qurbanov: “Mən Azərbaycanda “Qarabağ”dan başqa heç bir komandada işləmərəm”
MÜSAHİBƏ 16 Dekabr 2010 / 18:11 3257
-  A +

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AGAT) “Qarabağ”ı “İlin komandası” adı ilə təltif edib. Qol.Az-ın məlumatına görə, bu gün keçirilən tədbirdə çıxış edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ilk öncə bu mükafata öz münasibətini bildirib. “ Avroliqada uğurlu oyunlara görə bizə çox təbriklər gəlib. Lakin bugünkü mükafat bizi daha da fərəhləndirdi. Sizin təşkilata “Qarabağ”ı ilin komandası seçdiyiniz üçün öz minnətdarlığımı bildirirəm. İnanıram ki, bu bizim ilk belə əməkdaşlığımız olmayacaq. Gələcəkdə nəinki sizin təşkilat, eləcə də digər təşkilatlarla da iş birliyimiz olacaq. Əlbəttə ki, bizim də əsas arzumuz və məqsədimiz Azərbaycan futbolunu beynəlxalq səviyyədə tanıtmaqdır”. 
Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandırıb.  “Mən bu kluba baş məşqçi təyin olunduğum ilk gündən burada işləməyin nə qədər məsuliyyəti bir iş olduğunu anlamışdım. Burada əsas məqsədim “Qarabağ” komandasını beynəlxalq aləmdə də layiqincə təmsil etməkdir. Şükürlər olsun ki, “Qarabağ” artıq nəinki ölkə daxilində, eləcə də Avropada da uğurlu çıxış edir. Növbəti il daha da irəli gedərək Avropa turnirlərinin qrup mərhələsində çıxış etmək istəyirik. Lakin hazırda komandamızda müəyyən çətinliklər var. Amma bunları arxada qoyacağımıza inanıram. “Qarabağ” mənim üçün bütün komandalardan üstündür. Azərbaycanda başqa klublarda işləmək istəmərəm. Bu komanda ilə daha çox uğur qazanmaq istəyirəm. Çünki ağdamliların yetərincə problemi var. Onların əksəriyyəti öz ata-baba yurdlarından didərgin düşüblər. Biz də komanda olaraq öz uğurlarımızla bu insanların problemlərini unutdurmağa çalışacağıq. Məhz buna görə də hazırda bütün diqqətimi bu komandanın uğurlarına yönəltmişəm”.  
Qurbanov komandanın gələcək planları haqqında da danışıb:
“Qış fasiləsində heç bir futbolçu ilə yollarımızı ayırmağı düşünmürük. Yalnız mövsüm başa çatanda, gələn ilin may ayında komandadan bir neçə futbolçu göndərilə bilər.
Qış fasiləsində isə bir neçə yeni futbolçu transfer etməyi planlaşdırırıq. Komandanın gələcəkdə uğurlu çıxış etməsi üçün daha çox uşaq futboluna diqqət yetirməliyik. Lakin uşaq futbolu ilə yanaşı hər bir klubun lazımi səviyyədə infrastrukturu, bazası və gözəl stadionları da olmalıdır. Hazırda bu sahədə işlər uğurla həyata keçirilir. Bunun nəticəsini görmək üçün zamana ehtiyac var”.
Təcrübəli mütəxəsis hakimlər və Quzanlı stadionu ilə bağlı verilən sualları cavabsız qoyub və yalnız bunları deməklə kifayətləninb: “Bakıda da Quzanlıdakı kimi azarkeşlərimiz olarsa, biz daha fərqli oyun nümayiş etdirərik. Lakin Bakıdakı oyunlarda tamaşaçı sayının az olması bizim oyunumuza da öz mənfi təsirini göstərir. Quzanlı oynamaq məsələsi isə rəhbərliyin işidir. Biz bu işə qarışa bilmərik”.
Qurbanov Azərbaycan qadın futbolunun zəif inkişaf etməsilə verilən suala lokanik cavab verib: “Biz hələ kişiləri bir yerə çıxaraq, ondan sonra qadın futbolu haqda düşünərik”.  Sonda Qurbanov Azərbaycanda qadınların da futbola marağının artmasını alqışlayıb və onlara futbolla nəfəs almalarını tövsiyə edib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi