“Gəncədə, Tovuzda, Lənkəranda futbol olsa, inkişaf da tez gedər”

“Gəncədə, Tovuzda, Lənkəranda futbol olsa, inkişaf da tez gedər”
MÜSAHİBƏ 29 Oktyabr 2019 / 13:33 4921
-  A +

 “Kəpəz”in tarixinin ən çox qol vuran futbolçularından biri, 1990-cı illərdə Azərbaycan çempionatının həm qalibi, həm də bombardiri olmuş (1995/96 mövsümündə Fazil Pərvərovla birgə) Rövşən Əhmədov Qol.az saytına müsahibə verib. O, Gəncə futbolunun mövcud problemlərindən, uşaq futbolunun inkişafdan qalmasından və ümumi Azərbaycan futbolunun vəziyyətindən söhbət açıb.

- 1990-cı illərdə Azərbaycan çempionatında bombardir olmusunuz. Hazırda yerli futbolda hücumçu problemi yaşanır. Bu problemin səbəbini nədə görürsünüz?

- Problem bundadır ki, Azərbaycan futbolunda inkişaf zəif gedir. Düz deyirsiniz, hazırda belə futbolçular yetişmir. Nəzərə alaq ki, bizim oynadığımız vaxtdakı futbolla indiki arasında dağlar qədər fərq var. Bəlkə də futbolçu var, mən görmürəm? Adını çəkəcəyimiz belə güclü bir hücumçumuz yoxdur. Təkcə “Qarabağ”da 1-2 futbolçu var, yəni, inkişaf yoxdur.

- Sabiq komandanız “Kəpəz” bir neçə ildir ki, yüksək liqadan kənarda qalıb. Gəncə futbolunun real durumunu necədir?

- Bu gün reallıq belədir ki, kluba Yaşar Vahabzadə gəlib. Gedib oyunlarına da baxıram, pis oynamırlar. Ancaq məlumdur ki, maddi problemlərə görə güclü kollektiv yığıla bilməyib.

- “Kəpəz”in 1-ci divizionda oynaması şəhər camaatının futbola münasibətinə nə dərəcədə təsir edib? Yəni, futboldan soyuyublarmı, yoxsa?

- Belə götürəndə, içi mən qarışıq hamı istəyər ki, “Kəpəz” Premyer Liqada oynasın. Ya sponsor tapılmalıdır, ya da kimsə kluba baxmalıdır. Yəni, Premyer Liqaya çıxmaq üçün kimsə güclü pul buraxmalıdır. AFFA indi 1-ci liqaya məcburiyyətdən baxır. Eşitdiyimə görə, gələn mövsüm “Kəpəz” yüksək liqada mübarizə aparacaq.

- Bu məsələ nə dərəcədə realdır?

- 100 faiz demirəm, 70-80 faiz gələn mövsümdən “Kəpəz” Premyer Liqada çıxış edəcək.

- “Kəpəz”i hazırda maliyyələşdirən, Müşahidə Şurasını formalaşdıran AFFA-dır. Görülən işlərdən razısınız?

- Münasibətim pis deyil. Yəni, kluba onsuz da AFFA-dan başqa heç kim baxmır. AFFA da tək “Kəpəz”ə baxmır ki. “Kəpəz”dən başqa 1-ci divizionda 4-5 komandaya da baxır. Onların da gücü çatmır ki, hər kəsə baxsınlar. Premyer Liqadan da 3-4 kluba baxırlar. Mən belə başa düşürəm ki, gələn mövsüm komandaların sayı artırılacaq. Belə də olmalıdır. Yəqin ki, Elxan müəllim də, Rövnəq müəllim də görürlər ki, 8 komanda yerinə ən azından, 10 komanda olmalıdır. Mən də istəyirəm ki, 10 yox, lap 12 olsun. Bölgələrdən də klublar olardı, futbola maraq artardı. Gəncədə futbola maraq zəifdir. Oyunlara da baxan yoxdur. İndi də “Kəpəz” Premyer Liqaya çıxsa, pul olmayan yerdə nə edə biləcək?

- Özünüz də bildirdiniz ki, Gəncədə futbola maraq azalıb. “Kəpəz”də bombardir olmuş bir futbolçu kimi sizə indiki Gəncə futbolunun durumu necə təsir edir?

- Təbii ki, təəssüf doğuran məsələdir. Çünki komandamız Premyer Liqada oynamır. Gəncə futbolunda hazırda inkişaf yoxdur. Yalandan deyim ki, hər şey qaydasındadır, bu, düzgün deyil. Nə var, o da göz qarşısındadır. Bir-iki futbolçu var, bir-ikisi də kənarda oynayır. Bir-iki futbolçu ilə də heç nə olası deyil. Birinci divizionda oynaya bilirlər, amma əsas liqaya çıxsalar, çox çətin olacaq.

- Bu dəqiqə gəncəli futbol veteranları lazımı səviyyədə işlə təmin olunurmu?

- Özüm bir veteran kimi deyirəm ki, xeyr. İşləyən də var, işləməyən də var. Eləsi var uşaq futbolunda işləyir.



- Bəs siz necə, işləyirsiniz?

- Xeyr, işləmirəm. Əvvəllər 1-ci divizionda Samux rayonunun komandasında işləmişəm. Artıq 4-5 ildir ki, işsizəm. İş versələr də sağ olsunlar, verməsələr də.

- AFFA-nın futbol veteranlarına münasibətini necə qiymətləndirirsiniz?

- Belə nə deyim ki? Özləri bilən məsləhətdir. Yalandan tərifləyim ki, belədir, elədir. Son zamanlar dedilər ki, iş olacaq. Hələ ki, gözləyirəm. Komandamız Premyer Liqaya çıxsa, ümid edirəm ki, klubda iş verərlər.

- Ümumi Azərbaycan futbolu haqda danışaq.Bu seçmə mərhələdə milli komandamız indiyə qədərki ən zəif çıxışı ilə yadda qaldı. Qrupda 6 oyuna sadəcə, 1 xal qazana bildi və sonuncu pillədə qərarlaşıb. Eyni zamanda, U-21 yığmamız da həm media, həm azarkeşlər tərəfindən çox tənqid olundu. Siz nə fikirləşirsiniz, çıxış yolu nədir?

- Millimiz sözsüz zəif çıxış edir. Yalandan niyə tərifləyim ki? Əsas məsələ budur ki, bölgələrdə futbol yoxdur. Milli komandalarımızın çıxışından mən də narazıyam. Həm U-21, həm əsas milli çox zəif oyun sərgiləyir. Bir oyun da göstərmirlər ki, deyim ki, ən azı nəticə olmasa da oyun var. Belə götürəndə, köpək oğlunun erməniləri bizdən yaxşı oynayır. Yəqin ki, onlarda inkişaf var ki, belə nəticələr də olur. Bizdə isə əksinə.

- Çempionatın səviyyəsi haqda nə fikirləşirisiniz?

- Vallah, “Qarabağ”dan başqa klublarda da bir irəliləyiş görmürəm. Mən elə düşünürəm ki, Tovuz, Gəncə, Şəmkir, Mingəçevir, Lənkəran kimi şəhərlərdə futbol olsa, inkişaf da tez olar. Həm də 1-ci liqada qoyulan limit də inkişafa təsir edir. Gələcəkdə klub sayıı artsa, düşünürəm ki, 60-70 faiz irəliləyiş olar. “Qarabağ” öz yolunda davam edir, başqa elə bir komandamız yoxdur. Bir az da “Neftçi”. Bu il Ağdam klubundan başqa avrokubokda klublarımızın çıxışı göz qabağındadır. Bir “Qarabağ”dır ki, nəsə edir. Bu mövsüm Avroliqanın qrupundan da çıxa bilər. “Qəbələ” neçə illər o qədər pul xərclədi, legionerlər transfer etdi, ancaq müsbət effekt vermədi.

- Bölgələrin futbolsuz qalması ilə paralel uşaq futbolu da inkişafdan qalıb.

- Mən belə düşünürəm ki, bölgələrdə həm AFFA, həm də İcra Hakimiyyəti uşaq futboluna kömək eləməlidir. Elə Gəncənin özünü götürək, uşaq futbolu çox zəifdir. Söhbət uşaq futbol məktəblərinin başında kimlərin dayanmasından getmir, ümumi sistemi elə qurmaq lazımdır ki, qurulmuş sistemlə də irəliləsin. Yoxsa, bu gün 1 nəfər elə axıra kimi 10 il işləməməlidir. Əgər effekt vermirsə, dəyişməlidir.

- Uşaq futbolundakı problemlərin olmasında əsas günahı kimdə görürsünüz?

- Əsas günahkar deyə bilmərəm. Tək AFFA yox, klublarda uşaq futbolunda işləyənləri götürək elə. Klubda işləyən məşqçi ilə AFFA-nın nə əlaqəsi var ki? Gərək məşq bazaları ola ki, uşaqlar da orada yetişsin. Bizdə də bir “Kəpəz” klubudur. Mən düşünürəm ki, klublarda uşaq futbolunun başında duranlar işlərini tam yerinə yetirmirlər. Onları bir tərəfdən qınamıram. 2 topla o qədər uşaq necə məşq etsin? Elə klub var ki, yaxşı məşqçiləri var, amma şəraiti – topu, forması yoxdur. Məsələn, Gəncədə təkcə bir stadion var. Bir stadionda nə qədər komanda məşq edə bilər? Bəs qalanları harda məşq etsin? Valideynlər də uşaqlarını torpaqda məşq etməyə qoymaz, axı. Bizim vaxtımıza baxma, torpaqda da, asfaltda da oynayırdıq. Bu vəziyyətdə uşaqdan nə tələb edəsən? Deyəsən ki, yavaş oyna, torpaqda ayağın qırılar? Torpaqda oynamaq xəstəliklər də yaradır. Əgər stadionumuz olsa, rəhbər də məşqçidən nəsə tələb edə bilər, məşqçi də uşaqlardan.

- Ümumi sistemdə bir problem olduğunu deyirsiniz. Yəni, əgər klublar üçün maddi dəstək ayrılırsa, niyə şəraitsizlik yenə də qalır?

- Bəli, əgər AFFA uşaqlara forma verirsə də, bu, uşaqlara gəlib çatmır. Forması, meydançası ola, sən də müəllimdən tələb edəsən ki, uşaq niyə zəif oynayır. Amma belə olmadığı üçün heç kim nəsə tələb edə bilmir. Hər yaş qruplarından 2-3 istedadlı uşaq olur. Onlar da belə desək, batıb gedir.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı