Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun QOL.az saytına müsahibəsi
- Ötən gün AFFA İcraiyyə Komitəsi Azərbaycan futbolu üçün vacib qərarlar verdi. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Birinci ən yaxşıdan – komanda sayının artırılmasından başlayaq. 12 komanda doğrudan da ən yaxşı saydır. Mən bunu millidə və klublarda işlədiyim müddətdə analiz etmişəm. Çempionatın daha gərgin olması, çempionluq uğrunda 1-2 yox, 4-5 klubun oynaması əlbəttə çox yaxşıdır. Bizdə 8 komanda olanda rəqabət çox aşağı idi. Düzdür, “Qarabağ”ın onda da çempion olacağı bilinirdi, indi də. Amma hazırda digər yerlər uğrunda gərgin mübarizə gedir. 8 komandalı çempionatda belə şey yox idi. Yəni 2 komandanın artırlması gərginliyi artırdı. İndi daha 2 komandanın artması həm futbolçu sayının çoxalması deməkdir, həm də rəqabətin artması.
- Hələlik çempionatın format təsdiqlənməyib. Sizcə, 12 komandalı çempionatda hansı sistem daha uyun olar?
- Məncə, 6-lıq formatı olacaq.
- 3 dövrəli sistem necə olar?
- 3 dövrəli sistem elədir ki, komandalar səfərdə çox oynaya bilər. Yəni tam ədalətli olmur. 6-lıq sistemi isə çox maraqlıdır. Həm çempionluq uğrunda mübarizə maraqlı olur, həm də liqada qalmaq mübarizəsi. Düşünürəm ki, 6-lıq sistemi olar. Amma görək, hansı qərarı verəcəklər.
- Komanda sayının 12-yə çatdırılmasından fərqli olaraq, legioner limitinin artırılması birmənalı qarşılanmır.
- Orada rüsumlar var. Yeddi futbolçuya qədər legioner oynadan klub 5, 7-12 legionerdən istifadə edən klub 10 min manat rüsum ödəyəcək. Mən düşünürəm ki, bu rüsumlar bir az çox olsa, yaxşı olardı. Rüsumlarla bağlı digər varinatlar isə normaldır. Elə klub var ki, 10-12 legioneri mövcuddur. Bəziləri yayda legioneri gətirirlər, qışda göndərirlər. Yəni bizdə lazım olmayan legionerlər həddən artıq çoxdur. Deyərdim ki, onların bəziləri futbolu Azərbaycanda öyrənirlər. O gücü, maliyyəni yerli futbolçulara sərf etmək lazımdır. İndi birmənalı demək olmaz ki, bu yeni limit qərarı yaxşıdır, yoxsa pis. Hazırda keçid dövrü olacaq. Ola bilər ki, bir müddətdən sonra legionerlərə görə ödənilən rüsumu artırsınlar. Hansı nəticə verəcəyini bir müddətdən sonra görəcəyəik.
- Rüsumlarla bağlı qaydalar Azərbaycana gətirilən legionerlərin səviyyəsinin artmağına səbəb ola bilər?
- Əlbəttə. Yeni qərarlarda belə bir bənd oxudum ki, öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək. Çox yaxşı fikirdir. Müsbət məqamlardan biri də odur ki, yerli futbolçuları oynadan klublara da rüsum ödəniləcək. Həmin o pul da legionerlərə görə alınan rüsumdan ödəniləcək. Biz Məşçilər Komitəsi olaraq 4-5 il əvvəl bu məsələni qaldırmışdıq. Macarıstanda 21 yaşa qədər futbolçuların çempionatında belə bir qayda var. Bizdə isə yaşından asılı olmayaraq, yerli futbolçu sayına görə kluba pul ödəniləcək.
- Hər halda daha imkanlı klublar legionerlərə üstünlük verəcək.
- Bəli, hamıya məlumdur ki, klublar hamısı yaxşı yer tutmaq istəyir. Amma elə klublarımız var ki, şəraiti yoxdur, infrastrukturu aşağı səviyyədədir. Hər şey infrastrukturdan, aşağı yaş qruplarından başlayır. Məncə, bu qərardan sonra klublar akademiyalara daha çox fikir verəcək ki, oradan daha çox oyunçu gəlsin. Şəxsən mən yeni qərarları bəyənirəm. Mənim şəxsi fikrimdir. Ola bilər ki, başqa mütəxəssislər fərqli fikir bildirsin.
- Məsələnin digər tərəfinə də toxunaq. Əgər klublara 11 əcnəbi futbolçu ilə oynamaq imkanı verilirsə, onlar şübhəsiz bundan istifadə edəcək. Nəticədə onsuz da oyun təcrübəsindən əziyyət çəkən yerli futbolçularımız tamamilə itib-bata bilər. Bu haqda nə düşünürsünüz?
- Tamamilə razıyam. Dediklərinizin hamısı olacaq. Gəlin, belə danışaq. Bundan sonra hər bir məşqçi çalışacaq ki, onda yaxşı yerli oyunçu olsun. İnfrastruktur çox şeyi həll edir. Baş məşqçidən də çox şey asılıdır. Türkiyə klubları yaşı 30-dan çox ulduz futbolçuları komandaya cəlb edirlər. Bunlar əsasən reklam xarakterlidir. Amma onlar həm də bununla gənc və yerli oyunçularına fayda verir. Yəni onlar təcrübəli futbolçulardan çox şey öyrənir. Biz də normal legioner gətirməliyik. 1 oyun oynayıb, 5 görüşdə ehtiyatda qalanlar lazım deyil. Məsələn, “Qarabağ”ın yerli futbolçularının əksəriyyəti komandadakı keyfiyyətli legionerlərin sayəsində oyununu artırdı. Yəni burada demək olmur ki, legionerlərin sayını artırmaqla hər şey pis və ya yaxşı olacaq. Burda əsas olan keyfiyyətdir. Razıyam ki, milli komandamız üçün futbolçu seçimi etmək olmur. Yerli oyunçu sayı həddindəna artıq azdır. Onların sayının artırılmasına fikir vermək lazımdır. Analiz etmişəm ki, millimizin futbolçularının əksəriyyətinin yaşı 30-dan yuxarıdır. Bu da çox böyük fəsadlara səbəb ola bilər.
- Yerli oyunçu sayı azdır və legioner limitinin artırılması bu sayı daha da azaldacaq. Çünki əsasən əcnəbi məşqçilər heç də yerli futbolçuya şans verməkdə maraqlı deyil, ona nəticə daha çox lazımdır.
- Mən ona görə deyirəm ki, yerli məşqçilər bu haqda düşünməlidir. Onlar yerli futbolçularla çox işləməlidir, gənclərin keyfiyyətini artırmalıdır. Legionerlərlə yerliləri birgə çalışdırmalıdır. Onların bir-birilərindən nələrsə öyrənməsinə çalışmalıdır. Məncə, bizim yerli məşqçilərimiz milli komandanı düşünəcəklər. Onlar bilirlər ki, bu yerli futbolçu millidə oynamalıdır. Mən razıyam ki, əcnəbi məşqçilər bunu düşünməyəcək. Onlar yaxşı yer tutmaq istəyirlər ki, iş yerlərini itirməsinlər. Çünki aldıqları məvacib də az olmur.
- Əslində yerli məşqçini də uğursuzluğa görə tez bir zamanda istefaya göndərirlərlə, ona da nəticə daha önəmli olacaq.
- Bəli, belə də olur. Bizim düşüncəmiz, yanaşmamız dəyişməlidir. Klub rəhbərləri də Azərbaycan futboluna yanaşmasını dəyişməlidir. Onlarda səbr olmalıdır. Necə ki, əcnəbiyə uzun müddət şans verirlər, yerli mütəxəssisə də o imkanı yaratmalıdırlar. Bunu dəvət etmisənsə, arxasında dur, qoy işləsin.
- Yeni qərarlarda müsbət məqamlar görünsə də, milli komanda ilə bağlı bir nigaranlıq var. Razısınız?
- İnanın mənə ki, məndə bu nigaranlıq həddindən artıqdır. Çünki millimizdə yaşı 30-dan yuxarı olanlar çoxdur. Əksəriyyəti yaşlıdır. Onları əvəz edəcək oyunçu sayı isə çox azdır.
- Bəlkə, indiki halda əsas millimizdə heyəti tamamilə dəyişməli və qarşıya hansısa yer tutmaq hədəfi qoymamaq ən doğru yoldur?
- Bunu da etmək olar, amma məsələ ondadır ki, aşağı yaş qruplarımızın heç bir uğuru yoxdur. Məsələn, biz analiz etdik və rəhbərliyə məlumat verdik ki, U-17 millimizin futbolçuları öz çempionatlarından oyunun 50-60 faizini meydanda keçirir. Niyə? Çünki ilk hissədən sonra hesab arasında fərq çox olanda baş məşqçi digər futbolçulara şans verir. Hesab da dəyişmir, olduğu kimi qalır deyə bu cür da davam edir. Amma məşqçilər düşünməlidir ki, millinin futbolçusu çox oynamalıdır. Biz onların yaxşı futbolçu olmasını istəyiriksə, çox oynatmalıyıq. Təkcə Azərbaycanda yox, beynəlxalq turnirlərdə oynamalıdırlar. Onda həm keyfiyyət artır, həm də futbolçunun təfəkkürü dəyişir. Bizim aşağı yaş qruplarından millinin futbolçuları nadir hallarda 90 dəqiqə meydanda olur. Axı bu futbolçular oynamalıdır. Futbolçu məşqdə öyrənir, oyunda “açılır”. Ötən həftə “Arsenal” – “Mançester Siti” matçına baxdım. Deməli, “Arsenal”ın 2-ci qolunu vuran futbolçunun 18 yaşı var idi. Yaxud da “Barselona”da əksəriyyəti 18-19 yaşlı uşaqlardır. Biz isə gözləyirik ki, futbolçunun 23-25 yaşı olsun. O da ya alınar, ya da yox. Siz bir fərqə baxın!
Ramiq Ağaməmmədov
Alaba yenə zədələndi
"Milan" kapitanı icarəyə göndərdi
AFFA-nın inkişaf strategiyası təsdiqləndi
AFFA-dan U-17 millisinin baş məşqçisi ilə bağlı qərar
AFFA baş katib təyinatını açıqladı - Rəsmi+Yenilənib
İtaliya futbolu üçüncü dəfə ona tapşırıldı
"Qalatasaray"ın futbolçusu "Fiorentina"da
Noyer "Bavariya" ilə müqaviləni yenilədi
“Qarabağ”la “Zirə”nin əvəzediciləri qarşılaşdı
"Milan" hücumçu transfer etdi - Rəsmi
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sumqayıt" legioneri ilə yolları ayırdı
Volkan Demirel istefaya göndərildi