“Xəzər Lənkəran”ın yetərincə böyük potensialı var ki, bu rəqibə qalib gəlsin”

“Xəzər Lənkəran”ın yetərincə böyük potensialı var ki, bu rəqibə qalib gəlsin”
MÜSAHİBƏ 6 İyul 2010 / 22:19 3193
-  A +

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun Qol.Az saytına müsahibəsi

- Tuyqun müəllim, istərdik öncə Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova “Olimpiya”sı ilə ilk oyununuz haqda fikirlərinizi bizimlə bölüşəsiniz...
- Bildiyiniz kimi, bizim birinci təsnifat mərhələsindəki rəqibimiz ilk dəfə idi avrokuboklarda çıxış edirdi. Yəni Moldovadakı qarşılaşmada onlar qitə arenasında debüt matçlarına çıxmışdılar. Bu üzdən də qarşılarına mütləq qələbə qazanmaq vəzifəsi qoyulmuşdu. Gözlənildiyi kimi, matç bizim üçün çox çətin keçdi. Böyük motivasiyalarının, istəklərinin olduğu oyunda da aşkar şəkildə hiss olunurdu. Doğma azarkeşləri qarşısında beynəlxalq arenadakı ilk qələbələrini qazanmaq üçün əllərindən gələni etdilər. Ancaq aydın məsələdi ki, bizim komandamız da meydana məğlub olmaq üçün çıxmamışdı və minimum vəzifə səfərdə məğlub olmamaq idi. Düzdü, vacib səfər qoluna imza ata bilməsələr də, düşünürəm ki, Lənkərandakı oyun daha maraqlı keçəcək və növbəti mərhələyə məhz “Xəzər Lənkəran” yüksələcək.
- Moldovadakı ilk oyunda rəqibi daha da yaxından tanıdınız, gücünə bələd oldunuz. Bu oyun cavab matçında qələbə qazanacağımıza, növbəti mərhələyə adlayacağımıza nə dərəcədə ümid verdi?
- Vallah, bu, futboldu, öncədən dəqiq heç nə demək olmur. Amma onu deməliyəm ki, nə vaxtilə bizi mübarizədən kənarlaşdıran Polşa “Lex”idi, nə də Zaqreb “Dinamo”su. Hər halda ən böyük üstünlüyümüz ondan ibarətdir ki, Lənkəranda, doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Cavab  matçının həlledici xarakter daşıdığını nəzərə alsaq, bu, çox böyük üstünlükdü. İndi qalır bu üstünlükdən yararlanmaq. Rəqibin güclü və ya zəif olmasından asılı olmayaraq, bu faktorlardan maksimum yararlanmağa çalışmalıyıq.
- Belə başa düşürəm ki, “Olimpiya”nı tam keçiləsi rəqib hesab edirsiniz və növbəti mərhələyə adlaya bilməməyimiz günah hesab olunar...
- (gülür). Yenə deyirəm bu, futboldu. Heç kim məğlubiyyətdən uğursuzluqdan şikayətlənməyib. Hamı qələbə istəsə də, buna nail olmaq çətindir. İndi bizim də istəyimiz böyükdür və çalışırıq ki, azarkeşlərimizə sevinc bəxş edək, növbəti mərhələyə vəsiqə qazanaq. Bütün gücümüzü buna sərf etmişik. Amma siz hazırda davam edən dünya çempionatında da bir çox iddialı komandaların mübarizədən kənarda qalıb, heç yarımfinala gəlib çıxa bilməməsinin şahidi olursuz. Yəni hər şey ola bilər. Söhbət bundan getmir. Hər halda “Xəzər Lənkəran”ın yetərincə güclü heyəti var, böyük potensialı var ki, bu rəqibə qalib gəlsin.
- Bu oyun ərəfəsində “Xəzər Lənkəran”ın heyətində bəzi islahatlar aparılmışdı ki, “Olimpiya” ilə oyunda yeni oyunçularınızın da xidmətindən yararlandınız. Onların çıxışı sizi qane etdimi?
- Bu kimi suallara baş məşqçimiz cavab versəydi, daha yaxşı olardı. Hər halda ixtiyarındakı futbolçunun nəyə qadir olduğunu o, daha yaxşı bilir. Fikrimcə, onların özünü göstərməsi üçün hələ zamana ehtiyac var və oyundan-oyuna “Xəzər Lənkəran”ın gücünə güc qatacaqlar.
- Həmin oyunçularla kifayətlənəcəksiniz, yoxsa növbəti mərhələyə adlayacağınız halda, daha güclü rəqiblərlə oyunlar, növbəti mövsüm üçün yeni futbolçu transfer etmək planlarınız var?
- Təbii ki, bu yöndə müəyyən planlarımız var. Klub prezidenti də belə düşünür ki, növbəti mərhələlərə vəsiqə qazandıqca, daha güclü rəqiblərlə qarşılaşacağıq ki, belədə, yüksək səviyyəli oyunçuların komandamızda sayının artırılmasına da ehtiyac yaranacaq. Onsuz da bizdə məhdudiyyət yoxdu. Komandamız daim axtarışdadır. Növbəti mövsümdə də bizi gərgin bir çempionat gözləyir. Ona görə 3-4 yeni futbolçu almaq marağındayıq.
- Ola bilər ki, həmin oyunçuların arasında çoxdan gözlənilən adlı-sanlı, ulduz futbolçuya da rast gələk?
- Bilirsiz, ulduz futbolçu almaq, hələ komandanın güclənməsi demək deyil. Gərək o futbolçunun özündə komandamızda forma geymək istəyi olsun. Digər tərəfdən “Xəzər Lənkəran”ın gücünə güc qatacaq dərəcədə, oyun sistemimizə uyğun, faydalı futbolçular gətirək. Hər halda məşqçilər korpusu bu işlə yaxından məşğul olur və ehtiyac olduqca, yeni oyunçuların komandamıza cəlb olunmasının şahidi olacaqsınız.
- Növbəti mərhələdəyə vəsiqə qazansanız, potensial rəqibiniz olan Buxarest “Dinamo”su ilə qarşılaşacaqsınız. Bu komanda haqda məlumat toplayırsınızmı?
- Təbii ki, bu məsələyə də diqqət ayırırıq. Çünki bu, normal haldır. Moldovadakı oyunumuza onlardan 3 nümayəndə gəlmişdi. Biz də onların son yoldaşlıq oyunlarını, çempionat matçlarını izləmək imkanı qazanmışıq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi