"Ronaldo da top itirir, Messi də" - Mahir Mədətov

"Ronaldo da top itirir, Messi də" -  Mahir Mədətov
MÜSAHİBƏ 19 Aprel 2019 / 10:10 3825
-  A +

“Qarabağ”ın hücumçusu Mahir Mədətov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Keşlə”ni 3:0 hesabı ilə məğlub etdikləri qarşılaşmadan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.


- Penalti epizodunu necə şərh edə bilərsən? Qarşı tərəf qərardan narazı idi.

- Rəqib ayağıma vurdu. Mən onun arxasından gəlirdim, ola bilsin ki, məni görməyib. Amma təmas var idi.  Hakimin doğru qərar verdiyini düşünürəm.

- Hazırda “Neftçi” ilə xal fərqiniz 5-ə bərabərdi. Şansları necə dəyərləndirirsən?

- Mən həmişə öz komandama inanmışam. İnanıram ki, xal fərqini sonadək saxlaya biləcəyik. Bunun üçün çalışacağıq, vuruşacağıq. Sonda nə olacağı Allaha qalıb. Amma biz vicdanımız təmiz olsun deyə bilməliyik ki, var gücümüzü ortaya qoyduq.

- Son vaxtlar azarkeşlər və futbol ictimaiyyəti tərəfindən çox tənqid olundun. Bununla bağlı nə deyə bilərsən?

- Əvvəllər çox təsir edirdi. İndi isə izləmirəm tənqidləri. Kimin nə dediyi mənə maraqlı deyil. Əsas olan məşqçilərimin fikiridir. Düşünürəm ki, qol vurmadığıma görə tənqid olunurdum.

- Son oyunlarda sanki artım var...

- Hücum xəttində oynayırsansa, istər-istəməz top da itirəcəksən. Bunu Ronaldo da edir, Messi də. Çalışırsan ki, bir az kreativlik edəsən, bu da bəzən alınır, bəzən yox.

- Bəs sizdə necə alınır kreativlik?

- Məncə, pis alınmır. (gülür)

- Mövsümün sonunda Türkiyəyə gedəcəyin, Superliqa klubuna transfer olunacağın deyilir. Bu məsələ nə qədər realdır?

- Çox klubun adını eşidirik. Ancaq nə məşqçilər, nə də menecerlərim tərəfindən bu barədə mənə deyilmir. Özüm də bunu istəyirəm. Çünki çempionatın sonudur. Daha çox növbəti oyunlara köklənirəm. Mayda bu barədə qərar verəcəyik artıq.

- AEK barədə yayılan xəbərlər haqda nə deyə bilərsən, Yunanıstan Superliqasında oynamağın alınarmı?

- Açığı, Yunanıstan liqasını izləmirəm. Avrokuboklardakı oyunlarına baxmışam. AEK-dən real təklif var idi, sadəcə bu haqda düşünmürdüm. 

- Legioner həyatı yaşamağın vaxtı çatdığını düşünürsən?

- Düzü, çox istəyirəm legioner olmaq, Avropada özümü göstərmək. Lakin, dediyim kimi, bu tək mənim verəcəyim qərar deyil. Mənim üzərimdə əziyyəti olan insanlar çoxdur, xüsusən də Qurban müəllim başda olmaqla “Qarabağ”ın. Onlar nə desələr, elə də olacaq.

- AEK-dən təklif aldığın ərəfədə Qurban Qurbanov nə məsləhət gördü?

- Həmin vaxt “Neftçi” ilə oyuna 3 gün qalmışdı. Qəti cavabım yox idi. Mümkün olan bir şey deyildi. Özümə söz vermişdim ki, bütün təklifləri kənara qoyub komandama kömək edəcəyəm. Çünki bu il bizim üçün çox ağır il oldu. İstəyirəm ki, sonda çempion olaq.

- “Keşlə”nin qapıçısı Şahinlə toqquşmandan sonra burnu qırıldı və xəstəxanaya aparıldı. Ona zəng etməyi düşünürsənmi?

- Bu haqda bilirəm. Artıq nömrəsini də almışam. Özünə də yaxınlaşıb üzr istədim. Bilərəkdən etməmişəm. İmkan tapsam, onu ziyarət edəcəyəm.

 

Daha çox


Son xəbərlər