"Qəbələ"nin "Bakı"nın aqibətini yaşayacağına inanmıram" – Cavid Hüseynov

"Qəbələ"nin "Bakı"nın aqibətini yaşayacağına inanmıram" – Cavid Hüseynov
MÜSAHİBƏ 11 Aprel 2019 / 15:36 3604
-  A +

"Qəbələ"nin kapitanı Cavid Hüseynov Qol.az-a müsahibə verib. Klubun prezidenti Tale Heydərovun vəzifəsindən istefasına münasibət bildirən yarımmüdafiəçi komandanın gələcək taleyindən danışıb.

- Tale Heydərovun istefası bütün ictimaiyyət üçün gözlənilməz oldu. Bu qərar komandadakı ümumi ab-havaya necə təsir etdi?

- Qərarı dünən bildik, hamı kimi biz də şok olduq. Dünən heç bir məlumatımız yox idi. Vitse-prezidentimiz Fariz Nəcəfov komanda ilə görüşdü. Deyildi ki, Tale müəllimin istefa verməsi klubun iddiasına, hədəflərinə təsir etməyəcək. Qaldığımız yerdən eyni şəkildə davam edirik. Hamının müqaviləsi var. Buna riayət etmək lazımdır. Maddi cəhətdən heç bir axsaqlıq yoxdur. Maaşımızı, mükafatımızı alırıq. Bu, biz futbolçulara mane olmamalıdır.

- Klubun hədəflərini dəyişməyəcəyi, iddialı olacağı  növbəti mövsümə də aiddir?

- Bunun növbəti mövsümə aid olub-olmadığını indidən deyə bilmərəm. Çünki bu barədə söhbət olmadı.

- Yeni prezidentin kimliyi ilə bağlı danışıq olmadı?

- Yox, o haqda heç bir söhbət getmədi.

- Bir kapitan kimi necə düşünürsən, bu qərar klubun gələcəyinə necə təsir edə bilər?

- İndi bu barədə nəsə demək çətindir. Bugünkü gündə komandada ab-havanın pisləşməsi üçün heç bir səbəb yoxdur. Sadəcə, işlə əlaqəli atılan bir addım idi. Hamının mövsümün sonuna kimi müqaviləsi var. Hər kəsin pulu verilir. Məncə, hər hansı narahatlıq olmamalıdır.

- Artıq neçə ildir bu komandada oynayırsan. Tale Heydərovu ən yaxşı tanıyanlardan biri də sənsən. Onun gedişi "Qəbələ" üçün nə deməkdir?

- Bu klubu Tale Heydərov sıfırdan qurub. Hamı razılaşar ki, çox iş görülüb, xeyli əziyyət çəkilib. Artıq müəyyən nöqtəyə də gəlib çatıblar. Bu addımın atılmasına nə səbəb olub, bunu bilə bilmərəm. Tale müəllimin işi ilə bağlı olan məsələdirsə, normal qarşılamalıyıq. Əlbəttə, hər kəs ona öyrəşmişdi. İdman sahəsində "Qəbələ" üçün çox iş görüb. Ümid edək ki, bu işlər dayanmayacaq, Tale müəllimin prezident vəzifəsindən gedişi klubun sonu olmayacaq.

- Tale Heydərov çətin vaxtlarında sənə çox dəstək oldu. Həbsdə olduğun vaxt bir neçə dəfə mətbuat vasitəsilə bildirdi ki, sonadək Cavidin arxasında olacağıq. Onun sənin həyatındakı rolu barədə nə deyə bilərsən?

- Tale Heydərova, onun insanı keyfiyyətlərinə mənim ayrı bir hörmətim, ayrı bir sevgim var. Nümunəvi gəncdir. Bizimlə yaş fərqi çox azdır. Aramızda söhbət edəndə onun mövqeyindən asılı olmayaraq, özünü necə aparmağına həmişə qibtə etmişik. Bilirsiniz ki, mənim başıma gələn hadisələrdən heç kim sığortalanmayıb. Axıra qədər məni dəstəklədiyi, sevgisini, hörmətini göstərdiyi üçün ürəyimdə onun başqa yeri var. Ancaq bunları deyə bilərəm.

- Bu, sənin karyeranda artıq ikinci belə hadisədir. "Bakı"da da buna oxşar halla üzləşmişdin...

- Elə futbolçu var ki, artıq üçüncü dəfədir başına belə hadisə gəlir. Məndə isə ikincidir. Onlara baxanda, hardasa məndə yaxşıdır. "Bakı" da klub olaraq, tam formalaşmışdı. Artıq neçə ildir fəaliyyətini dayandırıb. Bu da adama pis təsir edir. Ancaq "Qəbələ"nin "Bakı"nın aqibətini yaşayacağına inanmıram.

- "Qəbələ"nin fəaliyyətini dayadırmasını heç kim istəməz. Əgər klub növbəti mövsümdə iddiasını itirsə, hansı addımı atacaqsan?

- Belə bir şey olsa, yəqin ki, ən sonda klubun vitse-prezidenti Fariz Nəcəfovla danışaram.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər