"Yurçeviçin yerli futbolçular haqda geniş məlumatı var"

"Yurçeviçin yerli futbolçular haqda geniş məlumatı var"
MÜSAHİBƏ 4 Mart 2019 / 17:38 3625
-  A +

Milli komandamızın baş məşqçisi Nikola Yurçeviçin köməkçisi Arif Əsədov Qol.az-a müsahibə verib. Yığma ilə bağlı sullarımızı cavablandıran mütəxəssis martın 21-də Avro-2020-nin seçmə mərhələsinin ilk turunda Xorvatiya ilə keçiriləcək səfər oyununa da toxunub.

- Bir neçə gün öncə milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçin köməkçisi təyin olundunuz. Əvvəlcə qısaca olaraq,  bu barədə fikirlərinizi öyrənmək istərdim...

- Əlbəttə, gözlənilməz oldu. Namizədlərin siyahısında mən də var idim. Amma 100 faiz bu vəzifəyə təyin olunacağımı bilmirdim. Yurçeviçlə görüşdən bir həftə öncə AFFA-ya dəvət edib, fikrimi öyrəndilər. Mən də bildirdim ki, hər bir məşqçi üçün millidə işləmək şərəfdir. Təklifi müsbət qarşıladım. Dedilər ki, bir həftədən sonra görüş olacaq, ardınca baş məşqçi qərarını verəcək. Hər şey üst-üstə düşdü. Yurçeviçlə görüşün sonunda bildirdi ki, mənimlə bağlı fikirləri müsbətdir. Beləcə təyinat gerçəkləşdi.

- Seçmə mərhələdə Xorvatiya ilə oyuna 16 gün vaxt qalıb. Demək olar ki, bütün futbol ictimaiyyətini, azarkeşləri eyni sual maraqlandırır: millinin heyəti nə vaxt açıqlanacaq?

- Heyətin nə vaxt açıqlanacağını baş məşqçi daha yaxşı bilər. Amma qarşıda hələ 2 tur var. Namizədləri izləyirik. Son sözü Yurçeviç söyləyəcək.

- Vaxt azlığını nəzərə alsaq, millinin daha erkən bir araya gələ biləcəyini gözləmək olarmı? Ən azından yeni baş məşqçi futbolçularla yaxından tanış olardı...

- Sabah, ya birigün daha bir görüşümüz olacaq. Ancaq çempionatı dayandırmaq kimi bir fikir olmayıb. Çünki bunu etsək belə, yoldaşlıq oyunu keçirə bilməyəcəyik. Ən yaxşı halda 2-3 gün fiziki keyfiyyətləri qaldırmaq olar. Ona görə də, məncə, planda belə bir şey yoxdur.

- Ümumiyyətlə, Yurçeviçin azərbaycanlı futbolçularla bağlı fikirləri necədir?

- Buna özü daha yaxşı cavab verə bilər. Amma onu deyim ki, futbolçular haqda informasiyası kifayət qədərdir. Bu haqda danışmışıq. Yerli futbolçularla bağlı olduqca geniş məlumata sahibdir. Sadəcə, hər mövqeyə ən azı 2 futbolçunun olmasını istəyir. Bu gün kim formadadırsa, onları nəzərdən keçirib, təlim-məşq toplanışına çağırmağı düşünür.

- Milli komandada yeni adlar olacaqmı?

- Mən bu haqda nə isə deyə bilmərəm.Yaxın günlərdə oturub, ümumi vəziyyəti müzakirə edəcək, izlədiyimiz futbolçular haqda fikir mübadiləsi aparacağıq. Bu görüşdən sonra 100 faizlik də olmasa, ortaq məxrəcə gəlmək olar. Millidə yeni futbolçular ola da bilər, olmaya da.

- Yığmada yeni milliləşmiş oyunçu görə bilərik?

- Bu barədə hələ tam müzakirə olmayıb. Bilirsiniz, indi vaxt çox azdır. Məlum səbəblərdən baş məşqçi gec təyin olunub. Ona görə də geniş məlumatı yoxdur. Ancaq bilirəm ki, hər gün köhnə kassetləri izləyir. Hansısa yeni futbolçu haqda konkret bir şey deyə bilmərəm.

- Artıq Yurçeviçi həm xarakter, həm də məşqçi keyfiyyətləri baxımından az-çox tanıyırsınız. Xorvatiyalı mütəxəssisdən nə gözləmək olar?

- İnsani keyfiyyətləri çox yüksək səviyyədə olan bir məşqçidir. İlk gündən bildirdi ki, iş işdir, kənarda hamımız, dost-qardaşıq. Hər kəsin fikrinə müsbət yanaşır, hörmət edir. Lakin son qərar onundur. Bu keyfiyyətləri pozitivilik baxımından yaxşıdır.

- Artıq seçmə mərhələdəki ilk rəqibimiz olan Xorvatiya millisinin heyəti açıqlandı. 2-3 futbolçunu çıxmaq şərtilə, hamısı aparıcı oyunçulardır. Martın 21-də isə oyundur. Son dünya çempionatının finalçısı ilə matçda nəyə ümid edi bilərik?

- Xorvatiya üçün birinci, ikinci heyət anlayışı yoxdur. Dünya ikincisidir. Ona görə də hər bir futbolçusu oynamağa hazırdır. Reallıq odur ki, bu gün səfərdə belə bir komandaya qarşı oynamaq, onlarla başabaş mübarizə aparmaq çox çətindir. Ancaq düşünürəm ki, futbolçular əllərindən gələni edəcəklər. Millətlər Liqasındakı uğursuzluğu unutdurmaq lazımdır ki, həm futbolçular ,həm də ictimaiyyətdəki ruh düşkünlüyü aradan qalxsın. Bunun üçün də komandada normal ab-hava yaratmaq lazımdır. Biz Xorvatiya ilə matçda futbolçulardan əzmkar oyun, sona qədər mübarizə gözləyirik. Futboldur, hər şey ola bilər. Dəfələrlə zəif komandaların güclüləri məğlub etməsinin, onlardan xal götürməsinin şahidi olmuşuq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər