Çingiz İsmayılov: «Mən 75 yaşımda da futbol oynayıram»

Çingiz İsmayılov: «Mən 75 yaşımda da futbol oynayıram»
MÜSAHİBƏ 12 Aprel 2010 / 15:03 5230
-  A +

Bu gün AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovun 75 yaşı tamam olur. Yubileyi ərəfəsində Qol.Az saytının müxbiri Çingiz İsmayılovla görüşüb.

- Çingiz müəllim, arxada qoyduğunuz 75 il xatirələrinizdə necə qalıb?
- Mənim uşaqlığım müharibə illərini əhatə edir. Həmin anlar yaddaşıma həkk olunub: yarıac, yarıtox böyümüşük, atam əsgərlikdə olub. Buna görə də orta məktəbə bir qədər gec getmişəm. Əvvəlcə 4 il 4, sonra 199 nömrəli məktəbdə oxumuşam. Müharibədə əmimi itirdim. Atam Məmməd müharibə zamanı Krımda hərbi hissədə mətbəə direktoru idi. O, 1943-cü ildə Cənubi Azərbaycanda yazıçılardan Süleyman Rüstəm, Manaf Süleymanov, Əli Vəliyev, Rəsul Rza ilə birlikdə olub. Hətta Əli Vəliyev “Samovar tustülənir” kitabında atam haqda xatirələrdən yazıb. Atam həm də “Kommunist” (indiki “Azərbaycan”) nəşriyyatının direktoru olub. Müharibə qurtaran gün yaxşı yadımdadır, hər yerdə toy-bayram idi.
1945-ci ildə küçələrdə futbol komandaları vardı. Məhəllələr arasında mübarizə gedirdi. Elə məktəb həyəti yox idi ki, orada futbol oynanılmasın. Mənim bədən tərbiyəsi müəllimim çoxlarının tanıdığı Tofiq Bəhramov olub. 1952-ci ildən “Neftçi”nin oyunlarını daim izləmişəm və həmişə bundan həzz almışam.
- Tofiq Bəhramov haqqında fikirlərinizi bilmək maraqlı olardı.
- O, təmiz, həssas insan, çox yaxşı müəllim və hakim idi. Tofiq müəllim həmişə çalışırdı ki, kimsənin xətrinə dəyməsin. İndi belələri azdır.  
- Bəs, nə zamandan “Neftçi”yə gəldiniz?
- Mən əvvəlcə basketbolla məşğul olmuşam, sonradan futbolu seçdim. Yüngül atletika istisna olmaqla digər idman növləri yarışlarında iştirak edirdim. Tale elə gətirdi ki, küçə futbolundan “Neftyanik” komandasına gəldim. 7 il, konkret 1955-1962-ci illərdə “Neftçi”nin şərəfini qorumuşam. Bundan başqa, Bakının və Gəncənin “Dinamo”, həmçinin “Neft daşları” komandasında oynamışam. “Neftçi”də oynayarkən ana dilimizi yaxşı bildiyimdən tez-tez televiziyaya dəvət alırdım. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin rəhbəri Ənvər Əlibəyli mənə deyirdi ki, karyeranı başa vurduqdan sonra buraya gəlib veriliş apararsan. Hətta o zaman əməkdaşlıq da edirdik. 1967-ci ildə Gəncə klubu ilə güclülər dəstəsinə vəsiqə qazanmışam. Həmin ildə Kuybışevdə (indiki Samara) ciddi zədə aldığım üçün futbolla vidalaşdım, sonra telestudiyaya getdim. Həm televiziyada çalışırdım, həm də məşqçi işləyirdim. Hətta “Neftçi” Cəmiyyətinin Mərkəzi Şurasında futbol bölməsinin sədri olmuşam. Təvazökarlıqdan uzaq olsa da, yeganə şəxs olduğum bir məqamı xüsusi qeyd etmək istərdim: həm peşəkar futbolçu, həm də peşəkar jurnalist olmuşam. 19 il Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləmişəm. Kiçik redaktorluqdan baş redaktor müavini vəzifəsinə kimi böyümüşəm. 1986-1994-cü illərdə “Neftçi” komandasının rəisi olmuşam. Bu vəzifədə uzun müddət çalışan yeganə şəxsəm. Məsələ burasındadır ki, “Neftçi” zəif oynayırdı deyə tez-tez məşqçi və rəis dəyişiklikləri olurdu. Mütəxəssislərdən Aleksandr Sevidov, Ruslan Abdullayev, Ağasəlim Mircavadov, Böyükağa Ağayev, Kazbek Tuayev, Vaqif Sadıqovla birgə işləmişəm. Ruslan Abdullayev çox istedadlı idi və hətta 1988-ci ildə Anatoli Bışovetslə birgə SSRİ olimpiya yığmasını çalışdırıb. Ağasəlim Mircavadov və Vaqif Sadıqov da yaxşı məşqçidir. Vaqifin “Neftçi”dən çıxarılmasına məəttəl qaldım. O, futbolu yaxşı bilir, öz üzərində səylə işləyir. 1 il ərzində komanda düzəltmək mümkünsüzdür. “Real” kimi klub dünya ulduzlarını toplasa da, hələ ki, istədiyi nəticəni qazana bilməyib. Futbolçuları vaxt istəyib və gələn il çempion olacaqlarını deyiblər. Komandanı formalaşdırmaq asan məsələ deyil. Tez-tez məşqçi dəyişmək böyük səhvdir.
- Ən yadda qalan oyununuzu xatırlayırsınızmı?
- Belə oyunlar çox olub. Futbol elə bir şeydir ki, burda həm komediya, həm lirika, həm dramatik vəziyyətlər, həm də faciə olur. Bir sözlə, futbol böyük aləmdir. Mən həmişə futbolla yaşamışam, bu idman növü mənim həyatım və sevincim olub. Hətta həyatımı belə qurban vermişəm. Futbolda çox sayda dostlar qazanmışam. Mən yubileylərimi xüsusi qeyd etməyimi xoşlamıram. Bəlkə də Azərbaycanda yeganə adamam ki, anamı dəfn edib ertəsi futbol oynamışam. 1957-ci ildə Bakıda Ermənistan “Spartak”ını (indiki “Ararat”) məğlub etdik. Həmin ildə Tehranda İran milli komandasını 3:0 hesabıyla məğlub etməyimizi də yaxşı xatırlayıram. 1961-ci ildə Moskvada “Lujniki” stadionunda 80 min tamaşaçı qarşısında “Spartak”ı 2:1 üstələdik.
- AFFA-ya gəlişiniz necə oldu?
- Mən indiyədək işə qəbul üçün heç kimdən xahiş etməmişəm, həmişə dəvət olunmuşam. 1994-cü ildə AFFA-dan Rauf Adıgözəlov mənə zəng etdi ki, Fuad Musayev görüşmək istəyir. Musayevdən bir gün möhlət istədim və sonra baş katib kimi işləməyə razılıq verdim. Fuad Musayevlə bir məhəllədə böyümüşük. O, futbolçu və voleybolçu olub, çox yaxşı təşkilatçıdır. Fuad Musayev hətta yarışda yaxın məsafədən mənə qol vura bilməyib, məndən qorxurdu (gülür). 9 il AFFA-da çalışmışam.
- Fuad Musayevlə incikliyiniz olubmu?
- Bəli. İş olan yerdə narazılıq da olur. Amma bir məqamı qeyd edim ki, Fuad Musayev işçiyə dəyər və qiymət verən insan olub.
- İndi onunla əlaqələriniz varmı?
- Tez-tez zəngləşirik, imkan olanda ildə bir neçə dəfə görüşürük, futboldan danışırıq.   
- Bəs, AFFA-dan sizi yada salan varmı?
- Ömrümün 55 ilini futbol üçün fəda etmişəm, amma qiymət verən yoxdur. Futbolçu olarkən bir sıra respublikalardan dəvətlər gəlsə də, getməkdən imtina etmişəm. İndi yaşlı nəslə hörmət olunmur. Yaddan çıxarmasınlar ki, keçmişini bilməyən millətin gələcəyi olmayacaq. Mənə ən çox təsir edən odur ki, 7 il ərzində bir dəfə də olsun milli komandanın oyununa  dəvət olunmamışam. Amma eybi yoxdur, canları sağ olsun.
- Federasiya təqaüdünüzü verirmi?
- Bəli, 150 manat alıram.
- Bu pulla dolana bilirsiniz?
- Mən heç vaxt şikayət etməmişəm. Allaha şükür, korluq çəkmirəm.
- 75 yaşında özünüzü necə hiss edirsiniz?
- Əla. Hərdən nəvəmlə futbol da oynayıram.
- Bu gün futbolumuzun inkişafda olduğu qənaətində olanlarla razısınızmı?
-  Qətiyyən yox. İndiki durum ürəyimi ağrıdır.
 Futbol haqqında çox yaxşı dövlət proqramı qəbul olunub. İndi futbolumuzun inkişafda olduğu fikrində olanlar yanılırlar. Bu gün Gəncə, Mingəçevir, Sumqayıt futbolunu itirmişiksə, hansı tərəqqidən söhbət gedə bilər?! Vaxtilə bu şəhərlərdə peşəkar məşqçilər vardı, “Neftçi” üçün layiqli ehtiyat qüvvəsi yetişirdi. 1987-ci ildə Azərbaycan gənclər arasında 3 dünya, 1990-cı ildə 2 Avropa çempionu yetişdirmişdi. Hazırda Tərlan Əhmədov, Arif Əsədov kimi oyunçu tapmaq olarmı? Ola bilməz ki, belələri olmasın. AFFA-nın məlumatına görə, indi futbolla müntəzəm məşğul olan 1500 nəfər var. Ancaq keçmiş SSRİ vaxtında təkcə Gədəbəydə belələrinin sayı 2000 idi. Kütləviliyə, uşaq futboluna xüsusi diqqət yetirilməlidir. Pulları havaya xərcləmək lazım deyil. İnfrastruktur yox səviyyəsindədir. Deyirlər ki, 40-dan çox meydança salınıb. Bunlar hamısı böyük yox, mini futbol üçündür. İdman komplekslərinin tikilməsi çox yaxşıdır. Ancaq bunlar necə istifadə olunur? Məktəblərin futbol meydançaları itib-batıb. Nəzarət olmayanda anarxiya olur. Məktəblərdə futbol dərslərini eksperiment kimi aparmaq lazım deyil. Bu idman növündə həm atletika, həm gimnastika, həm də akrobatika var. Dayaq idman növlərinə xüsusi diqqət olmalıdır. Həmişə Şamaxı, Göyçay kimi regionlardan futbolçu deyil, güclü güləşçilər, Neftçaladan isə boksçular çıxıb.       
Futbolumuza xas olan keyfiyyətlərin əksəriyyəti itirilib. Bilmirik ki, ingilis, yoxsa alman futbolu oynayırıq. Qafqaz futbolunun öz dəst-xətti olub: yuksək sürət, texnika və s.  Biz futbol oynayanda tamaşa etməyə nazirlərdən tutmuş ziyalılar gəlirdi. Onlar arasında Murtuz Ələsgərov, Qara Qarayev, Həsən Seyidbəyli, İmran Qasımov, Tofiq Quliyev və başqa tanınmışlar vardı.
İndi uşaqlar üçün əsasən pullu məşqlər olur ki, çoxlarının buna imkanı çatmır. Futbol lazımı səviyyədə təbliğ olunmalı, bu sahədə problemlər qabardırmalıdır. Əvvəllər tənqid olunan şəxslər səhərə kimi yatmırdı ki, atamı yandırıb partiya biletimi alarlar.
Gələn il Azərbaycan futbolunun 100 illik yubileyidir. Bununla bağlı hansısa hazırlıq gedirmi? Mətbuatda buna aid nəyəsə rast gəlməmişəm. Bu tədbir Avropa səviyyəsində təşkil olunmalıdır. 
- Çempionatın mövcud formatı özünü doğruldurmu?
- Bizə “altılıq” sistemi lazım deyil. Çempionatda 14-16 komanda 2 dövrədə mübarizə aparmalıdır. Finlandiya çempionatında peşəkarlarla yanaşı, həvəskar futbolçular da oynayır. Klublarımız Avropa yarışlarında qrup turnirinə vəsiqə qazansa, bu halda bunu uğur saymaq olar. Legioner limiti olmalıdır. Buraya səviyyəsiz deyil, səviyyəli əcnəbi futbolçular gətirilməlidir.    
- Milli komanda haqda nə düşünürsünüz?
- Yığmamız Avropa çempionatının seçmə mərhələsinin qrup yarışında sondan 2-ci yeri tuta bilər. Əgər 3-cü pilləyə sahib çıxsaq, əla olar.
- Qapıçılarımız barədə nə fikirdəsiniz?
- Bu sahədə vəziyyət dəhşətdir. Yalnız Kamran Ağayevi fərqləndirərdim. Ərəblər legioner qapıçı götürmürlər. Vaxtilə Bakıda məşhur qapıçılar məktəbinin yetirmələri Moskvanın “Spartak”, “Lokomotiv”, Kiyev “Dinamo”sunda və digər klublarda çıxış ediblər. İndi hər şeyi itirmişik. Ona görə ki, peşəkar yanaşma yoxdur.
Hakimlik sahəsinə də toxunmaq istərdim və burada  da vəziyyətin acınacaqlı olmasını təəssüf hissilə qeyd edərdim. Niyə Tofiq Bəhramov, Eldar Əzimzadə, Rüstəm Rəhimov kimilərinin davamçıları yoxdur? Nəyə görə Özbəkistan və Qazaxıstan hakimləri mötəbər yarışların final mərhələsinə təyinat alır, Azərbaycan referiləri yox?!
- Futbolumuza nə arzulayırsınız?
- Yalnız uğurlar. Arzu edirəm ki, bütün Azərbaycan futbol oynasın... 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi