Qurban Qurbanovun haqqı

Qurban Qurbanovun haqqı
YAZARLAR 6 Sentyabr 2017 / 17:28 9951
-  A +

24 avqust 2017-ci il, saat 07.00. Həmkarım Kənan Məstəliyevlə tarixi uğurun təsirindən səhərəcən yatmayıb, şəhəri dolaşıb beynəlxalq hava limanında qərar tutmuşuq. 4 saatdı bizə bu sevinci yaşadan çempionumuzu gözləyirik. Yaxşı ki “feysbuk” var. "İdman Azərbaycan" telekanalından tanıdığınız həmkarım Ramiz Mirzəzadə gözləmədiyimizi deyir. Üz tuturuq Milli Aviasiya Akademiyası ilə üzbəüz yerləşən, Azərbaycan Hava Yollarının biznes terminalına.

...Hamı o möhtəşəm tarixi yazan komandanı gözləyir. Hamı deyəndə "Qarabağ"ın fan-klubunun bəzi üzvləri və təxminən bir o qədər də jurnalist, fotoqraf, operator... Qələbədən dərhal sonra şəhərdə yaşananlara baxıb çempionumuzu qarşılamağa bundan qat-qat çox adamın gələcəyini güman edirdik. Amma nə minlərlə adam, nə də bir neçə saat öncəki maşın karvanları olacaq...

2002-ci ildə Türkiyə millisi dünya çempionatında 3-cü yeri tutandan sonra Bakıdakı bayram əhval-ruhiyyəsini xatırlayıram. Təcrübəli həmkarlarım Mahir Rüstəmli, Rasim Mustafaoğlu, Teymur Turan yalan danışmağa imkan verməz, həmin gün minlərlə adam dənizkənarı park və ətrafında bayram atmosferi yaratmışdı...

...Hələ sakitlikdi. Gələn-gedən yoxdu. Musa Qurbanovdan başqa. Musa müəllim, deyəsən, hamıdan əvvəl gəlib sevimlilərini qarşılamağa. Komandanın uğurunda menecer-seleksiyaçı kimi onun da əməyi danılmazdı. Yalnız menecer-seleksiyaçı kimimi? Bu uğurun memarı Qurban Qurbanovun əsas dayağı və həm də ən dəyərli məsləhətlər verən böyük qardaşı kimi...

Milli çempionatımızın ilk bombardiri ilə şəxsi tanışlığım olmadığından çox ürəyimdən keçsə də, ona yaxınlaşıb təbrik etməyə utanıram. Həm də bizim millətin mentallığına uyğun hərəkət deyil. Fikirləşirəm ki, deyəcəklər yaltaqlanır...

...Və budu, jurnalistlər hərəkətə keçir. Komandanı qarşılamağa PFL prezidenti Ramin Musayev gəlir. O əvvəlcə Musa müəllimlə qucaqlaşır. Daha sonra mediaya açıqlama verir. Musa müəllim sakitcə kənarda dayanıb. Deyəsən, heç şəxsən tanıdığı jurnalistlər də onu təbrik etməyib. Artıq dözə bilmirəm, ərk etdiyim həmkarlarımdan Zaur Xudiyevlə Emin Səfərova "niyə Musa Qurbanovu da danışdırmırsız?" deyirəm. Sağ olsunlar, dərhal onun avromobilinə yaxınlaşırlar. Hamı yığışır Musa Qurbanovun başına. Sanki bayaqdan belə bir adam yox idi...

18 illik fasilədən sonra fotoqraflıq edirəm. Çünki maraqlı kadr var. Musa müəllim nə qədər təcrübəli və çox çətinliklər görmüş adam olsa da, kövrəlib. Tarixi zəfərin ardından qardaşı Qurban Qurbanovla telefon danışığında bir neçə ay əvvəl rəhmətə gedən analarını yada saldıqlarını deyir. İndi o ananın da ruhu sevinir...

...Nədənsə Qurbanov qardaşları deyəndə ağlıma ilk gələn adam Vidadi Əhmədov olur. Bəli, müstəqil Azərbaycanın avrokuboklardakı ilk təmsilçisini - unudulmaz "Turan"ı yaradan o insan. Vidadi müəllimin Qurbanov qardaşları haqda fikirləri çox maraqlıdı

- Müstəqilliyimizin bərpasından sonra 1-ci milli çempionatın startı ərəfəsində "Turan" peşəkar futbol klubu yaradıldı. Azərbaycan futbolunun beşiyi sayılan Tovuzun ənənələrini qaytarmaq məqsədilə rəhmətlik baş məşqçi Ruslan Abdullayev qarşısında ölkədə ən güclü komandanı komplektləşdirmək vəzifəsi qoyuldu. Ruslan müəllim hücumçu istəyəndə klubun rəisi Şahin Mehdiyevi və inzibatçısı İman Cəfərovu Zaqatalaya - Musa və Qurban Qurbanov qardaşları ilə görüşməyə göndərdik. Sonra bildim ki, həmin ərəfədə Musa futboldan kənarlaşmaq istəyirmiş. Qurban isə hərbi xidmətdən yeni qayıdıbmış. Nümayəndələrimizin inadkarlığı sayəsində ertəsi artıq qardaşlar "Turan"ın bazasındaydı. İlk gündən çox səmimi münasibət və qarşılıqlı hörmət yarandı. Musa yeganə futbolçu idi ki, onunla bəzi fikirlərimi bölüşərdim. Daha sonra böyük qardaşları Maarif müəllimlə yaxşı münasibətimiz yarandı. Bu ailədə yüksək tərbiyə var. Məhz bu tərbiyənin sayəsində qardaşlar tərəfindən heç bir yersiz hərəkətlə qarşılaşmadım. Gündə üç dəfə müntəzəm məşq etməyi mən ilk dəfə Qurbanda gördüm. Ümumiyyətlə, mən tanıdığım futbolçulardan işinə ən peşəkar yanaşan Qurbanov qardaşları idi. Məhz onların böyük əməyi sayəsində "Turan" çempion oldu və ölkəmizi avrokuboklarda təmsil etdi.

Futbolçu vaxtlarında müharibə bölgəsində göydən "qrad" yağa-yağa futbol oynamaqla əhaliyə, mütəmadi görüşlər zamanı hərbçilərə verdiyi mənəvi dəstəklə Tovuzun müdafiəsində Qurbanov qardaşlarının və onların şərəfini qoruduğu "Turan" klubunun da xidmətləri danılmazdı.

"Qarabağ"ın futbol sərhədlərini aşan indiki tarixi uğur da Qurbanov qardaşlarının böyük zəhmətinin bəhrəsidi. Klub rəhbərliyinin yaratdığı şərait və imkanı da unutmaq olmaz.

Bu qardaşların həm futbolçu, həm də mütəxəssis kimi zəhmətini yüksək dəyərləndirirəm. Heç şübhəsiz, Qurban Qurbanovun bu uğurları qazanmasında Musa müəllimin məsləhətlərinin böyük faydası olub. Mən bu qardaşlarla qürur duyuram. Onlar ən yüksək təltifə layiqdi...

Vidadi müəllimlə tam razıyam. Amma fikrimcə, Qurbanov qardaşları ən böyük təltifi - xalq sevgisini qazanıb!

Düzdü, klub futbolumuzu keyfiyyət cəhətdən tam başqa səviyyəyə yüksəldən Qurban Qurbanovun haqq etdiyi bir yer var ki, orda olması ümumilikdə Aərbaycan futbolunu böyük irəliləyişə gətirə bilər və bəlkə də xəyallarımızı gerçəkləşdirər. Bu milli komandanın baş məşqçisi postudu. Sadəcə, AFFA-nın da Qurban Qurbanova "Qarabağ" rəhbərliyi kimi inanması lazımdı...

Anar ŞABANOĞLU
"Futbol+" qəzeti



MÜƏLLİFİN DİGƏR YAZILARI

05.02.15

Son xəbərlər