Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!
O, müstəqil Azərbaycanın FİFA referisi adını almış ilk üç hakimdən biri olub. Bir sıra beynəlxalq oyunlar idarə edib. Amma beynəlxalq hakimlik faəliyyəti uzun çəkməyib. 1990-cı illərin sonlarında AFFA-nın və qurumun Hakimlər Komitəsinin o vaxtkı (yeri gəlmişkən, komitədə rəhbər yenə eyni adamdı) rəhbərliyi ilə aralarında yaranmış problemə görə hakimlikdən gedib. Bir müddət sonra isə AFFA Hakimlər Komitəsi “normativi ödəyə bilməyib” adı altında onu hakimlikdən uzaqlaşdırıb.
...Tahir Süleymanovun xüsusi təqdimata ehtiyacı yoxdu. Son illər o, daha çox “Neftçi”də vitse-prezident kimi fəaliyyəti, klubdan uzaqlaşdıqdan sonra isə mediada ekspert kimi çıxışı ilə gündəmdə olub. Amma onunla bugünkü söhbətimiz Azərbaycanın futbolunun, daha doğrusu, hakimlərimizin indiki yox, yaxın keçmişdəki fəaliyyəti barədə olacaq.
- Siz, Xaqani Məmmədov və Asim Xudiyev. Azərbaycanın ilk üç FİFA referisi. Dünyanın ən ali futbol qurumundan xoş xəbəri necənçi ildə aldınız?
- 1994-cü ilin dekabrından bizim namizədliyimiz rəsmən təsdiqləndi. 1995-ci ilin yanvarında isə AFFA-nın o vaxtkı prezidenti Fuad Musayevin iştirakı ilə bizim təqdimat mərasimimiz keçirildi. Onda 29 yaşım vardı. Bu şəkil də elə orada çəkilib. Biz FİFA referiləri və köməkçiləri.
- Sizdən başqa, FİFA-ya göndərilmək üçün daha kimlərinsə namizədliyi müzakirə olunmuşdu?
- Hə, çox hakim vardı. Lakin ölkə reytinqində biz birinci olduğumuz üçün FİFA-ya namizədliyimiz irəli sürüldü. Həmin vaxtlar ölkədə ictimai-siyasi vəziyyət çox pis idi, anarxiya dövrü idi. Amma buna baxmayaraq, ölkədə böyük futbol vardı. Mən hakimliyə başlayanda ən gənc hakimlərdən biri idim. Gənc olmağımıza baxmayaraq təcrübəli hakimlərdən həm öyrənirdik, həm də onlarla rəqabətə girirdik.
- Həmin vaxtlar ölkədə iqtisadi durum da ağır idi. Hər yerdə, o cümlədən futbolda pul yox dərəcəsində idi. Və belə bir vaxtda Azərbaycanın üç referisi FİFA hakimi olur. Sonra sizə təyinatlar gəlir. Azərbaycanın o zaman pis vəziyyətlə olan əyalətlərini zaman-zaman Avropanın gözəl şəhərlərinə səfər əvəz edir. Və həm də sizə beynəlxalq oyunlara görə UEFA tərəfindən yaxşı qonorar verilir…
- Ölkə daxilində həmin dönəmdə başlanğıcda verilən qonorar heç danışılası deyildi. O vaxtkı manatla 30 min, el diliylə desək, 3 “şirvan” alırdıq bir oyuna görə. Bir beynəlxalq oyunumuza, qonorar və günlük xərclər də daxil 1700-2000 dollar gəlir əldə edirdik. Arada bu qədər böyük fərq vardı. Həmin dönəmdə futbolçuların da durumu pis idi.
- Sizə yerli oyunlara görə qonorarı AFFA verirdi, yoxsa klublar?
- Federasiya verirdi. Lakin bir ara elə bir dönəm oldu ki, vəsaiti yerli klub ödəyirdi. Və onda biz hakimlər etiraz etdik ki, bu, doğru deyil. Sırf qonorarla bağlı federasiya ilə biz hakimlər arasında çox mübahisə oldu. İndiki dönəm kimi deyildi. O vaxt hakimlərdə birlik var idi. Biz qonorarımızın qaldırılmasını tələb etdik. Nəticədə istəyimizə çatdıq: 3 “şirvan” oldu, 9 “şirvan”. Mən isə sonra ən parlaq dönəmimdə karyeramı bitirdim.
- Bəlkə “bitirdilər” desək daha yaxşı olar...
- Bitirdim deyək. Çünki mənim karyeramı heç kim bitirə bilməzdi. Mən mübarizə yolunu seçdim deyə, haqsızlıqlar çox oldu. Həmin vaxtda yaşlı nəsil hakimlərlə biz gənclər arasında birlik var idi. Bəzən bütün hakimlər sözü bir yerə qoyub oyunlara getməmişik. Həm maddiyata, həm də təhlükəsizliyə görə. İnanmıram ki, bizim indiki hakimlərdə o vaxtkı birlik olsun.
- Hansı beynəlxalq oyunları idarə etmisiniz ?
- 1995-ci ildə ilk təyinatım 19 yaşlılardan ibarət beynəlxalq turnirə, Danimarkaya oldu. Bu oyundan gəldikdən sonra, Yunanıstanda “pley off” matçı idarə etdim. Bu iki səfərin nəticəsi olaraq, U-16-lar arasında Avropa çempionatının final mərhələsinə təyinat aldım. Müstəqillik dövrümüzdə ilk dəfə Avropa çempionatının final mərhələsinində hakimlik edən mən olmuşam.
- Hakimlik etdiyiniz beynəlxalq oyunların ümumi sayı yadınızda qalıb?
- Mənim beynəlxalq karyeram çox qısa olub, 3 il. 1995-1998-cu illərdə. Amma təyinatlarım çox oldu. UEFA kuboku, İntetoto kuboku. 1998-ci ilin sonlarında mən demək olar ki, karyeramı bitirdim. Baxmayaraq ki, 1999-cu ilin ilk aylarında, U-21-lərin Xorvatiya – Malta oyununu idarə etməliydim. Amma qarşımı kəsdilər.
- Bu haqda bir qədər sonra danışacağıq. Xaqani Məmmədov, Asim Xudiyev və siz müstəqillik dövrünün ilk illərində hakimliyin “qızıl üçlüyü” sayılırdınız. Kənardan elə görünürdü ki, aranızda – xüsusilə sizinlə Xaqani Məmmədov arasında möhkəm birlik var. Amma zaman göstərdi ki, bu belə deyilmiş.
- Mən bu mövzuda danışmaq istəmirəm. Sözü hər zaman üzə deyən bir insan olmuşam. Bu yaxınlarda mətbuatda çoxlu söz söhbət oldu və cavablarını qəti şəkildə aldılar. Çox təəssüf ki, bu proseslər Xəqani Məmmədovun hakimlik edə-edə Hakimlər Komitəsinin sədri vəzifəsinə gətirilməsindən sonra yarandı. Hakimlər arasında birliyin pozulması, dağılma prosesi həmin andan başladı. Xaqani Məmmədov Əli Hüseynovun yerinə gətirilib.
Müstəqillik dönəmimizdə ilk və son olaraq, Hakimlər Komitəsinə seçki yolu ilə sədr seçilən Əli Hüseynov olub. Federasiya rəhbərliyi qarşısında şərt qoyub, sədri biz hakimlər seçdik. Mən FİFA referisi adını almazdan əvvəl yarım il Almatıda yaşadım. Bir dəfə Bakıda olanda həmin dönəm Federasiyada yarışları keçirən təşkilatın rəhbəri Xalid Novruzovla təsadüfən Bakıda görüşdük. İsrarla məni geri qaytardı. Bu həmin dönəm idi ki, ümumiyətlə, klublar federasiyaya qarşı çıxmışdı, qeyri-qanuni Peşəkar Futbol Liqası yaranırdı. AFFA-nın daxilində də durum yaxşı deyildi. Federasiya rəhbərliyi Hakimlər Komitəsinə öz adamını təyin etmək istəyirdi. Bu zaman biz təcrübəli hakimlərlə birlikdə məsələni qaldırdıq və buna nail olduq ki, Hakimlər Komitəsinin sədrini özümüz seçək. Açıq səsvermə yolu ilə Əli Hüseynovu biz FİFA referisi adını almazdan öncə Hakimlər Komitəsinə sədr seçdik. Bir neçə il fəaliyyətini davam etdirdi və bundan sonra Xaqani Məmmədov bizimlə birgə hakimlik etməsinə baxmayaraq, Hakimlər Komitəsinin sədri təyin olundu. Mən ümumiyyətlə federasiyaya çox az-az gedirdim. Azərbaycanda FİFA referiləri arasında, ölkə futbolunda ən az oyun idarə edən hakim mən olmuşam. Çünki həmin dönəmdə mən imtina bəzzu oyunlardan. Biz ancaq liderlərin oyunlarını idarə edirdik.
- İmtina etməyinizin səbəbi nə idi ?
- Özüm gənc olmağıma baxmayaraq, bəzi oyunların gənclərə verilməsini istəyirdim. Bizim səviyyədə oyunlar deyildi. Biz artıq o mərhələni keçmişdik. Oyun sayı çox olanda yorğunluq olurdu. Həmin dönəmdə təhlükəsizlik, maddi təminat yox idi. Amma klublarımız son dərəcə çox idi. 1992-ci ildə ilk çempionatımızda, güclülər dəstəsində 26 komanda iştirak etmişdi.
- O dövrdə hakimlərin döyülməsi az qala adi hala çevrilmişdi...
- O hakimlər döyülürdü ki, onlar həqiqətən buna layiq idilər. Tofiq Bəhramov adına mərkəzi stadiondakı matçda, canlı yayım zamanı şillə-təpik altında olan hakimlər olub. Mən və maksimum başqa üç hakim oyunları öz nüfuzumuz hesabına idarə edirdik. Çünki həmin dönəmdə sənin şəxsi hörmətin olmasaydı, meydandan döyülmədən çıxa bilməzdin. Həmin dönəmdə mənəviyyat var idi. Bütün klublar və azarkeşlər bilirdilər ki, hansı hakim nəyə qadirdir.
- Şəxsən siz belə hallarla üzləşməmisiz?
- Olmayıb. Ad çəkmək istəmirəm. Çoxlarına qarşı fiziki zorakılıq olub, mənə qarşı yox. Ölkədə onlarla hakim olmasına baxmayaraq, ciddi oyunları mənə tapşırırdılar. Məsələn, bir dəfə “Neftçi” ilə “Kəpəz” arasında Bakıdakı prinsial oyuna iki saat qalmış federasiya rəhbərliyi, Əli Hüseynov Mərdəkandakı evimə zəng elədi. Bildirdilər ki, bu matça təyinatı sənə vermişik. Yəni inanırdılar mənə. Mən oyuna gəlirəm dedim. Niyə başqa bir hakimə yox?
- Sizin sözlərinizdən belə çıxır ki, heç vaxt rüşvət götürməmisiniz.
- Yox, mən heç vaxt rüşvət götürməmişəm.
- Nədənsə, elə bütün hakimlər belə deyir…
- Mən almamışam. Görünən kəndə bələdçi lazım deyil. Siz bayaq döyülməklə bağlı sual verdiniz. Mənə qarşı zorakılıq olmasa da, təzyiqlər hər zaman olurdu. Bərdədə oyun idarə etdiyimiz zaman, hər iki tribunada əli silahlı adamlar olub. Həmin dönəmdə təhlükəsizliyi biz özümüz qoruyurduq: yəni futbol adamları. Rəhbərlik, hakimlər və futbolçular arasında qarşılıqlı hörmət var idi. Mən yerli komandaların arzulamadığı hakim olmuşam. Klublarımıza heç vaxt sərf etməmişəm.
- AFFA tərəfindən hakimlərə dəstək necə idi ?
- Anarxiya dövrü idi. AFFA heç kimi qorumurdu. İstəsə də qoruya bilməzdi. Bölgələrin polis rəisləri bizdən xahiş edirdilər ki, oyunu elə idarə edin ki, problem çıxmasın. Polis bizə heç vaxt hədə-qorxu gəlməyib. Əksinə hədə-qorxu azərkeşlərdən,silahlı qruplardan olurdu. Klub rəhbərləri və biz bir oyunun içində idik. Və çalışırdıq ki, bir-birimizə dəstək verək. Amma təbiidir ki, bıçaq sümüyə dirənəndə, çox böyük haqsızlıqlar baş verirdi.
- Sizə ağlınızda qalan hansı haqsızlıqlar olub?
- Hakimliyi bitirdiyim dönəmlərdə, “Kəpəz” – “Turan” matçında bəxtləri gətirib ki, komandalar sağ çıxıb. Adını çəkmədiyim hakim xəsarət almaması üçün özünü stadionun ikinci mərtəbəsindən aşağı atıb. O dönəmdə silahı olmayana pis baxırdılar. Azərkeşimiz hər zaman haqqı nahaqdan ayırmağı bacaran olub.
(Ardı olacaq)
Məftun MAHİROĞLU
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
MEDİA müsabiqə elan edib
Mikelsin yubiley qolu
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol