“Fəxr edirəm ki, “Qarabağ” dünyada özünə yer tutub”

“Fəxr edirəm ki, “Qarabağ” dünyada özünə yer tutub”
MÜSAHİBƏ 15 May 2016 / 13:31 6438
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!


Ağdamda futbol yarandığı vaxtdan müxtəlif adlarla Azərbaycan çempionatlarında iştirak edib: “Məhsul”, “Şəfəq”, “Kooperator”. 1980-ci illərin sonlarında isə komandanın adı dəyişdirilib. O vaxtdan indiyə kimi Ağdam təmsilçisi meydana təmsil etdiyi Qarabağ bölgəsinin adı ilə çıxır.
Ağdam futbolu ilk vaxtlar, 1951-ci ildən “Məhsul” idman cəmiyyətinə məxsus olan eyni adlı komanda adı altında  çıxış etməyə başlayıb. Lakin peşəkar klubu olarar indiki “Qarabağ”ın xələfi “Şəfəq” sayılır. 1977-ci ildə budəfəki müsahibimiz Əkbər Rüstəmovun təşəbbüsü və dəstəyi ilə “Şəfəq” klubu yaranıb. “Qarabağ” komandasının tarixində bu insanın müstəsna əməyi olub desək, yanılmarıq. Odur ki, bizim üzərimizə düşən mənəvi vəzifə bu gün Azərbaycanın fəxrinə çevrilən bir klubunun keşmişində zəhməti olan, onun yolunda fədakarlıqlar edən insanları cəmiyyətə daha yaxından tanıtmaqdır.

Əkbər müəllimlə ilk ünsiyyətdə Ağdam futbolu haqda tarixi və çox adamın bilmədiyi məlumatlara malik olduğunu anladım. Özünün söylədiyi kimi, danışacaqları bir tarixdir.

 

(Əvvəli bu linkdə:
http://qol.az/new/?name=xeber&news_id=93182)

- “Şəfəq”in ilk heyətini xatırlayırsınız?

- Hamsı bir nəfər kimi yadımdadır.

- Söyləyə bilərsiniz ilk heyəti?

- Qapıçılar Ənbər Axundov və Elşən Babayev idi. Digər oyunçular isə Nizami Əliyev, Kamil Məmmədov, İnqilab Əhmədbur, komandanın kapitanı Eldar Bağırov, Yusif Əsədov, Elxan Quliyev, Çingiz Əliyev, Cavanşir Novruzov, Nadir Əsgərov, Adil Nadirov, Gülağa Məmmədov, Qasım Qasımov, Məmməd Məmmədov, Gündüz Qəhrəmanov, Arzuman Cabbarov, Yaşar Hüseynov, Marsel Firudinov, Raquf Vəliyev, Manaf Əliyev, Vasif İsgəndərov və Şahid Həsənov idi. Vasiflə Şahid komandaya sonradan gəlmişdi. Şuşada, Ağcəbədidə yoldaşlıq oyunu keçirən zaman onlar bizimlər birgə idi. Sonra isə nədənsə komandadan getdilər. Adların çəkdiyim futbolçulardan Elşən Babayev, Eldar Bağırov və Nadir Əsgərov rəhmətə gedib. Eldar milli qəhrəmanımız Allahverdi Bağırovun qardaşıdır. Allah hamısına rəhmət eləsin.

- Ağdam komandasının kapitanı, sonralar məşqçi olan Allahverdi Bağırovun Qarabağ müharibəsi zamanı qəhrəmanlığı, döyüşlərdə göstərdiyi igidlikləri hər kəsə bəllidir. İstərdik ki, onun idmançı tərəflərindən danışasız.

- Allahverdi, əvvəllər yaxşı voleybol və basketbol oynayırdı, yüngül atlet idi. Gözəl futbol oynayırdı. Mən 3 nömrəli məktəbdə oxuyurdum. 1 nömrəli məktəbdə Kamran müəllim var idi. Orada basketbol məşqi keçirdi. Biz həmin məktəbdə məşq edirdik. Allahverdi də məşqə gəlirdi. Biz 1977-ci ildə “Şəfəq”i yaratdıq. Adil Nadirov, rəhmətlik Eldar Bağırovun böyük köməyi oldu. İdmançı uşaqlara müraciət etdim. Həmin vaxt Adil və Eldar idman məktəbində işləyirdi. Digər uşaqlar da zavodda, fabrikdə çalışırdılar. Onları yığdım, dedim ki, gəlin komandaya, gücüm çatan qədər sizi işlə təmin edəcəyik. Bəzi futbolçular isə peşə məktəbində öz tələbələrim idi. O vaxt Allehverdi türmədə yatırdı. Uşaqlara əvvəlcədən bildirdim ki, Allahverdi gələndən sonra komandanı ona təhvil verəcəm. Çünki mənim gücüm çatmırdı. Müxtəlif idman növləri üzrə yarışlara gedirdik. Yaxşı nətəcələr qazanırdıq. Ona görə də çatdıra bilmirdim.  Allahverdi gələndən sonra onunla danışdım. Dedim ki, mən bu vaxta qədər komandanı saxladım, indi çalış bu komandanı sən irəli apar. Təklif etdim ki, Allahverdi baş məşqçi olsun. O, 70-ci illərin əvvəllərində “Məhsul” komandasının kapitanı olmuşdu.

                                           


- Bildiyimizə görə, Allahverdi Bağırovun döyüşlərdə olduğu kimi, komanda üçün də mərdlikləri olub.

- Bəli, Allahverdi çox mərd insan olub. Həqiqətən də futbolçulara gözəl bir örnək idi. Çünki o, futboldan öncə dürüst bir insan idi.  Biz 1991-ci ildə Allahverdi ilə Ağdamda ordunun yaradılması prosesinə qoşulduq. Klubun yaşamasında isə əvvəlcə rəhmətlik Ramiz Şahməmmədovun, sonra isə Adil Nadirovun böyük rolu oldu. Artıq biz klubun işinə qarışmadıq.

- Bəs, necə oldu ki, “Şəfəq”ın adı dəyişdirilib “Kooperativ” oldu?

- 1979-cu ildə Fazil Nağıyevin vəzifəsini yüksəltdilər. Məktəbimizin direktoru dəyişdi. Mənim də heç nəyə gücüm çatmırdı. Ona görə danışdıq və belə qərara gəldik ki, klub “ Kooperator” olsun. Sonra onların da gücü çatmadı, klub “Şampan Zavod”un nəzdinə keçdi.  Qarabağda baş verən hadisələr zamanı komanda Bakıya köçməli olud. O zaman artıq klubun adı “Qarabağ” adlanırdı. Ümumiyyətlə, Ağdamda 1951-ci ildən futbol olub. Ancaq klub komandası olmayıb. “Məhsul” cəmiyyətin nəzdində fəaliyyət göstərən komanda olub. Yəni yığışıb gedib hardasa futbol oynayıblar. Tək Azərbaycanda yox, SSRİ-də belə olub. Klub yaradılması üçün icazə olmalı idi. Rəhmətlik Fazil Nağıyevlə birlikdə Ağdamda ilk klub yaratdıq. Bu faktdır. Bunu danmaq olmaz. Bir dəfə mətbuatdan oxudum ki, guya Fazil müəllimlə mən peşə məktəbinin zalını vermişik ki, məşq etsinlər. Bir zalın eni 9, uzunluğu 18 metrdisə, orada 22 nəfər necə məşq edə bilər? Guya mənə medal taxacaqlar? Belə şeylər mənə ehtiyac deyil. Mən istədiyimi elədim. Bakıda deyirdim ki, Ağdamda klub yaranacaq. Dedim və yaratdıq. Guya buna görə indiyə qədər mənə nə veriblər ki, bundan sonra da nəsə versinlər? Klub yaratmaq bizim prinsipimiz olub. O dövrdə kimsə mənə 5 manat verməyib. Bütün xərcləri özümüz çəkmişik. Mənə kömək edən Fazil müəllim olub. Formaları güclə almışıq.

- Bəzi böyük yarışları “İmarət” stadionunda keçirmisiniz. “İmarət” həm də Ağdam camaatı üçün müqəddəs bir yerə çevrilmişdi. Gəlin, məsələnin mənəvi tərəflərindən danışaq.

- Bəli, “İmarət” adi stadion deyildi.  Açığı, bu barədə çox danışa bilmirəm, qəhərlənirəm. “İmarət”i görmək lazımdır. Danışmaqla izah etmək çətindir. Oranın ecazkar bir mənzərəsi vardı. Pənah xanın gəzinti yeri olub. Stadionun ətrafında 300 yaşı olan çinarlar var idi. O çinarların altında oturmaq adama ləzzət verirdi. Bir sözlə, seyrangah idi. Həm də “İmarət” stadionu dövlət qoruğu idi. Orada Xurdişbanu Natəvanın qəbri var idi. Azarkeşlərimiz də əsl futbol fanatı idi. Biz qalib gələndə belə, bəzən  bizi tənqid edirdilər. Yaxşı oynamadan qalib gələndə bunu bizə bildirirdilər. Deyirdilər ki, güclə uddunuz. Yəni çox tələbkar azarkeşlərimiz var idi. Bu da təbii ki, komandamızın oyunlarına müsbət təsir göstərirdi.

- Futbol sevgisi olan, əsl azarkeşləriniz var imiş.

- Həqiqət elə idi. Azarkeşlərimiz o dövrdə Lənkərana, Qazaxa gedirdilər. Bəzən fikirləşirəm ki, onlar komandanı nə qədər sevirmiş. Biz 1976-cı ildə SSRİ çempionatında oynayırdıq. Həmin vaxt  azarkeşlərimiz səfər edəcəyimiz yerə bizdən tez gedirdi. Təsəvvür edin ki, Qafana çatanda görürdük ki, artıq azarkeşlərimiz ordadı. Bunun hamısı komandaya olan sevgidəndir.

- Bildiyimizə görə, rəqiblər “İmarət”də oynamaqdan çəkinirmiş.

- Rəqiblər hətta öz meydanlarında bizimlə oynamaqdan çəkinirdilər. O dövrdə də çox güclü komandalar var idi. “Viləş”i, Lənkəranı qeyd edə bilərəm. Bir dəfə Şəkinin komandası ilə səfərdə qarşılaşırdıq. Finala çıxmaq üçün mütləq qalib gəlməli idik. Hesab 3:0 bizim xeyriimizə olan zaman rəqib bir qol vurdu. Azarkeşlər necə qışqırdılarsa uşaqlar dedi Əkbər müəllim bunların yadından çıxıb ki, biz üç qol vurmuşuq (gülür). Komandamızda da mehribanlıq vardı. Mehribanlıq olan yerdə uğurlu nəticələr də qazanılır. Təbii ki, doğma meydanda oynamaq adama əlavə güc verir. Oradakı azarkeşlər əlavə bir qüvvə sayılırdı.

- Hətta “Qarabağ”ın albaniyalı futbolçusu Ansi Aqolli deyib ki, Ağdamda oynasaq, “Barselona”ya da qalib gələrik.

- Çox gözəl deyib. O, elə görür. Belə görməkləri yaxşıdır. Mən də hərdən bu kimi fikirlər eşidirəm. “Qarabağ” bu gün çox güclü komandalarla layiqli mübarizə apara bilir. Mən bunları gördükcə sevincimdən kövlərirəm. Bu klubun yaşamasında mənim zərrə qədər də əməyim olubsa, bu, mənə bəsdir. Mənə qalan “Qarabağ”ın, Ağdamın adıdır. Klubun bönövrəsini qoyanlardan biri olmuşam. 1997-ci ilə qədər döyüşlərdə olmuşam. Səngərlərdə gəzdirdiyimiz bayraq bu gün də məndədir.

- Bu gün “Qarabağ”ın oyunlarına baxanda hansı hisləri keçirirsiniz?

- Hərdən “Qarabağ”ın məşqçisi Müşviq Hüseynovla danışıram. Komanda yaxşı nəticə qazananda çox sevinirəm. Nə yaxşı ki, bu komanda heç olmasa Qarabağın, Ağdamın adını yaşadır. “Qarabağ”ın avrokuboklardakı çıxışı yaxından izləyirəm. Sevindirici haldır ki, komanda günü-gündən güclənir. Heyətində səviyyəli futbolçular var. Bu gün futbol oynamaq üçün də yaxşı şərait var.

- Ağdamda ilk klubun yaradıclılarından biri kimi bu gün “Qarabağ” üçün tövsiyələriniz nə olardı?

- İlk növbədə onu deyə bilərəm ki, kluba çoxlu sayda gənc futbolçu cəlb olunmalıdır. Biz mütləq Ağdama qayıdacağıq. Ona görə də komandada qarabağlılar,  ağdamlıların sayı çox olmalıdır. O dövrdə komanda ancaq ağdamlılardan ibarət idi. Mən adlarını çəkdiyim futbolçuların hamısı 50 nömrəli peşə məktəbinin tələbələri və digər  ağdamlı futbolçular idi. Onların hər biri ilə bu gün də yaxşı münasibətimiz var.

- Qeyd etdiyiniz futbolçulardan əksəriyyəti tanıyırıq. Onların  futbolla məşğul olan davamçıları varmı?

- Yusif Əsədov və  Müşviq Hüseynovun oğlu futbolçudur. Bildiyim bunlardı.

- Sizin necə, idman sahəsində davamçınız varmı?

- Nəvəm futbolçu idi. Ancaq indi sambo ilə məşğuldur. Respublika çempionudur. Yaxşı idmançıdır.

- Sonda əlavə etmək istədiyiniz sözlər varsa, buyurun.

- Mən fəxr edirəm ki, Ağdamın futbol klubu olan “Qarabağ” dünyada özünə yer tutub.  Xalqın da millətin də o komandaya böyük rəğbəti var. Onlara arzum isə qələbə, qələbə və bir də qələbədir.

Ramiq AĞAMƏMMƏDOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi