"Qəbələ"nin futbolçusu Rəşad Sadiqov "Neftçi" ilə Azərbaycan kubokunun ilk yarımfinal matçından (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Fərqli iki hissə izlədik. İlk yarıdakı üstünlüyünüzün davamını fasilədən sonra gətirə bilmədiniz.
- Açığı, ikinci hissədə rəqibi əks-hücumlarda yaxalamağa çalışırdıq. Çünki "Neftçi"nin bütünlüklə hücuma atılacağını və rəqibi əks-hücumlarda yaxalamağın daha asan olacağını bilirdik. Əks-hücumlarımız olsa da, 3-4 yüzfaizlik qol epizodlarından yararlana bilmədik. Rəqib isə fürsətdən istifadə etdi və nəticə 1:1 oldu. Məncə, səfər oyunu üçün bu hesab pis nəticə deyil.
- Əks-hücum taktikanız nə ilə bağlı idi: Sırf hesabı qorumaq istəyi iləmi?
- Həm hesabda 1:0 öndə idik, həm də rəqib hücumda çoxalanda onları əks-hücumda 3-4 arxa xətt oyunçusu ilə tutursan. Belədə qol vəziyyəti yaratma şansı çox olur.
- Penalti epizodu barədə nə deyə bilərdiniz?
- Doğrudan da gülünc idi. Biabırçılıqdır. Həmin epizoda baxsalar, hakimlərin özləri utansınlar. Neçənci dəfədir ki, belə olur. Hamısı bildirdi ki, penalti var. Amma təyin etmədilər. Bilmirəm bu, nə ilə bağlıdır.
- Qırmızı vərəqə niyə göstərildi?
- Əliyar Ağayevə "çox sağ ol" deyirəm. Harda məni tutsa, "qırmızı" verir. İlk turda "Qarabağ"la oyunda da mənə "qırmızı" vermişdi. Özünüz də görmüşdünüz: Gülünc epizod idi, Qara Qarayevə yüngülcə toxunmuşdum. Qara özü də durub şoka düşmüşdü. Orda da, burda da "qırmızı" verir. Doğrudan da biabırçılıqdır. Heç nə demirəm. Sadəcə, misal çəkmək istəyirəm: Özü namaz qılandır. Bir hədis var: Hər 3 hakimdən 2-si cəhənnəmlikdir. İndi hansını istəsə, özü seçər. Başqa sözüm yoxdur.
- Baş məşqçiniz Roman Qriqorçuk da hakimlərdən narazıdır. Deyir ki, "Qəbələ"nin ən azı 15 xalını əlindən alıblar...
- Doğrudan da bu mövsüm çempionatda belə hallar çox oldu. Təmiz qollarımızı saymayıblar, penaltilərimiz verilməyib. Belə şeylər olub. İndiyədək hakimlikdən danışmırdıq. Amma bu oyunda pik həddə çatdı. Səhvlər çox oldu. Penaltimiz verilmədi, qırmızı vərəqə göstərildi. İdarəçilik birtərəfli olanda istər-istəməz insanlarda şübhələr yaranır. Səhvsiz insan yoxdur. Hamı da fikirləşir ki, yalnız bizim əleyhimizə qərarlar vermək nə qədər olar?
- Bunu qərəz kimi qəbul etmək olar, yoxsa hakim oyunun ipini əlindən qaçırmışdı?
- Açığı, bilmirəm, bu, qərəzdir, yoxsa... Harda tutdu mənə "qırmızı" verirsə, bu, qərəzdir də... Adi epizodlarda "qırmızı" göstərir, hər dəfə penaltimizi vermir. Belə şeylər olursa, mənə elə gəlir ki, bunlar qərəzdir. Hakim bir dəfə, iki dəfə səhv edər. Daha hər dəfə yox da... Bu, bir az normanı aşmaq deməkdir.
- Ümumiyyətlə, bu oyunda 1:1 hesablı nəticə ədalətli idi, yoxsa...
- Qol epizodlarımız həddən artıq çox oldu. Çünki əks-hücumlara çıxır, rəqibi azlıqda yaxalayırdıq. İlk yarıda da epizodlarımız çox oldu. 1:1 hesablı nəticəyə təəssüflənmirik. Çünki qarşıda cavab oyunumuz var.
- Cavab görüşündə çıxış etməyəcəksən. "Qəbələ" sənsiz finala adlaya biləcəkmi?
- İnanıram ki, komanda yoldaşlarım yerimin görünmədiyini göstərməyə, qalib gələrək, finala yüksəlməyə çalışacaqlar.
- Ölkə kubokunda 1/4 final matçında da "Zirə" gücünü qoymadı, amma çempionat qarşılaşmasında istədiyi oyunu ortaya qoyaraq, qələbə qazandı. Eyni variantı "Neftçi" "Qəbələ"yə qarşı tətbiq edə bilər?
- "Zirə" ilk oyunda 1:2 hesablı məğlubiyyətdən sonra anladı ki, "Qəbələ"ni dayandırmaq çətin olacaq. Ona görə də cavab görüşünə fərqli heyətlə çıxdılar. Buna baxmayaraq, bizə həm çempionluq, həm də kubok çox lazım idi. Heyətimizi dəyişmək çətin idi. Yorğunluq olduğu üçün çempionluq şanslarını əldən verdik.
- Bürünc medal və kuboku qazansanız, demək olarmı ki, "Qəbələ" mövsümü xilas etdi?
- Hazırlaşmalıyıq. Açığı, indiki durumda 3-cü və ya 5-ci yeri tutmağın "Qəbələ" üçün heç bir fərqi yoxdur. Belə bir kluba 3-cü yer yaraşmır. Yalnız çempionluq lazım idi. Ona görə də ən azı kuboku götürməliyik ki, mövsümü titulla başa vuraq.
- "Qəbələ" ardıcıl 2 mövsüm bürünc medal qazandı. Bu mövsüm isə eyni nəticə çox çətin görünür. Bunu "Qarabağ"ın legionerlərinin səviyyəsi ilə ayaqlaşa bilməməyinizlə izah etmək olar?
- Hansı komandanın futbolçularının səviyyəcə üstün olduqlarını deyə bilmərəm. Bunu məşqçilər, rəhbərlik, mütəxəssislər və siz jurnalistlər bilər. Futbolçular bu məsələyə qarışa bilməzlər. Futbolçularımıza da həmişə "Heç kim deməsin ki, filankəs oynaya bilmir" söyləmişəm. Buna doğrudan da heç bir futbolçunun haqqı yoxdur. Özümüz də hansısa matçda zəif çıxış edirik. Bu halda bizə də zəif oynadığımızı deyə bilərlər. Belə şeylərə gərək futbolçular qarışmasınlar.
Mənbə: sportnet.az
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu