"Millimiz İtaliyanı məğlub edə bilər" – Kamal Quliyev

"Millimiz İtaliyanı məğlub edə bilər" –  Kamal Quliyev
ÖLKƏ FUTBOLU 9 Oktyabr 2015 / 11:20 4039
-  A +

Milli komandamızın sabiq üzvü, "Neftçala"nın baş məşqçisi Kamal Quliyevin Qol.Az saytına müsahibəsi

- Milli komandamız sabah "Avro-2016"nın seçmə mərhələsində İtaliya yığmasını qəbul edəcək. Bu görüş haqda fikirlərinizi bilmək istərdik. Komandamızdan nə gözləmək olar?

- Avropanın nəhəng millisinə qarşı oynayacağıq. Bu, elə bir komandadır ki, meydanda buraxılan kiçik bir səhvi belə bağışlamır.Yəqin yadınızdadır ki, biz 2002-ci ildə İtaliya ilə qarşılaşanda müdafiəçimiz Emin Ağayevin səhvi qapımıza qolla nəticələndi. Belə komandalarla çox ehtiyatlı oynamaq, az səhv etmək lazımdır. Ən əsası xarakter göstərmək lazımdır. Ola bilməz ki, 90 dəqiqə ərzində bir qol imkanımız olmasın. Həmin epizodu mütləq dəyərləndirməliyik. Bu yaxınlarda televiziya vasitəsilə İtaliyanın bir oyununa baxdım. Əgər rəqibimiz yenə elə oynasa, biz onları məğlub edə də bilərik. Ümumiyyətlə, son illər Avropa yığmaları əvvəlki oyunlarını göstərə bilmir. Avropa futbolunda cırlaşma gedir.

- Bəs bizim futbolda necə?

- Sevindirici haldır ki, Prosineçkinin gəlişindən sonra millimizdə az da olsa irəliləyiş var. Hiss olunur ki, bir balaca iş görülüb. Gözəl futbol oynamalıyıq ki, üzümüz ağ olsun. Futbol bizim üzümüzdür.

- Millimiz Bakıda Xorvatiyadan xal ala bildi. İtaliya ilə oyunun daha çətin olacağını demək olar?

- Bu oyun ikiqat çətin olacaq. Çünki nə İtaliya Xorvatiyadır, nə də Antonio Konte Niko Kovaçdır.  İndi rəqibimiz italyanlardır. Xorvatiya ilə oyundan danışmaq istəmirəm. Çünki xorvatlar meydançada tam başqa hərəkətlər edirdi. O, oyun deyildi. Ancaq İtaliya ilə görüş  fərqli olacaq.

- Komandamızın hücum xətti Rəhman Hacıyev, Elnur Cəfərov və Ruslan Qurbanov kimi gənc futbolçulardan ibarətdir. İtaliya qarşısına bu heyətlə çıxmaq olar?

- Əlbəttə, Rauf Əliyev və Vüqar Nadirov kimi hücumçularımız oynasa, daha yaxşı olardı. Ancaq adlarını qeyd etdiyiniz gənc futbolçularla da nəsə etmək olar. Bəlkə, elə həmin gənclər əllərinə düşən şansdan, karyeraları üçün yaranan fürsətdən düzgün istifadə edəcəklər. Bunu da unutmayaq. Mən Vidadi Rzayev, Yunis Hüseynov, Vaqif Sadıqov, Yaşar Vahabzadə və digər belə futbolçuların əhatəsində oynamışam. Bunlar mənim üçün Azərbaycanın ulduz futbolçuları olub. Ancaq adlar futbol oynamır. Futbolu meydançada əzmkarlıq, xarakter göstərənlər oynayır. Buna görə də gənc futbolçularımıza da inanmaq lazımdır.

- Sizcə, İtaliyadan xal ala bilərik?

- Təxminən 20-25 illik futbol məktəbi keçmişəm. Avropa futbolunu yaxından izləyən bir şəxs kimi deyə bilərəm ki, hər komandadan xal almaq olar. Əgər "Rubin" İspaniyada "Barselona"ya 2:1 hesabı ilə qalib gəlirsə, niyə biz İtaliyanı məğlub etməyək? Prosineçki lazım olan tapşırıqlarını verəcək. Necə hücum qurmaq, necə müdafiə olunmaq lazımdır bunun hamısın baş məşqçi söyləyəcək. Bizim futbolçulara bircə o qalır ki, doğma meydanda layiqli oyun göstərsinlər. İtaliya yığması hər cəhətdən bizdən qat-qat güclüdür. Ancaq bu o demək deyil ki, rəqibimiz meydanda səhv buraxmayacaq.

Ramiq AĞAMƏMMƏDOV 

Daha çox


Son xəbərlər