"Əsl gücümüz "Qarabağ" və "Qəbələ" ilə oyunlarda bilinəcək"

"Əsl gücümüz "Qarabağ" və "Qəbələ" ilə oyunlarda bilinəcək"
ÖLKƏ FUTBOLU 7 Oktyabr 2015 / 18:00 7792
-  A +

"Zirə" klubunun kapitanı Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi

- Ölkə kubokunun 1/16 finalında sabiq komandan AZAL-la qarşılaşaqsınız. Rəqibinizin hazırkı durumun nəzərə alsaq, bəxtinizin gətirdiyini demək olar?

- Düzdür, AZAL ötən illə müqayisədə xeyli zəifləyib. Ancaq orda da yaxşı futbolçular var. AZAL-a çempionat oyununda qalib gəlsək də, həmin görüş bizim üçün çox çətin olub. I divizion komandası ilə düşsəydik, bəxtimizin gətirdiyini deyə bilərdik. AZAL son çempionar oyununda qələbə qazanıb. Demək olar ki, "qara zolaq"dan çıxıblar.

- Hər halda hər iki komandanın Premyer Liqadakı çıxışlarına əsasən "Zirə"nin daha şanslı olduğu görünür.

- Düzdür, AZAL Premyer Liqada sonuncu pillədədir. Ancaq kubok oyunları tam fərqli olur. Maddi durum elə də önəmli deyil. AZAL-da istəkli, gənc futbolçular var. Bizimlə oyuna qədər rəqib daha da yaxşı vəziyyətə gələ bilər. 

- Ötən mövsüm kapitanlıq sarğısını daşıdığın AZAL-ın acınacaqlı durumu ilə bağlı nə deyə bilərsən?

- Ötən il AZAL-la yaxşı oyunlarım olub. Biz hətta medallar uğrunda mübarizə aparırdıq. Ancaq maddi durumun yaxşı olmaması komandaya təsir etdi. Həmin vaxt AZAL-ın yaxşı perspektivi var idi. İndi mən "Zirə"nin uğurları üçün çalışıram. Əlimdən gələni edirəm ki, komandamız yüksəklərdə olsun.

- Premyer Liqanın debütantı olan "Zirə" 7 turdan sonra uduzmayıb. Bu nəticəni gözləyirdiniz?

- "Zirə" debütand olsa da, təcrübəli futbolçulardan yığılıb. Biz mübariz kollektiv yaratmışıq. Bunun da nəticəsidir ki, hələ məğlub olmamışıq. Şükürlər olsun ki, turnir cədvəlinin üçüncü pilləsindəyik. Bunun davamını gətirməliyik. Gözlənilməz heç nə yoxdur. Komandada düzgün iş gedəndə onun faydasını görürsən. "Zirə"də işlər düzgün qurulub. Hamı öz işini yaxşı bilir. Futbolçular da çalışır ki, rəhbərliyin əziyyətini yerə vurmasınlar.

- "Zirə" mövsümün əvvəlində qarşısına hansı məqsədi qoymuşdu və indi hansı hədəflər üçün mübarizə aparır?

- İlk gündən qarşımıza məqsəd qoymuşuq ki, normal futbol oynayaq, görsünlər ki, elitaya "Zirə" adlı bir yaxşı komanda gəlib. Tədricən oyunumuzu inkişaf etdirdik. İndi isə istər-istəməz iştahamız artıb. Media və futbol ictimaiyyətinin "Zirə"yə diqqət verməsi bizi daha da sevindirir və ruhlandırır. Məncə, bundan sonra rəqiblər bizə daha çox hörmət edəcək. Bu isə o deməkdir ki, daha çox çalışmalıyıq. Məğlub olmadan irəliləmək komandamızı ruhlandırır.

- Ancaq hələ çempionluğa əsas namizədlər olan "Qarabağ" və "Qəbələ" ilə qarşılaşmamısınız.

- Digər komandalara da zəif gözlə baxmaq olmaz. Əslində bu mövsüm ən zəif oyunumuz "Kəpəz"lə olub. Düzdür, "Qarabağ" və "Qəbələ" ilə oyunlarda xal itkisi ola bilər, ancaq bu rəqiblərə qarşı oyuna da qələbə üçün çıxacağıq. Bizim əsl gücümüz "Qarabağ" və "Qəbələ" ilə oyunlarda bilinəcək. Nəticədən asılı olmayaraq elə oyun göstərməliyik ki, komandamızın bu yerə layiq olduğu bilinsin.  Yəqin ki, bu rəqiblər də bizi yaxşı analiz edəcəklər. Onlar da bilirlər ki, "Zirə" təsadüfən üçüncü pillədə deyil.

- Sonda millimizin "Avro-2016"nın seçmə mərhələsində İtaliya ilə qarşılaşacağı oyun haqda fikirlərini öyrənək.

- İtaliya millisi həmişə güclü olub. Komandamızın ən azı uduzmamasını istərdim. Millimiz evdə yaxşı oynayır. Xorvatiya ilə heç-heçədən sonra İtaliyadan da xal almaq olar. İndi komandamız tam başqa futbol sərgiləyir. Ümid edirəm ki, doğma meydanda istədiyimiz nəticəni qazanacağıq.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər