“Mən əvvəldən hazırkı limitin əleyhinəyəm” – Fariz Nəcəfov
"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsini təqdim edirik
- Premyer Liqanın V turunda komandanız “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdi. Görüşlə bağlı nə deyə bilərsiz?
- Çox ağır oyun keçdi. Komandamız yalnız sona yaxın lazım olan qolu vura bildi. Oyun parlaq olmasa da, 3 xal qazana bildik.
- Görüşdən əvvəl çoxları “Qəbələ”nin asan qələbə qazanacağını düşünürdü. “Sumqayıt”la matçın bu qədər çətin keçəcəyini gözləyirdiniz?
- Yox, gözləmirdim. Rəqibin çox ciddi müqaviməti ilə üzləşdik. “Sumqayıt” çox layiqli mübarizə apardı.
- Ötən tur “Qəbələ” uduzdu. Bu dəfə isə 3 xalı sonda qazandı. Komandada nə baş verir?
- Avroliqadan yerli çempionata keçidimiz uğurlu alınmır. Məşqçilər baxıb, nəticə çıxaracaqlar. Təbii ki, bu oyunu analiz edib, səhvlər üzərində işləməliyik.
- Demək olar ki, komandanın fikri Avroliqada qalıb?
- Bir çox səbəb ola bilər. Amma komanda ciddi nəticə çıxarmalıdır. Belə davam etsə, növbəti görüşlərdə də xal itirə bilərik.
- “Qəbələ” Avroliqada fərqli, çempionatda isə legioner limitinə görə başqa heyətlə mübarizə aparır. Son vaxtlar limit məsələsi çox müzakirə olunur. Bu məsələni Klublar Komitəsinin növbəti iclasında müzakirəyə çıxarmağınız mümkündür?
- Bu mövsüm heç nə edə bilmərik. Artıq qərar qəbul edilib. Biz limitə uyğun meydana çıxmalıyıq.
- Ümumiyyətlə, hazırki legioner limiti sizi qane edir?
- Mən əvvəldən də 5+6 sisteminin əleyhinəydim. Klublar Komitəsində bu məsələ müzakirə olunanda da fikrimi bildirmişdim. Düzdür, yerli futbolçular üçün şərait yaratmalıyıq. Qoy, 5 yox, 4 nəfər oynasın. Amma səviyyəli futbolçular yetişsin. Onsuz da bu gün Azərbaycanda kifayət qədər futbolçu yoxdur.
- Yəni, siz limitin 4+7 olmasının tərəfdarısız?
- Bəli. Gələcəkdə legioner limitinə baxılsa, mən məhz 4+7-yə, yəni start heyətində 4 yerli, 7 əcnəbi futbolçunun olmasına səs verəcəyəm.
Mənbə: Futbolxeber.az