"Qəbələ"nin 89 yaşlı rəqibi

"Qəbələ"nin 89 yaşlı rəqibi
XƏBƏR 10 İyul 2015 / 02:19 6850
-  A +

Avropa Liqasının II təsnifat mərhələsinə yüksələn "Qəbələ" bu mərhələdə Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Serbiyanın paytaxtı Belqrad yaxınlığındakı Çukaritsa şəhərciyini təmsil edən komanda 1926-cı ildə yaradılıb.

89 yaşlı klubun bütün uğurları son 20 ilə təsadüf edir. Yuqoslaviya vaxtında əvvəl Belqrad, sonra Serbiya liqasında çıxış edən “Çukariçki” avrokuboklarda 1996-cı ildə debüt edib. Ardıcıl 2 il İntertoto kubokunda qüvvəsini sınayan komanda qrup səddini aşa bilməyib. 1999/2000-ci ildə Yuqoslaviya çempionatında 6-cı yeri tutması böyük uğur sayılan “Çukariçki” 2002/2003 mövsümündə aşağı dəstəyə yuvarlanıb. Lakin bu, Yuqoslaviyanın son çempionatı olub. Serbiya və Monteneqronun ilk birinciliyində aşağı liqada qalib olan komanda elitaya yüksəlib.
 
O vaxtdan bir neçə dəfə Superliqadan I dəstəyə düşüb-qayıdan “Çukariçki” 2013/2014 mövsümündə 5-ci yeri tutub. Bununla da tarixində ilk dəfə Avropa Liqasında oynamaq hüququ qazanıb. 2014/2015 mövsümü klubun tarixində ən uğurlu sayılır. Avropa Liqasındakı debütdə bir mərhələ keçən komanda çempionatı 3-cü pillədə başa vurub.

89 illik tarixində ilk dəfə çempionatın mükafatını – “bürünc”ü qazanan “Çukariçki” ilk tituluna da qovuşub. "Qəbələ"nin rəqibi iki ay əvvəl ilk dəfə Serbiya kubokunu qazanıb. Bu komanda ev oyunlarını 4070 tamaşaçı tutumuna malik Çukaritsa stadionunda keçirir.

Qeyd edək ki, “Qəbələ” ilə Serbiya təmsilçisi arasında ilk oyun iyulun 16-da, cavab qarşılaşması 23-də baş tutacaq. İlk görüş “Çukariçki”nin meydanında keçiriləcək.

Son xəbərlər