"11000-ci qolu «Qəbələ» azarkeşlərinə həsr edirəm"
"Artıq komandamızın vəziyyəti qaydasına düşür. İnanıram ki, daha yaxşı olacaq. Hər oyuna qələbə üçün çıxırıq. “Simurq”la matçda da 3 xal qazana bildik. Ardıcıl 6 oyundur qalib gəlirik. Vacib olan da qələbədir".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Ruslan Abışov klubun rəsmi saytına açıqlamasında deyib.
"Simurq"la görüşdə fərqlənərək komandasına minimal hesablı qələbə qazandıran R.Abışov Azərbaycan çempionatları tarixində 11000-ci qolun müəllifi olub. Millimizin üzvü yubiley qolunu azarkeşlərə həsr etdiyini bildirib:
"Hər qarşılaşmaya qol vurmaq istəyi ilə çıxsam da, əsas qələbə qazanıb, hesabımıza 3 xal əlavə etməkdir. “Simurq”la qarşılaşmada qol vurdum. Amma bu görüşdə də daha önəmli olan qələbəmiz idi. Buna da nail olduq. Matçdan sonra ölkə çempionatları tarixində 11000-ci qolun müəllifi olduğumu bildim. Bu qolu “Qəbələ” azarkeşlərinə həsr edirəm. Əsas məqsəd avrokuboklara vəsiqə qazanmaqdır. Amma hələ çalışmalıyıq. Çünki qarşıda 6 görüşümüz qalıb. Bu matçlarda da qələbə qazanmaq üçün mübarizə aparacağıq. Həmin oyunlarda maksimum nəticə əldə etməliyik”.
Qeyd edək ki, ölkə çempionatlarında vurulan 11000 qoldan 12-si Abışovun aktivindədir. O, “Simurq”la qarşılaşmada “Qəbələ”nin heyətində 4-cü, Premyer Liqada 12-ci qolunu vurub.