"Oyundan razı qaldım "– Prosineçki

"Oyundan razı qaldım "– Prosineçki
ÖLKƏ FUTBOLU 24 Fevral 2015 / 22:24 7736
-  A +

Millimizin baş məşqçisi Robert Prosineçkinin "Şaxtyor"a (Donetsk) 1:2 hesabı ilə uduzduqları yoxlama matçından sonra Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinin suallarını cavablandırıb
 
- Azərbaycan millisinin baş məşqçisi vəzifəsində ilk oyunundan məğlub ayrıldız. Əvvəlcə matçla bağlı fikirlərinizi bilmək istərdik...
 
- Bugünkü rəqibimiz Avropada ən güclü komandalardan biridir. Birinci hissəni çox yaxşı oynadıq. Görmək istədiklərimi oyunda canlı olaraq, gördüm. Bu matç test sınağı xarakterli idi. Oyunçuların nəyə qadir olduqlarını müəyyənləşdirmək mənasında, çox əhəmiyyətlidir. Oyundan razı qaldım. Üç gün birlikdə olmuşuq, vaxt azdır. Daha yaxşı olmaq üçün bir çox şeylərin üzərində işləməliyik. Demişəm ki, azərbaycanlı futbolçuların keyfiyyəti var. Özləri də buna inanmalıdılar. Mənə elə gəlir ki, birinci hissədə bunu sübut elədik.
 
- Oyunçulardan xüsusilə kimləri fərqləndirə bilərsiz?
 
- Bu gün bütün komandadan razı qaldım. Mübarizə aparırdıq, top saxlayırdıq, ötürmələr verirdik. Bəli, ikinci hissədə rəqibə topla daha çox oynamağa imkan verdik. Amma yenə deyirəm, bütün komandadan razı qalmışam. Bu, ümid verir ki, biz gələcəkdə daha yaxşı oyun göstərəcəyik.
 

- Millidə ilk dəfə oynayan futbolçuların çıxışı barədə nə deyə bilərsiz?
 
- Nəzərə almalıyıq ki, futbolçularn bir neçəsi ilk dəfə oynayırdı və rəqibimiz çox güclü “Şaxtyor” komandası idi. Yeni oyunçulardan razı qalmışam. Anton Krivotçuk gələcək üçün çalışır. Bu oyunçu öz üzərində işləməlidir, onu çox iş gözləyir. Bir neçə ildən sonra sol cinah müdafiəçisi mövqeyində bizdə problem olmayacaq. Həm gənclərdən, həm də ümumi komandadan razıyam.
 
- Bu oyundan sonra Ruslan Abışovu dayaq yarımmüdafiəçisi mövqeyində oynatmaq barədə düşünəcəksizmi?

 
- Niyə həmişə Ruslanla bağlı soruşursuz? Bu gün həmin mövqedə oynayan futbolçular – Qara və onların önündə çıxış edən Cavidlə Rahid birinci hissədə əla oyun nümayiş etdirdilər.
 
- Abışovun uzun ötürmə vermək bacarığı var. Oyun qurmaq mənasında faydalı ola bilər...
 
- Birinci hissədə rəqibə çox şans vermədik. Vurulan qol cərimə zərbəsindən sonra baş verdi. Canlı səddən qayıdan topu “Şaxtyor”un futbolçusu təkrar zərbə ilə qapımızdan keçirdi. Yəni hansısa oyun epizodundan top buraxmadıq. Buna görə, birinci hissədə komandadan tam razı qalmışam. Düzdü, uzun ötürmələrlə çox oynamadıq. Onsuz da, biz birinci hissədə gözəl futbol nümayiş etdirdik.

Ramiq AĞAMƏMƏDOV

Antalya

Daha çox


Son xəbərlər