“Rəqibin bu qədər zəif olduğunu bilsəydik, qarşılaşmazdıq”

“Rəqibin bu qədər zəif olduğunu bilsəydik, qarşılaşmazdıq”
ÖLKƏ FUTBOLU 21 Fevral 2015 / 23:00 6504
-  A +

Antalyada təlim-məşq toplanışında olan 16 yaşlı futbolçulardan ibarət milli komandamız bu gün İsveçrənin “Benfika” klubunun U-17 komandasını 9:0 hesabı ilə məğlub edib.
 
Komandamızın baş məşqçisi Təbriz Həsənov qarşılaşmadan sonra  Qol.Az-ın suallarını cavablandırıb.

- Məşqə bənzəyən bu oyun haqda fikirlərinizi bilmək istərdik.

- Qeyd etdiyiniz kimi, bugünkü oyun bizim üçün yaxşı bir məşq oldu. Çünki rəqib istədiyimiz səviyyədə olmadı. Uşaqlarda məşqdəki kimi hər şey alındı.

- Növbəti rəqibiniz Belarusiya olacaq.


-Təbii ki, çətin olacaq. Çünki bu cür asan rəqiblə qarşılaşmadan sonra oynamaq daha çətin olur. Futbolçularda arxayınlıq yaranır. Düşünürlər ki, bütün rəqiblər belədir. Çalışacağıq ki, komandanı Belarusa qarşı yaxşı hazırlayaq. Nə qədər güclü rəqiblə qarşılaşsaq, bir o qədər yaxşıdır. Çünki çatışmazlıqlarımızı daha yaxşı anlayacağıq. Buna görə də istərdim ki, Belarusdan sonra daha güclü rəqiblə qarşılaşaq.

- Rəqiblərinizlə bağlı əvvəlcədən məlumatınız olmur?

- Olur. Bizə bildirdilər ki, bu gün İsveçrənin 17 yaşlı futbolçulardan ibarət komandası ilə oynayacağıq. Yəni “Benfika”nı  güclü rəqib kimi bizə təqdim etdilər. Buna görə də razılaşdıq. Ancaq oyunda gördük ki, çox zəifdirlər.

- Bu cür zəif komanda olduğunu bilsəydiz, oynamağa razı olmazdınız?

- Təbii ki, razılaşmazdım.

- Komandanız azlıqda qalanda necə çıxış etdi?

- Əvvəldən danışmışdıq ki, futbolçularımız qırmızı vərəqə alarsa, onun əvəzinə meydana başqa futbolçu buraxaq. Gördüyünüz kimi, rəqib komanda bunu etdi. Ancaq biz azlıqda qalanda buna ehtiyac duymadıq. Məncə, komandamın 10 nəfərlə çıxış etməyi hiss olunmadı.

- Bu cür oyunlar şərait yaradır ki, komandanın azlıqda oynamaq gücünü də sınayasan. Bu mənada futbolçulardan razı qaldız?

- Bu gün  mənim üçün razı qalmalı bir şey yox idi. Çünki rəqib istədiyimiz səviyyədə deyildi.

- Futbolçularınızdan narazı qaldığınız məqamlar oldumu?

- Təbii ki, oldu. Düzdür, meydançanın ot örtüyünün yaxşı olmamağı da komandanın oyununa təsir edirdi. Ancaq müəyyən qədər çatışmazlıqlar da var. Bəzi məqamlarda istədiyimiz alınmırdı.

- Millimiz əsasən son nöqtəni qoymaqda çətinlik çəkirdi. Zərbə vurmalı və ötürmə verməli məqamlarda gecikirdilər.

- Razıyam. Bu problemlər var. Bir neçə yüzfazili qol epizodundan istifadə edə bilmədik. Çalışacağıq ki, güclü rəqibdən sonra oyunumuzu təhlil edək. Bu cür komandalarla görüşdən sonra nəsə demək çətin olur.

Ramiq AĞAMƏMMƏDOV, Antalya

Daha çox


Son xəbərlər