“Qarabağ”a uduzsaq…” – Mirhüseyn Seyidov

“Qarabağ”a uduzsaq…” – Mirhüseyn Seyidov
ÖLKƏ FUTBOLU 18 Fevral 2015 / 16:42 6202
-  A +

Sabah Premyer Liqamızın 23-cü turunda “Neftçi” öz meydanında  əzəli rəqibi olan “Qarabağ”la qarşılaşacaq.

Paytaxt klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidov Qol.Az saytına müsahibəsində bu vacib qarşılaşma haqda danışıb.

- “Qarabağ” bizdən 10 xal irəlidədir.  Bu görüşdə üç xal daha çox bizə lazımdır. Bilirik ki,“Qarabağ” da ciddi hazırlaşır. Maraqlı oyun olacağını indidən demək olar. Mütləq qalib gəlməliyik ki, “biz də çempionluğa iddalıyıq” deyə bilək.

- Sabahkı qarşılaşmanı “Neftçi” üçün həlledici  saymaq olarmı? Yəni lider “Qarabağ”la oyunun nəticəsi “Neftçi”ni çempionluğa yaxınlaşdıra bilər, yaxud da ümidlərini puç edər.

- Bəli, məğlub olsaq, işimiz daha da çətinləşəcək. Nəzərə alaq ki, ehtiyatda bir oyunumuz var. “Qarabağ”a qalib gəlsək, intiriqa davam edəcək. Çempionata maraq da artacaq.

- Razısan ki, məğlub olsanız, çempionluq sizin üçün əldən gedəcək?

- Elə buna görə də komandamız oyuna çıxanda ən azı məğlub olmamağı düşünəcək. Ən pis halda heç-heçə etməliyik. Futbolçularımız bütün gücünü bu oyuna qoymalıdır. Bəli, “Qarabağ”a uduzsaq, artıq çempionluq haqda düşünə bilməyəcəyik.

- “Neftçi”nin evdə oynamasını və qeyd etdiyimiz amilləri nəzərə alsaq, üstünlüyünüzün olacağını demək olar?

- Ümid edirəm ki, belə olacaq. Düzgün qeyd etdiniz ki, biz meydan sahibi olacağıq. Buna görə də qələbəyə daha çox can atmalıyıq. Ancaq onu da deyim ki, hər iki komanda “Bakcell Arena”da yaxşı oynayır. Yəni komandaların oyun üslubu buna imkan verir. Bəlkə də bu görüşdə şans öz sözünü deyəcək. Minimal hesablı qələbə qeydə alına bilər. Komandaların ehtiyatlı oyuna üstünlük verəcəyi istisna edilmir. Hər halda mən sürpriz nəticə də gözləyirəm.

- Açıq oyun gözləmək olmaz?

- Bu dəfə də açıq oyun ola bilər. Ancaq ehtiyatı da əldən vermək olmaz. Məncə, hər iki komanda minimal hesablı qələbə qazanmağa çalışacaq. 

- Hər halda “Neftçi” daha ehtiyatlı olmalıdır. Çünki məğlub osanız, lider “Qarabağ”la xal fərqi 13-ə yüksələcək.

- Bunu hamımız düşünürük. Ona görə də “Qəbələ” ilə oyundan bir gün sonra sonra bu matçın hazırlıqlarına başladıq. Hamı bu görüşün vacibliyini yaxşı dərk edir. Məğlubiyyət haqda heç kim düşünmür.

- “Qəbələ” ilə oyunda zədələndin. Sabahkı oyuna çıxa bilərsən?

- Ağrılarım çoxdur. Təəssüf ki,  “Qarabağ”la oyunu buraxacam.

- Komandanız son iki oyunda qalib gəlib. Artıq “Neftçi”də hər şeyin qaydasına düşüdüyünü demək olar?-

- Ümumi vəziyyət pis deyildi. Düzdür, qış fasiləsindən sonra bir qədər uğursuzluğa düçar olduq. Bu da bəzi futbolçularımızın zədəli olması ilə bağlı idi. Antalyada sırf təbii örtüklü meydançalarda məşq edirdik. Daha sonra çempionat oyunlarında süni örtüklü meydançalarda keçirdiyimiz oyunlarda xallar itirdik. Yəni ilk oyunlarda meydança amili bizə təsir etdi. Son iki turda isə qalib gəldik. Komandada hər şey qaydasına düşüb.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər