"AFFA-ya böyük bir layihə təqdim edəcəyik" - Vaqif Sadıqov

"AFFA-ya böyük bir layihə təqdim edəcəyik" - Vaqif Sadıqov
ÖLKƏ FUTBOLU 30 Yanvar 2015 / 14:52 2906
-  A +

AFFA Məşqçilər Komitəsi klublarımızın və aşağı yaş qrupları üzrə milli komandalarımızın təlim-məşq toplanışını, yoxlama oyunlarını izləmək üçün iki həftə Antalyada səfərdə oldu. Komitə sədri Vaqif Sadıqov Türkiyə səfəri haqda Qol.Az saytının suallarını cavablandırıb.

- Əvvəlcə Antalyada gördüyünüz işlər haqda danışmağınızı istərdik. 

- Antalyada hər bir işdə peşəkarcasına seçilən bir Məşqçilər Komitəsi var idi. Xoşumuza gələn o idi ki, hər bir klub rəhbəri bizimlə görüşündə təkliflərimizi, tövsiyələrimizi normal qəbul edirdi. Onlar da bizə müəyyən təkliflər irəli sürdülər. Antalyada 11 görüşümüz oldu. Bundan əlvə 14 yoxlama matçında iştirak etdik. Əsasən aşağı yaş qrupları üzrə milli komandalarımıza nəzarət edirdik. Ancaq klublarımızın da düşərgəsində olduq. Deyə bilərəm ki, Türkiyədə keçirdiyimiz iki həftədə Məşqçilər Komitəsində peşəkarlıq hökm sürürdü. Hər birimiz istəyirik ki, futbolumuz inkişaf etsin. Hədəfimiz 2020-ci ildə keçiriləcək Avropa çempionatında iştirak etməkdir. İndidən qurulan işlərin bəhrəsini gələcəkdə görəcəyik.

- Qarşınıza qoyulan əsas tapşırıqlar nə idi?

- Məsələ burasındadır ki, bizə tapşırıq verilmir. Biz bütün layihələrdə müstəqil şəkildə öz təkliflərimizi irəli sürə bilərik. Ən vacib işimiz odur ki, klublarla yığmamız arasında bir körpü yaradaq. Çalışırıq ki, yığma ilə klublar arasında sıx əməkdaşlıq olsun. Antalyada olarkən bu işin öhdəsindən gəlirdik. Klublarla görüşəndə mövcud problemlərdən danışırdıq, çıxış yollarını axtarırdıq. Hər bir yoldaşlıq oyununda sonra müəyyən qeydlər aparırdıq. Axşam isə bu haqda müzakirələr edirdik. Robert Prosineçki və aşağı yaş qrupları üzrə milli komandalarımızın baş məşqçiləri ilə görüşlərimiz oldu. Hesab edirəm ki, çox səmərəli bir səfər oldu. Məni ən çox sevindirən odur ki, hamımız futbolumuzun inkişaf edəcəyinə inanırıq. Bu, çox vacib amildir. Atılan addımlar klublar və milli komandalarımız tərəfindən dəstəklənir Gələcəyə inamla baxmaq olar.

- Hazırlıq prosesində klublarımızla görüşdünüz, müzakirələr apardınız. Hansı təklifləri hazırlayırsınız?

- Biz böyük bir layihə hazırlayırıq. Düzdür, hələ ki qaralama şəklindədir. Üzərində işlər gedir. Tam istədiyimiz səviyyəyə çatdırandan sonra bu layihəni rəhbərliyə təqdim edəcəyik. Layihədə hansı dəyişikliklərə, yeniliklərə ehtiyac olduğunu qeyd etmişik. 

- Legioner limiti ilə bağlı klublarımızın fikri necə oldu?

- Klublarımızın təkliflərini nəzərə alaraq layihəmizdə bütün məsələləri əhatə etmişik. Tək limiti dəyişməklə nəyəsə nail olmaq mümkün deyil. Bu məsələlər bir-birinə zəncirvari bağlıdır. istəyirik ki, çempionatımız vahid bir sistemlə keçirilsin. Təbbi ki, limit məsələsi də kənarda qalmayacaq. Komleks şəkildə böyük bir layihə hazırlayırıq. Birinci divizionu da yaddan çıxarmamışıq.

- Klublarımız legioner limitində dəyişiklik edilməsinin tərəfdarıdır?

- Bəli, biz görürük ki, klublar bəzi məsələlərə yenidən baxılmasını istəyir. Yəni layihəni sırf özümüzdən hazırlamırıq. Komandaların sayından tutmuş limit məsələsinə qədər hər şeyi layihədə qeyd etmişik. Birinci divizion komandalarının say məsələsinə də toxunmuşuq. Görülən işlər pramida şəklində olmalıdır. Pramidanın zirvəsində milli komandamız yerləşir.  Millimizin uğuru üçün isə yaxşı çempionat və onu keçirmək üçün düzgün reqlament olmalıdır. Layihəmiz çox böyük olduğu üçün hələ onu hazır edə bilməmişik. Birinci divizon klubları ilə də görüşümüz olacaq. Onların fikirlərini eşitməmiş layihəni tərtib edə bilmərik. Onu da qeyd edim ki, bizim konsepsiyamız tövsiyə xarakteri daşıyacaq. Son qərarı AFFA rəhbərliyi verəcək.


- Prosineçkinin Antalyadakı fəaliyyəti haqda nə deyə bilərsiniz?

- Prosineçki Antalyada səhərdən axşamacan iş başında idi. Millimiz Prosineçkinin deyil, Azərbaycanındır. Ancaq bu komandaya Prosineçki başçılıq edir. Buna görə də hər birimiz onun ətrafında birləşib güclü yığma komanda yaratmalıyıq. Prosineçki təkbaşına nəsə edən deyil. Bütün sağlam qüvvələr onun ətrafında birləşməlidir. Onu da qeyd edim ki, Prosineçki bütün tədbirlərdə iştirak edir. Sevincli və qəmli günlərimizdə bizimlə bir yerdə olan insandır. Bu da onu göstərir ki, Prosineçki özünü bizim aramızda görür. İstər-istəməz bu yanaşma tezliklə öz nəticəsini verəcək. Düzdür, hazırda bəzi klublarımız strategiyasını dəyişir. Buna görə də Prosineçki üçün futbolçu seçimi bir qədər çətin ola bilər. Ancaq inanıram ki, Prosineçki o gücdədir ki, güclü bir komanda formalaşdıracaq. Hər bir işdə zamana ehtiyac olduğu kimi, Prosineçkiyə də vaxt lazımdır. Hələ ki, onun işini Məşqçilər Komitəsi və bütün klublar bəyənir.

- Prosineçkiyə hər hansı bir yeni futbolçu təklif etmək fikriniz var?

- Bu işlər subardinasiya şəklində olmalıdır. Bizim tərəfdən Prosineçkiyə heç bir futbolçu təklif olunmayıb. Bundan sonra da olmayacaq. Çünki milli komandaya baş məşqçi cavabdehdir. Ancaq onun tərəfindən bu barədə hansısa təklif olsa, biz  yardım etməyə hazırıq.

- Sonda çempionatımız haqda danışaq. İlk dövrələrdə Premyer Liqamızın səviyyəsi ürəkaçan olmadı. Sizcə, mövsümün ikinci yarısında da bu hal təkrarlana bilər?

- İlk dövrələrdə baş verən müəyyən proseslər çempionata təsirsiz ötüşmədi. İstər-istəməz bundan sonra da təsiri olacaq. Ancaq dörd komandamız hazırda Avrokuboklar üçün mübarizə aparır. Turnir cədvəlinə baxanda görürük ki, ilk "üçlük"də qərarlaşan komandalar çempionluq üçün mübarizə aparacaqlar. Bunlar arasında çox gərgin bir yarış olacaq. Dördüncü yerə isə 3-4 komanda iddialı olacaq. Yəni demək olar ki, intiraq qorunub saxlanılıb. Rəqabət olan yerdə  maraqlı oyunların şahidi olacağıq.  Qeyd etdiyim amil çempionatımıza rəng qatacaq. Məncə, 3-cü dövrənin ilk oyunlarındaca  səviyyəli qarşılaşmalar izləyəcəyik.

Ramiq AĞAMƏMMƏDOV

 


Son xəbərlər
27.06.24  18:09

Abel Ruiz "Jirona"da