"Qriqorçukun işinə baxanda hədəfimizə çatacağımıza inanırıq" - Fariz Nəcəfov

"Qriqorçukun işinə baxanda hədəfimizə çatacağımıza inanırıq" - Fariz Nəcəfov
ÖLKƏ FUTBOLU 28 Yanvar 2015 / 15:04 3270
-  A +

"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfovun Qol.Az saytına müsahibəsi

- "Qəbələ" qış təlim-məşq toplanışı yekunlaşdırdı. Hazırlığı necə dəyərləndirirsiniz?

- Müəyyən səbəblərdən toplanışın birinci hissəsində iştirak edə bilmədim. Növbəti mərhələdə isə komanda ilə birlikdə oldum. Bu dövrdə iki yoxlama oyunumuz oldu. Ümumilikdə hər şeyin qaydasında olduğunu deyə bilərəm. Baxdığım yoxlama oyunlarında futbolçular özlərini yaxşı tərəfdən göstərdilər. "Qəbələ"də yaxşı mənada dəyişikliklər var.

- Yeni transferlər özlərini necə göstərdi?

- Bu futbolçular artıq kifayət qədər uğura imza atıblar. Hər birini tanıdığımız üçün komandaya cəlb etmişik. İnanıram ki, "Qəbələ"yə də köməkləri dəyəcək.

- Transfer işlərinin yekunlaşdığını demək olar?

- Demək olar ki, 90 faiz yekunlaşıb. Yaxın 1-2 gün ərzində bir futbolçu transfer edə bilərik. Bilirsiniz ki, toplanışın son günlərində Markinyoş komandadan göndərildi. Hazırda onun mövqeyinə yeni futbolçu cəlb etməyə çalışırıq. Danışıqlar gedir.

- Bu futbolçu da "Çernomorets"də çıxış edir?

- Yox, daha "Çernomorets"dən futbolçu almayacağıq. Onu da bildirim ki, Aleksey Qaydan başqa "Çernomorets"dən gətirilən digər futbolçuların müqaviləsi altı aylıq oldu.

- Müdafiə xəttində boşluqlar hiss olunur. Bu mövqeyə futbolçu alınacaq?

- Müdafiə xəttini də gücləndirmək fikrimiz var idi. Bir futbolçu ilə danışıq aparırdıq. Ancaq klubu ilə müqaviləsi olduğu üçün onunla danışığımız alınmadı. Onu da qeyd edim ki, yeni transferimiz Sergey Sivakov həm müdafiə, həm də dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edə bilir. Son klubunda müdafiədə oynayıb. Buna görə də yeni müdafiəçi transfer etməyə də bilərik.

- Yeni futbolçularla niyə uzunmüddətli müqavilə imzalanmadı?

- "Qəbələ"də gözlənilməz məşqçi dəyişikliyi oldu. Düzdür, Roman Qriqorçuk bu futbolçuların hər birini yaxşı tanıyır. Ancaq söz sahibi klubdur. Futbolçular özlərini göstərə bilsələr, onlarla yeni müqavilələr uzanacaq. Bildiyiniz kimi, Toni Adamsı yenidən kluba dəvət etmişik. Artıq "Qəbələ"nin transfer siyasəti dəyişəcək. Toni Adams məşqçi korpusu ilə birlikdə bu işlərlə məşğul olacaq. Ona görə də qısamüddətli müqavilələr nəzərdə tutulub. Yaya qədər həm müqavilə imzaladığımız, həm də   maraqlandığımız futbolçuları nəzərdən keçirəcəyik.

- Qriqorçukun və yeni transferlərin MDB ölkələrindən olmasını müsbət hal hesab etmək olar. Yəni yeni futbolçuların "Qəbələ"də özlərini doğruldacağını demək olar?

- Sabiq baş məşqçimiz Dorinel Muntyanu ilə itirdiyimiz yalnız 10 xal oldu. Ancaq futbolçular sarıdan heç nə itirmədik. Klub maddi cəhətdən heç bir ziyana düşmədi. Çünki hamısı ilə qısamüddətli müqavilə imzalamışdıq. Bayaq qeyd etdiyim yeni transfer siyasətini daha əvvəldən həyata keçirmək fikrimiz var idi. Sadəcə iddialarımızı saxlamaq üçün Qriqorçukun tanıdığı futbolçuları komandaya cəlb etdik. Baş məşqçimiz də əlindən gələni edir ki, qarşıdakı oyunlarda maksimum nəticə qazansın və  çempionatı ilk "üçlük"də başa vuraq. Qeyd etdiyiniz kimi, futbolçuların çempionatımıza tez uyğunlaşması və Qriqorçukun onlara yaxşı bələd olması bu işdə köməyimiz olacaq.

- Qriqorçukla söhbətiniz zamanı o "Qəbələ"nin hədəfinə çatacağı ilə bağlı nikbin danışır?

- Qriqorçuk təcrübəli məşqçidir. Avroliqa oyunlarında yetərincə çıxış edib. Ukrayna çempionatı kifayət qədər səviyyəlidir. Qriqorçuk orada yaxşı uğurlar əldə edib. Nədənsə hər bir məqşi Azərbaycan çempionatında uğur əldə etməyi asan sayır. Ancaq bura gəldikdən sonra görürlər ki, bizim Premyer Liqamızın da spesifik çətinlikləri var. Qriqorçuk da hər şeyə müsbət yanaşır. Onun futbolçularla rəftarı və ümumilikdə iş prinsipi bizi qane edir. Ancaq heç kim deyə bilməz ki, filan məşqçi mütləq burda nəticə qazanacaq. Sadəcə mən də məşqçinin işinə baxaraq çox inanıram ki, mövsümün sonunda istədiyimiz nəticəni əldə etməyə qadirik. Komandamızın potensialı buna imkan verir. Yoxlama oyunlarında gördük ki, yeni futbolçular komandaya tez uyğunlaşacaqlar.

- "Qəbələ"nin qapıçısı Kamran Ağayevin adı Türkiyə klubları ilə hallanır. Yeni qapıçı Dmitri Bezotosnının gəlişindən sorna Kamranın özünə başqa klub axtardığı deyilir. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- Kamran Ağayev millimizin qapıçısıdır. O, üç oyunluq cəzalandırıldığı üçün təbii ki, bir müddət meydanda digər qapıçımız olacaq. Ola bilsin ki, həmin söhbətlər də bundan qaynaqlanır. Hələ ki, Kamran bizimlə heç nə danışmayıb. Heç bir klubdan da bizə Kamranla bağlı təklif gəlməyib.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər