"Azərbaycanda oynamaq çətin olacaq"

"Azərbaycanda oynamaq çətin olacaq"
ÖLKƏ FUTBOLU 15 Yanvar 2015 / 18:44 5440
-  A +

"Qəbələ" klubunun ukraynalı yeni transferi Aleksey Qay Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinin suallarını cavablandırıb.

- İlk öncə yeni komandan haqda fikirlərini öyrənək...

-  "Qəbələ" yaxşı komandadır. Burada çox xoş hislər keçirdim. Yaxşı əhval-ruhiyyə var. Düşünürəm ki, belə mühit qarşısına böyük hədəflər qoyan bütün komandalarda olmalıdır.

- Niyə məhz "Qəbələ"ni seçdin?

- Hər hansı bir təklifin üzərində çox fikirləşməyi xoşlamıram. Sadəcə, Roman Qriqorçuk tərəfindən təklif aldım və düşünmədən qəbul etdim.

- Belə çıxır ki, "Qəbələ"yə məhz Roman Qriqorçuka görə keçdin?

- Əlbəttə ki, onun da rolu oldu. Tanış bir məşqçi ilə çalışmaq hər zaman xoşdur. Qriqorçuk "Qəbələ" haqda xoş sözlər söylədi və mən də onu yaxşı tanıdığım üçün təklifini qəbul etdim.

- Hazırlıqlar necə gedir?

- İlk dəfə deyil ki, təlim-məşq toplanışında oluram. Ancaq "Qəbələ"nin heyətində bu, ilkdir. Təbii ki, məşqlər ağır keçir. Amma bu, normaldır. İddialı komandaların hamısında məşqlər ağır keçir. Hər kəs məşqlərdə əlindən gələni edir.

- Komandaya uyğunlaşmaqda problem yaşamadın?

- Hələ ki, Türkiyədəyik. Daha sonra Azərbaycana gedəcəyik. Burada gördüyüm komanda məni yaxşı mənada təəccübləndirdi. Mənə qarşı çox mehriban münasibət var. Necə hörmət görürəmsə, eləcə də qarşılıq verirəm. Ona görə də uyğunlaşmaqda problem yaşamadım.

- İlk dəfə ölkə xaricində oynayacaqsan. Bu, sənə çətinlik yaratmayacaq?

- Əlbəttə, çətinlik olacaq. Çünki yaşımın çox olmasına baxmayaraq, ilk dəfə ölkə xaricində oynayacam. Lakin legioner həyatının maraqlı olacağını düşünürəm. Bütün çətinliklərinin öhdəsindən gəlməyə çalışacam ki, bir daha belə problemlə üzləşməyim.

- Azərbaycan klubuna keçidin Ukraynada necə qarşılandı?

- Başqalarının fikirləri mənim üçün maraqlı deyil. İnternet saytlarında haqqımda bir sıra xəbərlər yazırlar. Lakin mənim üçün əsas özümün və ailəmin qərarıdır. Düzgün qərar verdiyimi düşünürəm. 

- Ölkəmizdə bir sıra ukraynalı futbolçu çıxış edib. Onlardan Premyer Liqamız və klublarımız haqda hər hansı məlumat aldınmı?

- Yox. Heç kəslə əlaqəm olmayıb. "Qəbələ"də Vladimir Levinin oynadığını bilirəm. Lakin ondan da heç bir məlumat almadım. Həyat belədir ki, əgər hər hansı bir yerə getməlisənsə, düşünmədən bunu etməlisən. Başqa yolun yoxdur. Mən də belə etdim.

- Ümumiyyətlə, Azərbaycan futbolu haqda məlumatın var idimi?

- Elə də çox məlumatım yox idi. Ancaq "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində "Dnepr"lə oynadığını bilirəm. Əgər "Qarabağ" belə turnirdə oynayırsa, deməli, Azərbaycanda futbol var və günü-gündən inkişaf edir. Premyer Liqanın qalan turlarında oynadıqca, klublar haqda ümumi məlumat toplayacam. 

- “Əskişehirspor” klubu ilə yoxlama oyunu haqda nə deyərdin?

- "Əskişehirspor" yaxşı komandadır. Superliqa təmsilçisi Türkiyə çempionatının səviyyəsini nümayiş etdirdi. Komandamıza gəldikdə isə yeni sistem və taktika üzərində çalışırıq. Dünənki oyunda əsas işimiz daha çox öyrənmək idi. Nəticə önəmli deyil.

- İlk yoxlama matçında PSV-nin ikinci komandası ilə görüşdə də iştirak etdin. Bu iki görüşdəki oyunun haqda nə deyə bilərsən?

- Öz oyunum haqda danışmağı xoşlamıram. Həyatda nadir hallarda özümdən razı qalmışam. Ona görə də iki oyundakı çıxışım haqda nəsə deməyim düzgün olmaz. Buna kənardan baxanlar qiymət verə bilər.

- Bəs, komanda keçirdiyi iki yoxlama matçında necə təsir bağışladı?

- Komanda olaraq pis təsir bağışlamadıq. Düzgün yoldayıq. Müsbət cəhətlərimiz çoxdur. Lakin komandada çatışmamazlıqlar da var. Bunun üzərində çalışırıq.  

- Artıq 32 yaşın var. Karyeranı "Qəbələ"də başa vurmaq haqda düşünmürsən? 

- Yox. Gələcək haqda danışmaq çətindir. Hələ ki, bu günü yaşayırıq. Sabah hər şey ola bilər.

- "Qəbələ"də sənin mövqeyində bir sıra təcrübəli futbolçular çıxış edir. Bu rəqabət səni qorxurmur ki?

- Rəqabət futbolda olmalıdır. Belə olduqda bütün futbolçular öz üzərində çalışır. Bu, futbolçunu inkişaf etdirən əsas amillərdən biridir. Ona görə də rəqabətdən çəkinmirəm.

- "Qəbələ" Premyer Liqanın geridə qalan 18 turundan sonra turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komandanın mövsümü medalla başa vurmaq şanslarını necə dəyərləndirirsən?

- Şans hər zaman var. Premyer Liqanın qalan turlarında turnir cədvəlində bizdən irəli olan bütün rəqiblərlə qarşılaşacağıq. Həmin görüşlərdə qələbə qazanmalıyıq. Bunun üçün də var-gücümüzlə çalışmalıyıq.

Vüsal HÜSEYN,
Antalya

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq