"Hamı bilir ki, "Qarabağ" asan rəqib deyil" - İlqar Qurbanov

"Hamı bilir ki, "Qarabağ" asan rəqib deyil" - İlqar Qurbanov
ÖLKƏ FUTBOLU 25 Noyabr 2014 / 17:07 4230
-  A +

"Qarabağ" klubunun futbolçusu İlqar Qurbanovun Qol.Az saytına müsahibəsi

- Premyer Liqamızın son turunda AZAL-la qarşılaşmada uzun müddətdən sonra "Qarabağ"ın heyətində qol vurdun.

- Əsas önəmli olan komandamın qalib gəlməyidir. Qolu kimin vurmağının fərqi yoxdur. Təbii ki, qol vurmaq hər zamanı futbolçunu ruhlandırır, növbəti oyunlara daha yaxşı motivasiya olursan. Ancaq qeyd etdiyim kimi, əsas "Qarabağ"ın qələbəsidir.

- Tez-tez hücumlara qoşulursan. Bu da əvvəllər hücumçu kimi çıxış etməyindən irəli gəlir. Hərdən hücumda oynamaq fikrindən keçmir ki?

- Mənim üçün hücumda oynamaq da problem deyil. Baş məşqçi hansı mövqedə istəsə, oynayaram. Məndə hücumçu xüsusiyyətləri qalıb. Ona görə də hücumlara tez-tez qoşulmaq mənə rahat olur. Ancaq müdafiənin cinahlarında oynamaqda da heç bir çətinliyim yoxdur.

- İki gündən sonra Avropa Liqasını qrup mərhələsində "Sent Etyen"lə çox vacib oyununuz var. Bu görüş haqda nə düşünürsən?

- Məqsədimiz səfərdə yaxşı oyun sərgiləmək və vətənə xalla qayıtmaqdır. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Hamı başa düşür ki, bu oyun bizim üçün həlledici ola bilər. Heyətdə itkilərimiz də var. Reynaldo, Çumbinyo və Diasın zədəli olması işimizi xeyli çətinləşdirir. Demək olar ki, 2-3 gündən bir oyunumuz olur. Bu da əlavə bir ağırlıqdır. Ancaq biz bunları problem hesab etmirik. Fransadan yaxşı nəticə ilə qayıdacağımıza ümidimiz çoxdur.

- Komandanızın əsas qol silahı olan Reynaldonun yoxluğu sizə nə dərəcədə çətinlik yaradacaq?

- Reynaldo "Qarabağ" üçün çox lazımlı futbolçudur. Həmişə ön xətdə işinin öhdəsindən layiqincə gəlib. Təbii ki, onun zədələnməsi çox pis oldu. Ancaq Fransaya 23 futbolçu ilə gedirik. Onların hamısına güvənmək olar.

- "Dnepr"in baş məşqçisi Miron Markeviç müsahibəsində bildirib ki, "Qarabağ" səfərdə "Sent Etyen"ə uduzacaq və qrupda ikinci yer uğrunda mübarizə onun komandası ilə "Sent Etyen" arasında gedəcək. "Qarabağ"ın qrupda keçirdiyi oyunlara əsasən belə bir fikir söyləmək nə dərəcədə düzgündür?

- Onun dedikləri bizim üçün önəmli deyil. "Denepr"in baş məşqçisi və ya futbolçuları istənilən açıqlamanı verə bilər. Biz kiminsə danışığına fikir vermirik. Çalışırıq ki, öz oyunumuzla sözümüzü deyək. Artıq hamı hiss etdi ki, "Qarabağ" asan rəqib deyil. Yəni digər rəqiblərin heç biri bizimlə rahat oynamayıb. Düzdür, uduzduğumuz oyunlar da oldu. Ancaq həmin görüşlərdə də yaxşı təsir bağışlamışıq. Artıq "İnter"in qrup lideri kimi "pley-off"a çıxacağını demək olar. Digər üç komandanın isə şansı eynidir. 
Hələ heç nə bitməyib. Maksimum nəticə qazanmaq istəyirik.

- Komanda yoldaşların "Dnepr"i "Qarabağ"ın ən çətin rəqibi hesab edir. Bu baxımdan "Sent Etyen"lə oyunun daha asan olacağını demək olar?

- Bəli, "Dnepr" fiziki cəhətdən çox güclü komandadır. Ancaq "Sent Etyen" də "Dnepr"dən geri qalmır. Ümumiyyətlə, Avropa Liqasının qrupunda adi komandalar olmur. "Sent Etyen"in də öz üstünlükləri var. Rəqibimiz daha təcrübəlidir. Hər halda çalışacağıq ki, Fransadan ən azı bir xalla qayıdaq.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu