“Elfsborq” səddini keçəcəyimizə inanırıq”

“Elfsborq” səddini keçəcəyimizə inanırıq”
MÜSAHİBƏ 21 İyul 2014 / 17:30 3440
-  A +

“İnter” klubunun yarımmüdafiəçisi Mirzağa Hüseynpurun Qol.Az saytına müsahibəsi

- Avroliqanın II təsnifat mərhələsinin ilk oyununda səfərdə İsveçin “Elfsborq” klubuna qalib gəldiniz. Qarşılaşma və rəqib haqda fikirlərini öyrənmək istərdik.

- “Elfsborq” çox ciddi rəqibdir. İlk görüşdə səliqəli oyunları ilə yadda qaldılar. Hiss olundu ki, bu komandanın gücü var. Sadəcə onlarda alınmadı. Asan qələbə qazanmadıq. Düzdü, xeyli qol imkanlarımız olsa da, onların cəmi birindən istifadə etdik. Düşünürəm ki, səfərdə qeydə alınan 1:0 hesablı qələbə kifayət qədər yaxşı nəticədir.

- Mərhələnin taleyini səfərdə həll etmək imkanınız olsa da, bunu bacarmadınız.

- Bəli, rəqibə nisbətən biz daha çox qol imkanları yaradırdıq. Qismət belə imiş. Mən də rəqib qapıçı ilə bir neçə dəfə təkbətək çıxdım, amma fərqlənə bilmədim. 

- “Tiraspol”la oyunda da komandanız çoxsaylı qol imkanlarını sağa-sola xərclədi. “İnter”in hücum xəttində boşluqların olması fikri ilə razısan?

- Xeyr. Məcə, bizim yaxşı hücumçularımız var. Hücum xəttimizdə xeyli təcrübəli oyunçular çıxış edir. Qol imkanı yarada biliriksə, deməli, hücum xəttimiz yaxşı təsir bağışlayır.

- Son nöqtəni qoya bilmirsiniz.

- Bu problemi də aradan qaldıracağıq. Məşqlərdə onun üzərində işləyirik

- İlk oyunda  1:0 hesabı ilə qalib gəlməyiniz komandanızın cavab matçına rahat çıxması üçün şərait yaradır?

- Xeyr. Heç bir rahatlıqdan söhbət gedə bilməz. Futbolda bir qol heç nə demək deyil. “Elfsborq” da bir qol vurmaqla hesabı bərabərləşdirə bilər. Bizi çox çətin cavab oyunu gözləyir. Çünki rəqibimizin üzərində  heç bir təzyiq yoxdur. Öz meydanlarında uduzublar. İtiriləsi bir şeyləri də yoxdur. Maksimum ehtiyatlı olmalıyıq.

- İlk oyundan sonra hansı qənaətə gəlmək olar, “İnter”in mərhələ adlamaq şansı necədir?

- Rəqibə hörmətlə yanaşırıq. Həmçinin “İnter” öz gücünə inanır. İnanırıq ki, növbəti mərhələyə adlayacağıq. Bizim qarşımıza mühüm məqsəd qoyulub. Onun öhdəsindən gəlmək üçün ancaq irəli baxmalıyıq. İlk oyunu yaddan çıxarıb, cavab qarşılaşmasına ciddi hazırlaşırıq.

- Qarşınıza hansı məqsəd qoyulub?

-  Bugünkü tapşırıq “Elfsborq” səddini keçməkdir.

- “İnter” Avroliqada ardıcıl üç oyundur ki, qalib gəlir. Komandanız hansı mərhələyə qadər irəliləməyə layiqdir və qadirdir?

- Mümkün qədər irəli getmək istəyirik. Ancaq hər oyuna xüsusi yanaşırq. İndidən III mərhələ haqda düşünmək ziyanımıza olar. Təbii ki, bundan sonra da Avroliqada mübarizəni davam etdirməyə layiqik.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu