“Neftçi” “Koper”lə ilk oyunda sözünü deməlidir”

“Neftçi” “Koper”lə ilk oyunda sözünü deməlidir”
MÜSAHİBƏ 16 İyul 2014 / 16:18 5019
-  A +

“Neftçi” klubunun müdafiəçisi Elvin Yunuszadə Avropa Liqasının II təsnifat mərhələsində sabah “Koper”lə keçirəcəkləri ilk oyun haqda Qol.Az saytının suallarını cavablandırıb. 

- “Koper”lə oyunqabağı komandanızda ümumi vəziyyət necədir?

- Təlim-məşq toplanışından yaxşı formada qayıtmışıq. Bildiyiniz kimi, hazırlıq zamanı güclü rəqiblərlə yoxlama oyunu keçirdik. Komandamızda hər şey qaydasındadır. Əhval-ruhiyyə və fiziki hazırlığımız da yerindədir.

- Sabahkı rəqibiniz haqda nə deyə bilərsən?


- Bilirik ki, ”Koper” zəif komanda deyil. Ötən mövsüm Sloveniya çempionatını “Maribor”dan altı xal geridə tamamlayıblar. Yəni “Maribor”la müqayisə edilirsə, deməli yaxşı komandadır.  Rəqibi öz meydanımızda qəbul ediirk. Ona görə də ilk oyunda sözümüzü deməliyik. Biz “Koper”ə hörmətlə yanaşırıq. Eyni zmanda onlara adi rəqib kimi baxırıq, gözümüzdə böyütmürük. Futbolun qaydası da  bunu tələb edir.

-  “Koper” I təsnifat mərhələsində iki oyuna “Çelik”ə doqquz cavabsız qol vurub. Bu oyunlardan hansı  nəticəyə gəlmək olar? 

- İlk oyunda səfərdə “Çelik”ə beş cavabsız qolla qalib gəlmələri onu göstərdi ki, bu komandaya hörmətlə yanaşmaq lazımdır. Müəyyən oyunlarını izləyib, analiz etmişik. Baş məşqçimiz oyuna qədər lazım olan tapşırıqları verəcək.

- Bəlkə, “Çelik” çox zəif olub?

- İstənilən halda iki oyuna doqquz qol vuran komanda yüksək qiymətləndirilməlidir.

- Bu sizi narahat edir?

- Xeyr. Əksinə bu, bizdə əlavə motivasiya yaradacaq ki, onun da ancaq xeyrimizə olacağını düşünürəm. Qarşındakı rəqibə nə qədər ciddi yanaşsan, uğura o qədər yaxın olarsan. Çəkinəcəyimiz bir şey yoxdur.

- “Koper”in bəzi futbolçuları açıqlamalarında“Neftçi”ni favorit hesab etdiklərini bildiriblər.

- Ümumiyyətlə futbolda favorit anlayışını düzgün hesab etmirəm. Oyun başlayana qədər heç bir komanda haqda qəti fikir söyləmək olmur. Çoxları  bizi  favorit hesab edə bilər. Ancaq biz fikirləşirik ki, hər cür nəticə qeydə alına bilər. Əslində hər iki komanda növbəti mərhələyə keçməyə layiqdir.

“Koper” “Neftçi”dən fərqli olaraq I rəsnifat mərhələsindən mübarizəyə başlayıb. Rəqibiniz artıq iki oyun keçirib. Ola bilərmi rəqib sizdən yaxşı formada olsun?

- Ola bilər. Hər halda onların “Çelik”ə qarşı göstərdiyi oyun yaxşı formada olmaqlarından xəbər verir. Ancaq bu amil “Koper”in bizdən üstün olacağı anlamına gəlməməlidir. Biz də yoxlama oyunları keçirmişik. Neçə gündür ki, “Koper”lə oyuna hazırlaşırıq.

- Rəşad Sadiqov və Mahir Şükürov kimi aparıcı oyunçuları “Neftçi”ni tərk etdi. Səncə, Avroliqa təcrübəsi olan bu futbolçuların yoxluğu sabah  hiss olunacaq?

- Rəşad və Mahir hər ikisi Azərbaycanda seçilən futbolçulardır. Onların “Neftçi”də böyük xidmətləri olub. Hər ikisinin komandamızda yeri görünür. Amma inanıram ki, onların əvəzləyəcək futbolçular layiqincə çıxış edəcəklər. Heyətimizdə yeni parlayan gənc futbolçular var. Onlara şans verilməlidir. Çünki həmin gənclər “Neftçi”nin gələcəyidir.

- Sabahkı oyunda hansı nəticəyə ümid edirsən?

- İlk növbədə qələbə haqda düşünürük. Əsas odur ki, öz meydanımızda qol buraxmayaq. Ev və səfər oyunlarında ayrı-ayrı məqsədlər üçün oynayırsan. İndi bizim əsas işimiz qapımızı toxunulmaz saxlamaqdır. Çünki buraxılan qol ikinci oyunda işimizi çətinə salar.

Ramiq AĞAMƏMMƏDOV 
  

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu