Elvin Məmmədov: "Özümüzü pis vəziyyətə salmışıq"
"Bakı" klubunun yarımmüdafiəçisi Elvin Məmmədov Qol.Az saytına müsahibəsində Azərbaycan Premyer Liqasının 31-ci turunda "İnter"lə qarşılaşacaqları görüş və komandasının avroliqaya vəsiqə qazanamq şanslarından danışıb.
- Zədə səbəbindən son turlarda komandana kömək edə bilmədin. Hazırda durumun nə yerdədir?
- Artıq kollektiv məşqlərə başlamışam. Hər şey qaydasındadır. Baş məşqçi şans verəcəyi təqdirdə qarşıdakı oyunda iştirak edəcəm.
- Premyer Liqanın növbəti turunda "İnter"lə çox vacib oyununuz var...
- "İnter"lə aramızda beş xal fərqi var. Qalib gəlsək, fərqi cüzi olacaq, uduzsaq, işimizi dha da çətinə salacağıq. Bundan sonra çempionatda altı oyunumuz var. Bunların hamısından maksimum nəticə qazanmalıyıq. Məncə, bu, mümkünsüz deyil. Ardıcıl qələbələr qazanmasaq, avroliqa şanslarımız heçə enəcək.
- "İnter"lə oyun avroliqaya vəsiqə qazanmaq uğrunda həlledici qarşılaşma ola bilər?
- Bələ demək olar ki, "İnter"lə görüş bizim üçün final oyununa bərabərdir. Üçüncü yer şansımız hələ də qalır. Təbii ki, bunun üçün "İnter"ə qalib gəlməliyik.
- Məğlubiyyət isə "Bakı"nın avroliqadan əlini üzməsi deməkdir.
- Bəli, məğlubiyyət komandanı psixoloji cəhətdən də sarsıda bilər. Ancaq qələbəyə köklənmişik. Başqa yolumuz yoxdur.
- Bu mövsüm "İnter"ə qalib gəlmək "Bakı"ya müyəssər olmayıb.
- Bəllidir ki, "İnter"ə qol vurmaq çox çətindir. Amma bunun öhdəsindən gəlməliyik. Komandamız ardıcıl xallar itirdi. Son turda "Xəzər Lənkəran"la oyunda da qələbə qazanmağa layiq idik. Nədənsə alınmadı. Özümüzü pis vəziyyətə salmışıq. Hər uğursuz nəticədən sonra avroliqada iştirak etmək şanslarımız daha da azalır. Bu oyunda isə mütləq qələbə qazanmalıyıq. Düzdü, "İnter" fərqli komandadır. Bu mövsüm hər üç oyunda "İnter"ə qol vurmaq üçün çox çalışsaq da, rəqib əks-hücumlarda bizi cəzalandırıb. Statistikaya baxsaq, görərik ki, bu komanda ilə oyunlarımız əsasən ya heç-heçə olub, ya da rəqib əldə etidiy 1-2 qol imkanından istifadə edib, bizə qalib gəlib. İnşallah növbəti dəfə buna imkan verməyəcəyik.
- Səndən başqa "Bakı"nın bir neçə aparıcı futbolçusu da zədəli idi. Onların durumu necədir?
- Təəssüflər olsun ki, Rauf Əliyev hələ komanda ilə məşqlərə başlamayıb. Çox güman ki, "İnter"lə oyunu buraxmalı olacaq. raufun olmamağı bir neçə turdur ki, bizi çətin duruma salıb. Onun yerini dolduracaq digər hücumçumuz yoxdur.
- Raufun yoxluğunda hücum xəttində oynaya bilərsən?
- Əslində "Bakı"nı Bandoviç çalışdırarkən hücumda oynamışam. Məncə, pis alınmırdı. Ancaq hər baş məşqçinin öz oyun fəlsəfəsi var. Bu haqda Pantiçə heç nə deyə bilmərəm.
- Mövsümün sonunda "Bakı" müqavilən başa çatır. Komandanla hər hansı bir danışıqların olub?
- Hazırda elə bir durumdayıq ki, bu haqda qərar verməyə tələsmirəm. Avroliqaya vəsiqə qazana bilərik. Hələ ki, ən azından bir ay "Bakı"dayam. İlk növbədə öz klubumla danışacam. Əgər razılaşmasaq, onda addım atacam.
Ramiq AĞAMƏMMƏDOV