"Qarabağ" avroliqanın qrup mərhələsində oynayan "Neftçi"dən güclüdür"
Milli komandamızın məşqçisi Aslan Kərimovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqada mövsümün başa çatmağına altı tur qalıb. Çempionatın hazırkı mərhələsi haqda nə söyləmək olar?
- "Qarabağ" öz stabil çıxışı ilə ardıcıl qələbələr qazanaraq, rəqiblərindən xeyli aralandı. Sözsüz ki, Qurban Qurbanovun komandası mövsümün sonunda çempionluğu bayram edəcək. Ümumilikdə "Qarabağ"dan başqa bütün klubların çıxışları enişli-yoxuşlu oldu. Bunun da bəlli səbəbləri var idi. "Xəzər Lənkəran", "Neftçi" və AZAL-da baş məşqçi dəyişiklikləri oldu. Bu proseslər isə komandanın oyununa təsir edən amillərdir. "Qarabağ" izə öz stabil çıxışı ilə rəqiblərindən seçildi.
- Mövsümün sonunda turnir cədvəlinin mənzərəsində ciddi dəyişiklik baş verə bilər?
- Artıq "Qarabağ"dan başqa heç bir klubun baş məşqçisi belə birinci yer uğrunda fikirləşmir. Çünki verdikləri müsahiblərdən də görünür ki, iddaları Avropa liqasına düşmək olacaq. Aşağı pillələrdə qərarlaşan komandalar isə güclülər dəstəsində qalmaq uğrunda mübarizə aparacaqlar. Ona görə də birinci yer istisna olmaqla digər pillələrdə dəyişiklik baş verə bilər. Məncə, çempionatın sonuna qədər ikinci və üçüncü yer uğrunda mübarizə davam edəcək.
- "Qarabağ" növbəti turda "Simurq"a qalib gələrsə, 32-ci turda "Neftçi"ni məğlub edərək çempionluğunu rəsmiləşdirə bilər. Ağdam təmsilçisi çempionatın sonuna dörd tur qalmış bunu bacara bilər?
- Düşünürəm ki, "Qarabağ" üçün çempionluğu nə vaxt rəsmiləşdirməyin fərqi yoxdur. Bəlkə də gələn oyunlarda "Qarabağ" heyətində olan gənc oyunçulara şans verəcək, hansısa bir taktiki gedişi sınaqdan keçirəcək. Ola bilsin ki, Qurban müəllim Çempionlar Liqasında hansı oyun üslubundan istifadə edəcəyini qarşıdakı oyunlarda götür-qoy edəcək. Sözsüz ki, "Qarabağ" çempion olduqdan sonra bütün oyunlarda gənc futbolçulara üstünlük verəcək, bəzi oyunçulara istirahət veriləcək. Çünki komandanı Çempionlar Liqasında ağır oyunlar gözləyir. "Neftçi" ilə oyuna gəldikdə isə "Qarabağ" meydana daha sərbəst çıxacaq. Çünki rəqibindən 13 xal irəlidədir. Bu mənada "Qarabağ"ın üstünlüyünü qeyd etmək olar. Ancaq "Qarabağ"ın mövsümün sonuna qədər bütün oyunları qələbə ilə başa vuracağı real görünmür.
- "Qarabağ"ı Çempionlar Liqasında ağır oyunlar gözlədiyini dediniz. Sizcə, Qurban Qurbanovun komandası hazırkı güclü heyəti ilə ÇL-da nə qədər irəli gedə bilər?
- Məncə, Pleyy-of-a qədər irəliləyə biləcəklər. Ancaq ÇL-da asan rəqiblər olmayacaq. Hamısı öz ölkələrinin iddialı klubları olacaq. Lakin "Qarabağ"ın ötən mövsüm topladığı reytinq imkan yaradacaq ki, ən azı ilk etapda Polşanın, Belçikanın, Hollandiyanın empionuna qarşı oynamasınlar. Buna görə də "Qarabağ" ilk pillələri keçmək gücünə malikdir. Heyəti də buna imkan verir. Pleyy-of mərhələsində isə Almaniya, Hollandiya, İsveç, və Ruminiya kimi ölkələrin klubları ilə düşə bilərlər. Əlbəttə ki, bu cür komandalara qarşı oynamaq "Qarabağ" üçün çətin olacaq. Ancaq nəzərə almaq lazımdır ki, "Qarabağ" ən iddialı klubumuzdur. Ümid edək ki, ÇL-ın qrup mərhələsinə də düşəcəklər.
- Yəni ən azı avroliqanın qrup mərhələsinə düşməklə "Neftçi"nin tarixi uğurunu təkrarlamaq olar?
- Əlbəttə, "Qarabağ"ın hazırkı heyəti "Neftçi"nin avroliqanın qrup mərhələsinə düşdüyü vaxtlarından güclüdür. Yəni Qurban müəllimin komandası bir qədər də təcrübəli və ustalıq səviyyələri üstün olan futbolçulardan ibarətdir. "Qarabağ" avroliqanın qrup mərhələsində iştirak etmək gücündədir.
- Sonda, iki gündən sonra kubokun yarımfinal mərhələsində keçiriləcək "Neftçi" - "Rəvan" və "Qəbələ" - "Xəzər Lənkəran" oyunu haqda fikrinizi bilmək istərdik.
- Kubok oyunları gərgin mübarizə şəraitində keçəcək. Hiss olunur ki, kubokd yarışan komandaların baş məşqçiləri çempionata dırnağarası baxmağa başlayıblar. Onlar üçün avroliqaya vəsiqə qazanmaq şansı ancaq kubok oyunlarında var. Kuboku qazanmaq şansının az olduğunu düşündüyümüz "Rəvan" belə çox əzmkar mübarizə aparacaq. "Qəbələ" isə sanki bir qayanın astanasındadır. Son addımı kubok oyununda məğlub olmaqla ata bilərlər. Belə olarsa, "Qəbələ" üçün bu mövsümü çox uğursuz hesab etmək olar. Çünki o cür rəhbərliklə, şəraitlə komanda ən azı avroliqada iştirak etməli idi.
Ramiq AĞAMƏMMƏDOV