Əmrah Çəlikəl: "Qarabağ"ı dünyaya tanıtmaq istəyirik"

Əmrah Çəlikəl: "Qarabağ"ı dünyaya tanıtmaq istəyirik"
MÜSAHİBƏ 17 Mart 2014 / 16:37 4535
-  A +

"Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl Qol.Az saytına müsahibə verib. Klub rəsmisi komandasının son dövrlər uğurlu çıxışında və qarşıdakı hədəflərindən danışıb.

- Son zamanlar  "Qarabağ"ın baxımlı oyunu və uğurlu nəticələri futbol ictimaiyyətinin əsas müzakirə mövzusudur. Klub rəsmisi kimi bu uğurların sirrini nədə görürsünüz?

- Burada texniki heyətimiz və futbolçularımızın işini qiyymətləndirmək istərdim. Təbii ki, biz də bu uğurlara çox sevinirik. Ancaq çempionluq haqda danışmaq bizim üçün çox tezdir. Çünki qarşıda bir-birindən çətin olan on tur var. Çox ehtiyatlı olmalıyıq. Son nəticələrə aldanmamalıyıq. Əsas odur ki, bundan sonra da uğurlu çıxışlarımızı davam etdirə bilək.

- "Qarabağ"ın pik nöqtədə olduğunu demək olar?

- Xeyr, "Qarabağ" hələ inkişafdadır. Bundan sonra daha güclü "Qarabağ" görəcəksiniz. Hələ uzun bir yolumuz var. Demək olar ki, yolun başlanğıcındayıq. Nə qədər bacarıqlı olsaq, bu marafon o qədər uzun sürəcək.

- Klub rəhbərliyi komandanın qarşısına "qızıl dubl" etmək hədəfi qoyub, yoxsa uzun illər həsrətində olduğu  çempionluq da qaneedicidir?

- Əlbəttə ki, hər iki titulu qazanmaq hədəfimizdir. Ancaq qeyd etdiyim kimi indidən bunlar haqda düşünmək bizi yandıra bilər.

- "Qarabağ"dan avrokuboklarda hansı nəticəni gözləmək olar?

- Hər il "Qarabağ"ı Avropada layiqincə təmsil etməyi qarşımıza məqsəd qoyuruq. Çalışırıq ki, komandamız dünyada tanınmış klublar sırasına düşsün. Bu il də bunun üçün çalışırıq.

- Neçə illərdir komandanıza Çempionlar Liqasında oynamaq müyəssər olmur...

- Bəli, biz də bunun fəqrqindəyik. Təbii ki, bu il Çempionlar Liqasında oynamaq istəyirik. Ancaq bunun üçün ilk növbədə ölkə çempionu olmaq lazımdır. Ondan sonra bu haqda danışsaq daha düzgün olar.

- AFFA İcraiyyə Komitəsinin qərarına əsasən gələn mövsümdən komandalarımızda legionerlərin sayı bir nəfər azaldılacaq. Bu, "Qarabağ"a necə təsir edə bilər? Nəzərə alaq ki, əvvəlki illərlə müqayisədə son dövrlər "Qarabağ"da legionerlərin sayı çoxluq təşkil edir və onlar komandanın uğurlarında böyük pay sahibir.

- Məncə, bu, Azərbaycan futbolu üçün atılan addımdır. Bu qərar bütün klublara eyni cür təsir edəcək.   Baş məşqçimiz Qurban Qurbanov bunun bir yolunu tapacaq. Yəqin ki, artıq indidən onun planları var.

- Mövsümün sonunda legionerlərdən kimlərin müqaviləsi başa çatır? 

- Tək legonerlər yox, bütün futbolçularımızla uzunmüddətli müqaviləmiz var. Onlardan heç biri "Qarabağ"ı tərk etmək istəmir.

- "Qarabağ"ın yeni bazası nə vaxt hazır olacaq? Oraya köçməyi nə vaxta planlaşdırmısınız?

- Bazamız demək olar ki, hazırdır. Bəzi xırda işlərin tamamlanması qalıb. İnşallah gələn mövsümün əvvəllərində stadionlarımız da hazır olacaq. "Qarabağ" ev oyunlarını həmin stadionlarda keçirəcək.

Ramiq AĞAMƏMMƏDOV     

Daha çox


Son xəbərlər